AZE | RUS | ENG |

Janr dəyişikliyinə səbəb nədir?

Janr dəyişikliyinə səbəb nədir?
“Gərək ədəbi zaman elə bir dövrə gəlib çıxa ki, janrın özünü novator xüsusiyyətlər qazanmağa məcbur edə”

"Ədəbi janrlar arasında qarışıqlıq yaranıb. Hər kiçik həcmdə yazılan əsərə roman, povest, hər söz yığınına sərbəst şeir deyilir”.  Həm oxucular, həm də ədəbiyyatçılar tərəfindən tez-tez eşidilən bu gileylərə "Müzakirə”mizdə elə ədəbi aləmin öz nümayəndələrinin dili ilə aydınlıq gətirməyə çalışdıq. 
 
Ciddi araşdırmaya ehtiyac var
Filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli problemi ədəbi prosesin ağrılı yeri adlandıraraq, həm saytlarda, həm də ədəbi orqanlarda müəllifi tərəfindən janrı düzgün müəyyənləşdirilməyən ədəbi materiallara rast gəlindiyini bildirir. Belə ki, əvvəllər bu cür nümunələrə nadir hallarda rast gəlmək olurdusa, indi tez-tez qarşılaşmalı oluruq: "Ən çox da bu hala roman janrında rast gəlinir. Dramaturgiyanın bəzi janrlarında, yaxud, mənsur şeirlərdə, sərbəst şeir nümunələrində də qarışıqlığa rast gəlirik”. Filoloq janr qarışıqlığını bir neçə səbəblə izah edir: "Ola bilsin ki, müəllifin roman janrı haqqında təsəvvürləri bura qədərdir. Və ya, roman yazmaq istəyib, əslində isə ortaya iri həcmli hekayədən başqa bir şey çıxmayıb. Bu cür əsərlərə roman nəzəriyyəsinin tələbləri baxımından yanaşanda, janrın tələblərinə cavab vermədiyini aydın görmək mümkündür”. B.Əhmədlinin sözlərinə görə, gənclərin yaradıcılığında bu cür qarışıqlığa daha çox rast gəlinir: "Bəzən də heç bədii olmayan, kiminsə həyatından bəhs edən, hətta bədii təsvir və ifadə vasitələrinə uyğun gəlməyən, yalnız hadisəçiliyi göstərən əsərləri də "roman” adlandıranlar var. Son illərdə çıxan, bu ad altında təqdim olunan əsərlərin təhlili daha real vəziyyəti ortaya çıxara bilər. Lakin burada məqsəd həmin əsərləri təhlil etmək yox, tendensiyanı göstərmək olduğundan, konkret olaraq ad çəkmirik”. Filoloq bildirir ki, eyni vəziyyətə dramaturgiyada da rast gəlinir, hətta burada vəziyyət bir qədər də acınacaqlıdır: "Dramaturqlar yazdıqları dramaturji mətnə bərbəzəkli forma, janr adı qoya bilərlər, lakin nəzəri cəhətdən həmin əsərlər yazıldığı janrın tələblərinə cavab vermir. Görünür, bununla bağlı ciddi araşdırma aparmaq lazım gəlir. Bu, bəzən ona bənzəyir ki, hər hansı bir şair şeirini dərc etdirib altından imza qoyduqda "şair” sözünün yazmağı unutmurlar. Yaxud şairin təcnis adı ilə təqdim etdiyi şeirdə təcnisin xüsusiyyətlərini görmək olmur. Əslində isə şeirin özü hər şeyi deməlidir”. Son zamanlar artan mənsur şeir nümunələrində də eyni vəziyyətin olduğunu deyən filoloqun fikrincə, yazarların əsərləri bəzən onların istədiyi kimi alınmadıqda, janrı da düzgün müəyyənləşdirilmir: "Bu cür yanlışlıqları əvvəlcə ədəbi tənqid, daha sonra isə ədəbiyyatşünaslıq elmi-nəzəri cəhətdən əsaslandırmalı və onun janrını, formasını müəyyən etməlidir”.
 
