• cümə, 19 Aprel, 04:25
  • Baku Bakı 18°C

“JEK”-lər ləğv olunsunmu?

15.11.13 10:19 2500
“JEK”-lər ləğv olunsunmu?
Azərbaycanda el arasında “JEK” kimi tanınan mənzil-istismar sahələrinin (MİS) ləğvi məsələsi gündəmə gəlib. Parlamentin 12 noyabr iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qurumlara ayrılan vəsaitin azaldılması təklifi ilə çıxış edib. 2014-cü ilin büdcəsində bu sahəyə ayrılan vəsaitin çox olduğunu deyən komitə sədri bildirib ki, həmin vəsaiti azaldıb başqa sosial layihələrə yönəltmək olar. Milli Məclisin 13 noyabr tarixli iclasında isə millət vəkili Azay Quliyev konkret olaraq MİS-lərin ləğvini təklif edib: “Bu gün mənzil-kommunal təşkilatları öz işlərinin öhdəsindən gələ bilmir. Düşünürəm ki, onlar ləğv edilməli və həyata keçirdikləri işlər bələdiyyələrə həvalə olunmalıdır”.
Qeyd edək ki, MİS-lərin ləğvi məsələsi ilə bağlı bir qrup deputat Nazirlər Kabinetinə müraciət etməyə hazırlaşır. APA-nın MM-ə istinadən verdiyi məlumata görə, Milli Məclisin bir sıra deputatı bununla bağlı hökumətə müraciət edərək, müvafiq qanunvericiliyə əsasən MİS-lərin ləğv olunmasını istəyəcəklər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir: “Çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur. Bununla bağlı bir sıra deputatlarla yanaşı, mən də mövcud qanunun icrasına əsasən bunun ləğvini istəmişik”.
Qeyd edək ki, 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti nəzərdə tutulmur. Belə ki, Mənzil Məcəlləsinə məlum dəyişikliklərdən sonra mənzil istismar sahələri idarəetmə qurumu olaraq qalmamalı və onun yerində kondominiumlar (MMMC-lər) yaradılmalı idi. Lakin aradan 3 ildən də çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanda kondominium tipli müştərək birliklər hələ yaradılmayıb. Hələ də çoxmənzilli binaların idarəçilik sistemi köhnə qaydalara əsaslanır. Bu isə binaların idarəçiliyindəki mövcud problemləri həll etməyə imkan vermir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində isə bildirirlər ki, 2009-cu ildə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun yerlərdəki qurumlarının taleyi sual altında qalıb. Departamentin müşaviri Sabit Hüseynov deyir ki, yeni idarəetmə metodları hələ aydın deyil: “JEK”lərin qalıb-qalmayacağı, yaxud hansı funksiyaları həyata keçirəcəyi bəlli deyil. Mənzil idarəçiliyi sahəsində nəzərdə tutulan yeni idarəetmə formalarının yaradılması ilə İqtisadi İnkişaf Nazirliyi məşğul olmalıdır. Bizim departamentin strukturlarının ləğv olunması, yaxud da yeni formada işləyəcəyi bəlli deyil. Nə vaxt bizə desələr ki, “JEK”ləri yığışdırın, onda da yığışdıracağıq”.
Qeyd edək ki, prezidentinin 15 fevral 2011-ci il tarixli fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Nazirlikdə bildirilər ki, mənzil-kommunal sektorunda yeni idarəetmə formasına keçidlə əlaqədar bu sahədə aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində zəruri tədbirlər görülür. Qurumdan onu da bildirirlər ki, “JEK”lərin əvəzində fəaliyyət göstərəcək MMMC-lərin indiyədək yaradılmamasının əsas səbəblərindən biri əhalinin bu barədə yetərli məlumatlarının olmamasıdır. Elə bu səbəbdən nazirliyin müvafiq şöbəsinin əməkdaşları hələ ki, yerlərdə görüşlər keçirməklə yeni birliklərin necə formalaşdırılmasının mexanizmləri barədə maarifləndirmə işləri aparır.
