İzmirə köçən İbrahim Tatlısəs İstanbuldan niyə küsüb?
Türkiyənin sevilən sənətçisi İbrahim Tatlısəs sükutu pozub. Uzun
müddətdir ki, mətbuat nümayəndələrinə heç bir açıqlama verməyən ifaçı,
Türkiyənin "Posta” qəzetinə2011-ci ildə aldığı silah yarasından sonrakı həyatı ilə bağlı danışıb.
İfaçı sənət dostlarından küskün olduğunu, həmkarlarının pis gündə yanında
olmadıqlarını deyib.
- İbrahim bəy, ani bir qərarla
İzmirə yerləşdiniz. Bunun səbəbi nə idi?
- Latif Doğanın belə bir mahnısı var "Küsdüm”. Mən də onun kimi İstanbuldan
küsdüm.
- Bu küskünlüyünüzün səbəbi
nədir?
- Əslində hər şeyə və hər kəsə
küsdüm. İndi kiminsə adını çəkmək mənə yaraşmaz. Bu günə qədər dəyər verdiyim insanlar,
sən demə, verdiyim dəyərə layiq deyillərmiş. Həyat mənə bunu öyrətdi. Bu
həyatda hər kəsin xətası, peşmançılığını çəkdiyi hansısa əməli və bir "kaş ki”si
var. Mənim də belə xətalarım oldu. Çox insanlardan gördüyüm vəfasızlığı, dar günlərində
yanında olduqlarımın, pis günümdə yanımda olmadıqlarını qəbul edə bilmirəm. Bir
mahnıda deyilir ki, yaxşı günün dostları dar gündə yoxdur. İndi o
vəziyyətdəyəm. Çox şükür Rəbbimə, heç kimə möhtac deyiləm. Bunları maddiyat
baxımından demirəm. Həyatımda heç zaman mənə əskiklik gətirən bir əməl
tutmadım. Bacardığım qədər çevrəmdəki insanların yaxşı və pis günlərində yanlarında
oldum. Onların yanında ata, qardaş, bir dost, sirdaş kimi dayandım, arxa oldum.
- Anladığımız qədəri ilə ortada
bir vəfasızlıq var.
- Məşhurluğumuzun zirvəsində olarkən, hər kəs yanımda idi. Amma o zaman
ətrafımda fırlananların, dövrə vuranların çoxu indi fırıldaqçı olublar. Heç biri ortalıqda
yoxdurlar. Bu mənə çox təsir edir. 7 ildir gündəmdə, zirvədə yoxam deyə, məni axtarmırlar?
İnsanları başa düşə bilmirəm.
- Siz özünüzü gündəmdən düşmüş
hesab edirsiniz?
- Xeyr, hələ düşməmişəm. Dimdik
ayaqdayam. Heç kim unutmasın, mən hələ də zirvədəyəm. Sadəcə, insanların ikiüzlü
olmasına, öz mənfəətlərini güdməsinə küskünəm. Etdiyim yaxşılıqların hamısı uçub
gedib. Bir məsəl var, deyir ki, yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə
də, xaliq bilər. Ancaq mənim yaxşılığımı nə balıq bildi, nə də xalq.
- Bu gileyiniz şou-biznes nümayəndələrinədir?
- Gileyim sənət camiəsinə də, iş adamlarına da, dost dediyim qardaşlarıma
da aiddir. Mən bu vəziyyətdə ikən qəlbimi xoş tutmaları lazım idi. Çünki mənim bir
tərəfim əskikdi. Türklərin bir sözü var – dörd-dördlük. İndi üç dördlüyəm. Yəni
ritmim əskikdi. Müsiqi də elədir. İstifadə etdiyim dərmanlar mənə çox təsir edir.
Hiss edirəm ki, artıq unutqan olmuşam. Bu halda ikən, dostlarım məni olduğum kimi qəbul etməli
idilər. Hərəkətlərim onlara normal gəlməli
idi.
- Bir səsiniz var ki, dünyada
onun bənzəri yoxdur. O dəhşətli qəzada səsinizi də itirdiniz?
- Xeyr, səsim sadəcə olaraq bir müddətliyinə gedib. O səs geri gələcək.
Səsimdə bir şey yoxdur. İndi bir neçə işim var. Onları həll etdikdən sonra yenə
də mahnılarımı ifa edəcəyəm. Mən yenə də eyni İbrahim Tatlısəsəm. Qoy sevənlərim
kədərlənməsin. Kimsə buna sevinməsin. Mən yenə o səhnəyə ya çıxacam, ya da çıxacam.
Başqa yolu yoxdur.
- O hadisədən sonra "Bundan
sonra İbrahim Tatlısəs mahnı oxuya bilməyəcək, iflic qalacaq, hətta yaşayıb-yaşamayacağı
bəlli deyil” kimi fikirlər səsləndirdilər. Burdan onlara nə demək istəyirsiniz?
- Bunu deyənlər şərəfsizlik etdi desək, daha doğru olar. Bir şeyi bilmirsinizsə,
niyə öz uydurmalarınıza görə fikirlər səsləndirirsiniz? Siz haradan bilirsiniz ki,
İbrahim Tatlısəs öləcək? Mən bunları sonradan eşitdim və çox əsəbiləşdim. Bir
nəfər qarşımı kəsdi və üzümə dedi ki, sənin içini çıxarıblar, ancaq hələ də danışırsan.
Məndən onun adını soruşmayın, ad çəkməyəcəyəm. 7 ildir ortada yoxam. Hanı o ulduz?
Mənə o sözü deyən insan indi hardadır? Milyon qazanan albom, diskmi çıxartdı, nə etdi?
"İbrahim Tatlısəsin yerini doldurarıq” deyən insanlar hardadırlar? Bu mənə çox maraqlıdır.
Niyə səsləri çıxmır?
- Hazırda sağlıq vəziyyətiniz necədir?
Ruhən və fiziki olaraq özünüzü necə hiss edirsiniz?
- Özümü çox yaxşı hiss edirəm. Yeyirəm, içirəm, öz işimi özüm görürəm.
Dostlarımla oturub-durur, nərd oynayıram. Daha nə olsun?
- Fiziki olaraq özünüzü necə
hiss edirsiniz?
- Yaxşıyam. Ancaq daha gözəl günlər yaxındadır. Bəzən məni görənlər soruşurlar
ki, sol tərəfinizi hiss edirsinizmi? Niyə hiss etməyim ki? Ən çox bu sual məni kədərləndirir.
Özümü çox yaxşı hiss edirəm. Mənə sınmış insana göstərilən münasibəti göstərməyin.
Bu, Allahın mənə verdiyi bir cəzadır. İnşallah, bir gün bu cəzanı geri alacaq. Bunun
bir gün çarəsi olacaq, gözləyin, səbr edin. Mən səbr edirəm. Mənim üçün darıxanlara
bir daha geri dönmək istəyirəm.
- Səhnələr üçünmü, yoxsa aparıcısı
olduğunuz "İbo Şou” üçünmü darıxırsınız?
- Hər ikisi üçün çox darıxıram. O günlərə yenə dönəcəm. "İbo Şou”ya çıxacağam.
Sənətçilər gəlib mənimlə söhbət edəcək. Onlar danışacaq, mənsə mahnı oxuyacam. Əslində,
"İbo Şou”nu davam etdirmək istəyirəm. İnsanlar deyir ki, siz bizim qarşımızda oturun,
bu, bizə kifayət edir. Hətta kölgəmin onlara kifayət etdiyini deyənlər də var.
- İbrahim bəy, hələ də
varlısınızmı?
- Allah əskik etməsin. Heç bir maddi sıxıntım yoxdur. Seyrantəpədə
bir evim var, satsam 35-40 milyon dollar edər. Otelimiz, evlərimiz var, daha nə
olsun? Ən önəmlisi də anam, qardaşım, uşaqlarım, nəvələrim var. Onların hamısı
da yanımdadır.
-
Kiçik qızınız Elifin yeri sanki sizin üçün bir başqadır?
- Övladlarımın içində ən balacası Elif olduğu üçün onunla daha çox
maraqlanıram. Mən balaca övladlara çox dəyər verirəm. İdo da mənim üçün
əzizdir. Elif mövzusunda isə özümü bir qədər şanslı hesab edirəm. Anası Ayşegül
xanım çox fədakardır. O da, mən də uşağımın atasızlıq hissinə qapılmamağı üçün
hər şeyi edirik. Elifin psixologiyasına nəzər yetirəndə görürəm ki, başqa
uşaqların atasına baxır və çox kədərlənir. İstəmirəm ki, o da elə böyüsün. Məhz
ona görə Ayşegül xanımla yenidən evlənmək istəyirəm.
- Müsahibələrinizin birində
Ayşegül xanıma aşiq olmadığınızı, ancaq onunla yenidən evlənmək istədiyinizi
eşidəndə çox təəccüblənmişdik.
- Bəli, yenidən evlənmək istəyirəm. Ona heç bir pislik etməmişəm. Evlilik təklifimi
yenidən qəbul edərsə, evlənərəm, etməzsə də, canı sağ olsun
-
Ən azından kaş ki, "aşiq deyiləm” deməzdiniz.
- Mən elə deməmişəm. Sualı verən müxbir ona aşiqimsiniz dedi, mən də elə
bildim ki, "hazırda kiməsə aşiqsinizmi?” deyə sual verir. Ayşegülə aşiqsinizmi
demədi ki. Sonra başladılar "aşiq
olmadığınız biri ilə niyə evlənirsiniz” kimi suallar verməyə. Mən Ayşegül
xanımın qəlbinə dəyə bilmərəm. Yoxsa mən dəliyəmmi, niyə deyim ki, ona aşiq
deyiləm. Onunla 19 il birlikdə yaşamışıq. Bu qədər müddətdə insan insanı
sevməzmi, aşiq olmazmı? Ya da sevmədiyi
insandan niyə övlad dünyaya gətirməyə razı olsun ki? Təbii ki, onu çox sevirəm.
- Onunla evlənməyi həqiqətən düşünürsünüz?
- Elif üçün nə lazımdırsa, onu edərəm. Keçmiş həyat yoldaşım Dərya
Tuna deyib ki, İbrahim bəy Elif üçün hər
şey edər. O da bilir ki, mən səhv addım atmaram və uşaqlarım üçün hər şeyi
edərəm. Elif nə üçün atasız böyüsün ki? Ayşegl xanım başqa biri ilə ailə qursa,
Elif ona necə ata deyəcək. Mənim qızım başqasına niyə ata deməlidir?
-
Belə bir şeyə razılıq verərsinizmi?
- Hər kəs seçimlərində azaddır. Amma zənn etmirəm ki, Ayşegül xanım
başqa birini gətirib uşağına ata dedirtsin. O, elə bir insan deyil.
- Dərya xanımdan sonra həyatınızda
ən uzun müddət qalan həyat yoldaşı Ayşegül xanımdır, elə deyilmi?
- Həyatımda ən uzunmüddətli qalan xanımlar Dərya və Ayşegüldür. Dərya
xanımla 25 il evli qaldıq, o, hələ də mənim həyatımdadır. Belə ki, mənə köynək,
ayaqqabı alır. Mənə yaxın biridir. Çünki bizim övladımız var.
-
Hazırda həyatınızda kimsə varmı?
- Həyatımda heç kim yoxdur.
- Haqqınızda "İbrahim Tatlıses
çox eşqbazdır” deyirlər.
- Mən gənclik illərimdə də eşqbaz idim, indi də. Hələ də bunu qəbul
edirəm, danmıram.
- Həqiqətən də sözünüz də əməliniz kimi eynidir.
- Məhz buna görə hər zaman
itirən tərəf mən olmuşam.
- Məncə, xeyli insanı işlə
təmin edib, çörək veribsiniz deyə, Allah sizə rəhm edib.
- Bu saatdan sonra İbrahim Tatlıses hansı qapını döysə, qarnı doyar,
qalmağa yer tapar, əlini kimə uzatsa, ona uzanan bir əl görər. Artıq bu gündən
etibarən özümü düşünmürəm.
Tərcümə etdi: Xəyalə Rəis