Peşəkarlıq və sözə ciddi yanaşma
Gənc yazar Səxavət Sahil hesab edir ki, hər şey dəyişdiyi, inkişaf elədiyi kimi ədəbiyyat da inkişaf edir. Xüsusən, son vaxtlar elmdə və texnikada baş verən sürətli inqilab ədəbiyyata təsirsiz ötüşməyib: "Bu inkişaf insanların ədəbiyyata, kitaba ayırdığı vaxtın qısalmasına səbəb olur. Şəraitə uyğun olaraq nəticədə kiçik həcmlə əsərlər yaranır. İndi yazıçılar başa düşür ki, oxucular iri həcmli əsərlərin yerinə kiçik həcmli əsərlərə üstünlük verir. Məsələn, yüz il bundan öncə 500-300 səhifəlik roman yazılırdısa, indi bunun yerini 150-200 səhifəlik romanlar tutur. Hətta 80-100 səhifəlik romanlar da var. Belə olan halda, sual yaranır, bu cür həcmi olan əsərlərə roman demək olarmı? Bəzən 40-50 səhifəlik hekayəyə, 80-100 səhifəlik povestə də rast gəlmək olur. Onu da qeyd edim ki, povest qondarma janrdır, dünya ədəbiyyatşünaslığında bu adda janr yoxdur. Bu qondarma janr bizə rus ədəbiyyatşünaslığından qalmadır. Bizim yazarların bəziləri nəinki rus nasirlərinin əsərlərini, hətta onların janrlarını plagiat ediblər. Bu baxımdan, "povest” deyilən janr buna misal ola bilər”. Yazar hesab edir ki, romanın həcminə görə təyin edilməsi məsələsi yanlışdır. Belə ki, romanda əsas əsərin süjeti, hadisələrin inkişafı, ideyası və konfliktidir: "Əsərin roman adlanması həcmdən qəti asılı deyil. Bir tərəfdən də müəllifin adlandırması da əsas ola bilər”. S.Sahilin fikrincə,  poeziyada sərbəst şeir son dövrlər dəb halını almış kimi görünür: "Əslində sərbəst şeiri yazmaq heca şeirini yazmaqdan çətindir. Çünki burada fikri qafiyəsiz demək məharəti olmalıdır. Heca vəznindəki şeirdə qafiyənin, səslənişin köməyi ilə zəif və mənasız fikirləri gizlətmək olur. Sərbəst şeirdə isə bu, çətindir. Əslində, sərbəst şeir anlayışındakı "sərbəst” sözü hərifi mənada deyil. Sözü vərəqin üstündə dağıtmaq həvəskarların işidir. Sərbəst şeirin daxilində hiss olunmayan ritm, özünəməxsus ölçü olur. Həm də sərbəst şeirdəki sözlər, qısa, sözün kökü üstündə qurulur, daha az şəkilçi qəbul edir”. Yazar hesab edir ki, sərbəst şeirə hər kəsin müxtəlif izahı ola bilər. Amma əsas məsələ peşəkarlıq və sözə ciddi yanaşmaqdır.
 
Janrların əbədi qanunları
Tənqidçi Vaqif Yusiflinin fikrincə, hər bir janrın öz qəlibi, öz şablonu var. Bunları qarışdırmaq olmaz: ""Nizaminin "Xəmsə”sindəki əsərlərin hər biri  ayrılıqda poemadır. Buna bəzən mənzum roman da deyirlər. Bu fikirlə razılaşmaq olar. Amma Azərbaycan roman tarixinin Nizamidən başlaması düzgün deyil. Çünki «Sirlər xəzinəsi», «Leyli və Məcnun» şeir dili ilə yazılıb. Poema ilə nəsri qarışdırmaq olmaz”. Romanların müxtəlif növlərinin - mifoloji, fantastik, tarixi romanların janrın müstəqilliyini qətiyyən pozmadığı fikrində olan tənqidçi bildirir ki, qarışıqlıq bəzən müraciət olunan mövzu ilə bağlı olur. Sərbəst şeirə gəlincə, V.Yusiflinin sözlərinə görə, hər bir şeiri sərbəst şeir hesab etmək doğru deyil: " Azərbaycan ədəbiyyatında bu janrın bariz nümunələri Rəsul Rza tərəfindən yaranıb. Ondan əvvəl Mikayıl Rəfili yazıb. Onun hətta bu janrla bağlı məqaləsi də çıxıb. Mikayıl Rəfilinin özünün yazdığı sərbəst şeirlər müəyyən mənada eksperimentlər idi. Oxucular onu həm bəyənirdilər, həm də xoşlarına gəlmirdi. Mikayıl Rəfili ömrünün son illərində yenə də sərbəst şeirə müraciət etdi. Sonradan Azərbaycan ədəbiyyatında bu istiqamətdə ən çox Rəsul Rza fəaliyyət göstərdi. Vaqif Səmədoğlunun, Ələkbər Salahzadənin, Camal Yusifzadənin gözəl sərbəst şeirləri var. Sərbəst şeirdə qafiyənin olub-olmamağının elə bir əhəmiyyəti yoxdur. Amma olsa, daha yaxşıdır. Məsələn, Rəsul Rzanın şeirlərində qafiyə də, ritm də, intonasiya da var. Sərbəst şeir heca vəznində yazılan şeirlər qədər oxucuya estetik təsir bağışlamalıdır. İndiki şeirlərdə isə sözlər sanki mərtəbə-mərtəbə yığılır və adına da "sərbəst” şeir deyirlər. Şeir beyinlə ürəyin məhsuludur. İkisi bir yerdə olsa, daha yaxşı olar”. Sərbəst şeirin həvəskarı olduğunu deyən V.Yusiflinin fikrincə, "sərbəst şeir» adına yazılan şeirlər bu gün çoxdur: ”Mən 5-6 şeiri oxuyuram və onların sərbəst şeir olmadığını görürəm. Sadəcə, fikir söyləmək, ayrı-ayrı sözlərin yan-yana düzülməsi xətrinə yazılan şeirlərdir. Mən heç o şeirləri oxumağa vaxt itirmək istəmirəm. Onları heç tənqid etməyə də dəyməz. İş ondadır ki, bu cür şeirlərin yazılışı kütləvi hal alır”. Tənqidçi mənsur şeirlərə də münasibət bildirərək deyir ki, indiki mənsur şeirlərdə poetika görünmür: "Mənsur şeir o deyil ki, içindəki hissləri bərbəzəkli cümlələrlə verəsən. Mənsur şeir haqqında düşünəndə Gülhüseyn Hüseynoğlunun «Ana», «Mücrü» şeirləri yada düşür. Cəfər Bağırın maraqlı mənsur şeirləri var idi. İndi də mənsur şeir adına yazılan nümunələrə rast gəlirəm, ancaq onlar mənsur şeir deyil. Görürsən ki, bu yazılarda şeirin poetikası açılmır”. Ədəbi aləmin həvəskarlarının janr qarışıqlığına meyl etdiklərini deyən tənqidçinin fikrincə, janrların əbədi qanunları var. Onları bir-birinə qarışdırmaq olmaz: "Gərək ədəbi zaman elə bir dövrə gəlib çıxa ki, o janrın özünü novator xüsusiyyətlər qazanmağa məcbur edə. Məsələn, Azərbaycan tarixi romanlarından danışarkən bir var klassik Məmməd Səid Ordubadi dövrü, bir də var 60-cı illərdə İsmayıl Şıxlı, Fərman Kərimzadə, Elçin, Çingiz Hüseynovun dövrü. İkincidə artıq tarixi romanın janrı dəyişmir, sadəcə, məzmunca münasibət dəyişir. Dramaturgiyada isə janr dəyişikliyindən geniş danışmaq mümkün deyil. Çünki bu sahədə imzası tanınanlar çox azdır». 
 
Janr qarışıqlığında xaos
Ədəbiyyatda janr dəyişikliyini məsuliyyətsizlik və naşılıq hesab edən yazıçı-dramaturq Elçin Hüseynbəylinin fikrincə, ictimai rəyə əhəmiyyət verən yoxdur: "Kimsə fikirləşir ki, mənim "facebook” səhifəm və orada 300-500 dostum var. Nə yazsam onu bəyənəcəklər. Çoxları ona görə yazır. Hər hansı bir fikri, məsələn, «Mən darıxıram», «Bilmirəm nə edəcəyəm», «Gəl, gedək bir dağa çıxaq» və s. sözləri yazırlar kimlərsə də bəyənir. Nəticədə kimlərsə bilmədən öz həvəsləri ilə şeiriyyatı gözdən salırlar”.   Yazıçının fikrincə, sərbəst şeir ritmik olmalıdır. Onların intonasiyası mütləqdir və həmin şeirlər fikir yığnağından ibarət olmamalıdır: "Eləcə, nəsrdə də eyni vəziyyət baş verir. Kimsə məşhurlaşmaq, öz bioqrafiyasına «romançı» sözünü artırmaq üçün yazır. Hər hansı bir əsərə də janra uyğun olmasa belə "roman” adını qoyurlar. Avropada xırda həcmli romanlar var. Ancaq nəzərə almaq lazımdır ki, romanların müxtəlif tipi var. Məsələn, konseptual tipli romanlar adətən, qısa olur. Yəni müəllif qarşısına hər hansı bir ideyanı qoyur və onu punktual şəkildə işləyir. Eləcə də roman-xronika, ekskurs romanlar olur. Bütünlükdə isə roman janrı romançılığa və hekayəçiliyə aidiyyəti olan məsələlərdir. Ancaq kimsə bir əhvalat danışır, onun adını roman və ya hekayə qoyur – bu, biabırçılıqdır”. Yazıçı hesab edir ki, bu cür hallara jurnalistika sahəsində də rast  gəlmək olur: "Jurnalistlər var ki, informasiyanın, xəbərin,  nə demək olduğunu bilmirlər. Eləcə də hekayə yazan adamlar da əhvalatın nə olduğunu bilmirlər. Bu, bəzən bilməməzlikdən irəli gəlir. Çünki mətn yazanda janr müəyyən olunmamışdı. Janrları ədəbiyyatşünaslar və tənqidçilər müəyyən etdilər. Bununla belə, yenə də bu cür qarışıqlıq ictimai rəyi nəzərə almamaq, oxucu ilə məzələnmək, «mən nə istəyirəmsə onu o cür təqdim edirəm» iddiası deməkdir”. E.Hüseynbəyli hesab edir ki, ədəbiyyat tənqidçilərinin də bu istiqamətdə fikirləri eşidilmir: "Ədəbiyyat tənqidçiləri bəzən ya əmək haqları aşağı olduğundan, ya hansısa bir qurumda vəzifə tutduqlarından müəyyən qrupların maraqlarına xidmət etməyə başlayırlar. Bu da ədəbiyyatda janr qarışıqlığında xaos yaradır. Nəticədə yazdığına "roman” deyən bir müəllifi romançılar sırasına qatırlar. Bu, yolverilməzdir».
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000