Xatırladaq ki, mənzil-istismar sahələri (MİS) bizə sovet dövründən miras qalıb. Dövlət mənzil fondunun istismarı üzrə təsərrüfat hesablı təşkilat olan MİS-lər 1959-cu ildə yaradılıb və SSRİ-də mənzil təsərrüfatının ilkin həlqəsi hesab olunub. Bu qurumlar yaradılanda Mənzil İstismar Kontoraları (Jilihno-gkspluataüionnıe kontorı - JGK) adlanıb. “JEK” adı da məhz həmin dövrdən məişət dilimizə oturuşub. Sonrakı illərdə MİS-lərin adları dəyişsə də, bu günə kimi hamı bu qurumu “JEK” adlandırır. Ötən əsrin 70-ci illərində keçmiş SSRİ-nin bəzi regionlarında “JEK”lər Binaların İstismarı üzrə Müdiriyyət (Direküii po gkspluataüii zdaniy - DGZ) ilə əvəz olunub. 80-ci ilin əvvəllərində onlar rayon istismar idarələrinə (Rayonnıe gkspluataüionnıe upravleniə - RGU) çevriliblər. “JEK”lər yerli sovetlərin mənzil idarəsinə tabe olublar. Bu qurumlar müəyyən ərazilərdə yaşayış evlərinin və xidməti binaların saxlanması üçün zəruri işləri yerinə yetirən, zibil yığımı, yaşıllaşdırma, ərazinin təmizliyi və s. kimi xidmətlərə məsul olublar. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, əvvəllər bu qurumların fəaliyyəti 1982-ci ildə qüvvəyə minən və son 2 ilə qədər qüvvədə olan “Azərbaycan SSR Mənzil Məcəlləsi” ilə tənzimlənib: “Ancaq 2009-cu ildə qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar təsərrüfatlarını mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırdı. Yeni məcəlləyə görə, dövlət mənzil fondunu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunu bələdiyyələr idarə edir. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur.
Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın üç idarə edilməsi üsulundan birini seçməyə borcludur. Bunlar binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilməsindən ibarətdir. Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərinin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur”.
S.Əliyev deyir ki, bəzən müzakirələrdə MİS-lərin fəaliyyətinə hüquqi don geyindirmək üçün prezidentin Mənzil Məcəlləsinin icrası ilə bağlı 24 may 2010-cu il fərmanına istinad edilir: “Həmin fərmana əsasən, Mənzil Məcəlləsinin 143-cü maddəsində (Dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları və ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir. Halbuki 143-cü maddədə müvafiq icra hakimiyyəti orqanına binanın (yalnız dövlət mülkiyyətində olan – S.Ə.) idarə edilməsi üçün açıq müsabiqələrin keçirilməsi və seçilmiş idarəedici təşkilatla müqavilənin bağlanmasını təşkil etmək tapşırılır”.
Hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərir. Məsələn, paytaxt MİS-ləri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) tabedirlər. Bu departament Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 may 1999-cu il tarixli 444 saylı sərəncamı əsasında yaradılıb. MKTD-nin funksiyası mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi və s. əhatə edir. Bura habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti də daxildir”.
Ekspert MİS-lərin bütün səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklifi ilə bağlı danışarkən bildirdi ki, bu, mümkün deyil: “Bələdiyyələr mənzil idarəçiliyi ilə bağlı bir sıra məsələləri həyata keçirə bilərlər. Bələdiyyələrin təşkilatçılığı ilə kondominimumlar yaradılır və sonra bu qurumlar istəsələr mənzili özləri idarə edərlər, istəsələr idarəedici təşkilatlara verərlər. Həmin təşkilatın seçimi müsabiqə əsasında həyata keçirilməlidir. MİS-lər də hüquqi statuslarını dəyişərək bu müsabiqələrdə iştirak edə bilərlər. İndiki halda isə onların mənzil idarəçiliyində heç bir iştirakı nəzərdə tutulmur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər