• çərşənbə axşamı, 16 aprel, 22:47
  • Baku Bakı 18°C

“İzləyicim üçün hər zaman aktual olacaq mövzulara üstünlük verirəm” - Fenomen

24.01.20 14:49 6862
“İzləyicim üçün hər zaman aktual olacaq mövzulara üstünlük verirəm” - Fenomen
Videobloger Səma Abiyeva: "Bloqum mənə elə bir məşhurluq gətirdi ki, yenidən televiziyaya dəvət aldım”
Son bir illərdə sosial şəbəkə istifadəçilərinin sayının artması yeni trendin yaranmasına səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçilərinin sevərək izlədiyi blogerlərin sayı günü-gündən artır. Blogerlik trendə çevrildikdən sonra bu sahənin standartlarında müəyyən nüanslar dəyişdi. Blogerlər isə öz auditoriyasına istədiyi məlumatı rahatlıqla araşdırıb, çatdırmaq imkanına malik oldular.

Müsahibimiz aparıcı, Youtuber Səma Abiyeva ölkənin ən qabaqcıl qadın videoblogerlərindəndir. Onun təkcə "Youtube” kanalında paylaşdığı videolar fəaliyyət başladığı gündən bəri ümumilikdə 23 milyondan çox izlənmə sayına malikdir. Bloger 100 minlik abunəçiyə görə "Youtube” tərəfindən mükafata layiq görülüb. Zaman–zaman isə araşdırmalar edir, qadınların gündəlik özlərinə qulluq, baxım, sağlamlıqları ilə bağlı lazım olan məqamları onlara aydın şəkildə izah edir. Daha çox xanımlara xitab etdiyi üçün izləyicilərinin 90 faizini də elə xanımlar təşkil edir.
- Hər işin başlanğıcı çətin olur. Videobloger olaraq çəkdiyiniz ilk videoda ümidsizliyə qapıldığınız anlar olubmu?
- Blogerlik fəaliyyətinə 2014-cü ildən başlamışam. Bu illər ərzində hər hansı bir ruh düşkünlüyü yaşamamışam. Hazırladığım videolarda arzuladığım geridönüşü görmüşəm. Əvvəlcədən auditoriyanın reaksiyana hazırlaşmışam. Öncədən hazırlayacağım materialın auditoriyanın marağını cəlb edə biləcəyini təxmin edə bilmişəm. Hazırladığım materialı yayımlayanda da gözlədiyim effekti almışam. Bəzi videolarım var ki, onların izlənmə sayının az olacağını təxmin etmişəm, ancaq buna baxmayaraq, yenə də həmin materialları hazırlamışam. Bunu izlənmə baxımından və kontentimdə bu mövzu da olsun deyə paylaşmışam. Əvvəlcədən də bilmişəm ki, bu mövzunun izləyici sayı 2000, digər mövzununku isə 300000 olacaq.

- Fenomen olmaq necə bir hissdir?
- Əslində bu ifadə son vaxtlar yeri gəldi-gəlmədi, çox istifadə olunur. Belə ki, aidiyyatı olmayan yerlərdə istifadə olunur deyə, bu terminlə özümü həmahəng görmürəm. İnsanların mənim internet fenomeni olduğumu düşünmələrini istəmirəm. Özümü fenomen hesab etmirəm.
- Günü-gündən blogerlərin sayı artır. Belə olduğu halda, rəqabətli mühitdə çalışmaq çətin deyil ki?
- Belə mühitdə işləməyin çətin olduğunu düşünmürəm. Bəzən hər səhifənin altında, hər döngədə, getdiyin məkanda yeni bir blogerlə rastlaşırsan. İnsanlar blogerin sırf nəyisə ödənişsiz və hədiyyə olaraq qazanmaq üçün etdiyini düşünürlər. Özlərini selfie çəkərək, 2 dodaq boyasının şəklini paylaşmaqla bloger hesab edirlər. Düşünürlər ki, sənətin qayəsi budur. Blogerliyə bu düşüncə ilə yanaşan insanlar var. Beləliklə də, bəziləri müxtəlif restoranlarda, məkanlarda özlərini bloger olaraq tanıdıb, insanlardan nəsə umurlar deyə, mən və mənim kimi işinə ciddi yanaşanlar haqqında da düşünürlər ki, biz də onlar kimi hədiyyə qarşılığında fəaliyyət göstəririk. Ancaq bir az söhbətdən sonra təbii ki, kimin kim olduğu, potensialının nəyə qadir olduğu anlaşılır. Bu mənada blogerlik bir az çətindir.
- Xanımlar sizə çox inanır və güvənir. Bu işdə insanların güvənini qazanmaq nə qədər önəmlidir?
- İnam hissi hər bir işdə önəmli faktordur. Üstəlik, insan öz auditoriyasına həqiqətən yaxın insanlar kimi, hər kəsə fərd olaraq yanaşdıqda, səni şəxsən tanımayanlar da özünə rəva bildiklərini izləyicisinə rəva bilən, yaxud da özünə rəva bilmədiyini istənilən insana rəva bilməyənə etibar edirlər. Bir müddətdən sonra izləyici bunu hiss edir və sənə güvənir. Biz Amerikada yaşayıb, Bakıda fəaliyyət göstərmirik. Bakıdayıq, izləyicilərlə gündəlik olaraq rastlaşırıq. Əgər paylaşdığımız məhsullarla həyat tərzimiz üst-üstə düşmürsə və bunu real izləyici görürsə, təbii ki, izləyicinin onu təqdim edən şəxsə heç bir inamı qalmayacaq. Öz prinsipləri olmayan hər hansı bloger varsa, paylaşımlarında əvvəl bu həyat tərzini göstərib, sonra o həyat tərzinə zidd bir məhsulu reklam edirsə, izləyici dərhal başa düşür ki, bu yalnız pul qarşılığında olan reklamdır. Bu işdə seçici olmaq şərtdir. Hazırda çox sayda şirkətlər məhsullarını reklam etmək üçün təkliflər edirlər. Bir də görürsən ki, bir məhsulu hər kəs reklam edir. O qədər həmin məhsulun reklamı ilə rastlaşırıq ki, izləyici istənilən paylaşımın reklam xarakterli olduğunu düşünür. Mən isə bu mənada çalışıram, hər verilən məhsulu həmin dəqiqə paylaşmayım. Reklam edəcəyim məhsulu ilk növbədə özüm istifadə edirəm və bəyənməyəndə, bəyənmədiyimi bu şərtlər daxilində sponsorla razılaşıb paylaşıram. Bəyənmədiyim məhsulu paylaşmadığıma görə izləyici mənə inanır.

- Seçilmək üçün sizin iş prinsipinə nə daxildir?
- Əgər nəyisə təqdim edirəmsə, onun haqqında daha çox məlumat toplamağa çalışıram. Sənətimin jurnalist olmasına baxmayaraq, hazırda kosmetologiya kurslarına gedirəm və gələcəkdə bu sahəni daha dərindən mənimsəmək, bu sahəyə yiyələnməmək üçün xaricdə təhsil almağa gedəcəm. Ancaq bu o demək deyil ki, bundan sonra kosmetoloq kimi fəaliyyət göstərəcəm. Bunu, sadəcə paylaşacağım məlumatlarda daha dəqiq olmaq, izləyicilərimin suallarına daha düzgün şəkildə cavab vermək üçün edirəm. Çalışıram ki, izləyicimə hər zaman aktual olacaq mövzunu paylaşım. Əgər paylaşdığım məlumat 5 aydan, 2 ildən sonra öz aktuallığını itirirsə, bu o deməkdir ki, mən yalnız bu gün oxunan kontent hazırlayıram. Çalışıram ki, xanımlara danışdığım prosesin texnikasını izah edim, tətbiq metodlarını çatdırım. Qulluq və yaşam tərzi ilə bağlı məsləhətləri öyrənir və onu özümə məxsus şəkildə paylaşıram. Çalışıram ki, bu paylaşımlar 5 il sonra da izləniləndə, faydalı olsun.
- Hazırlayacağınız mövzuları necə seçirsiniz?
- Hazırlayacağım mövzular daha çox getdiyim kosmetologiya kursunda meydana gəlir. Müəllimim Moskvada təhsil alıb, orda dərs vaxtı çox maraqlı nüanslara rast gəlirik. Məsələn, üz üçün evdə hazırlana bilən kremlər, maskalar. Hansılar ki, o kremlərin tərkibi mağazalarda satılan kremlərin tərkibi kimidir, ancaq istifadə müddəti çox qısadır. Bir həftədən sonra o məhsul istifadəyə yararlı olmur. Bu məlumatları kursda öyrəndikcə paylaşıram. İnternetdən, jurnallardan, kitablardan həddindən çox məqalələr oxuyuram, bundan başqa, çox sayda ukraynalı, rus, avropalı blogerləri izləyirəm, onlardan ilham alıram. Onlara baxanda, eyni mövzuda mən də Azərbaycandilli kontent yaradıram. Özümü daha çox izləyicinin yerinə qoyuram.

- Blogeri araşdırmaçı adlandırmaq olarmı?
- Açıq etiraf edək ki, adına bloger deyilənlərin heç də hamısı bloger deyil. Əksər xanımlar elə bilirlər ki, profilini hər kəsə açıq qoymaq, şəkil paylaşmaq, fotosessiya etmək, salonlara gedib vizaj etdirmək blogerlik deməkdir. Bloger həqiqətən araşdırmaçıdır. Yaşadığı həyat tərzi, başına gələn, sınadığı, yoxladığı, istənilən sahə ilə bağlı mövzular üzərində işləyən insan blogerdir. Azərbaycanda bloger deyəndə, yalnız gözəllik salonlarında saçını yığdırıb, makiyaj etdirib, mağazadan paltar götürüb, şəkil çəkdirən qızlar yada düşür. Bunu tam iddiamla deyirəm ki, onlar bloger deyillər. Blogerlik instagramda şəkil paylaşmaq deyil. Dünya standartlarında buna infolloser deyirlər. Onlar, sadəcə izləyici auditoriyası böyük, sosial şəbəkədə aktiv olan, tanınan şəxslərdir. Bloger isə bloqu, yəni gündəliyi olan, gündəlikçidir.
- Bəs Youtuber kimdir?
- "Youtube” üzərindən paylaşımları edib, paralel olaraq İnstagramda bunu tanıdan adamdır.
- "Youtube”da 125 mindən çox izləyiciniz var. Bu rəqəmi toplamaq üçün Səma Abıyeva nələrdən keçib.
- Əlbəttə ki, bu rəqəm öz-özünə yığılmayıb. Belə olsaydı, bir çox xanımlar ənənəvi bloqdan "Youtube”a gələndə, rahatlıqla o rəqəmi əldə edə bilərdilər. Bu gün İnstagram və "Youtube”da belə bir sistem var. Orda əgər bir adama abunə olursansa, digər blogerləri də izləyicilərə təqdim edir. İzləyici yenicə izləməyə başladığı blogerlə paralel olaraq, nümunə kimi digər blogerin də səhifələrinə baş çəkir, əgər bəyənsə, onu da izləməyə başlayır. Bu o deməkdir ki, Azərbaycandilli blogerlər bir-birlərinin hesabına tanına bilərdilər. Gözəllik mövzusunda video paylaşan blogerlər sürətlə arta bilmirlər. Baxmayaraq ki, tövsiyə olunanlar sırasındadırlar. Çünki hazırladıqları kontekt həmişəyaşar kontent deyil.
- Onları süni göstərən səbəblər nələrdir?
- Bəzən bahalı məhsul təqdim edirlər. İzləyici onların təqdimatında özünü kiminsə bahalı qarderobuna, kiminsə gözəllik masasına tamaşa edirmiş kimi hiss edir, özü üçün heç bir faydalı məlumat götürə bilmir. Amma mən auditoriyamın 120 min, onların içərisində müxtəlif büdcəli xanımlar olduğunu nəzərə aldığım üçün həm 2 manatlıq, həm də 500 manatlıq məhsulu paylaşıram. Müxtəlif büdcəyə sahib olan xanımlar da burdan faydalanırlar. Gördüyüm işə gəldikdə isə, hazırladığım videoların videoqrafı, montajoru, bəzən fotoqrafı da oluram. Hətta İnstagram səhifəmin dizaynı ilə özüm məşğulam. "Youtube” səhifəmdə izləyici sayı 125 minə ona görə gəlib çatıb ki, usanmadan, yorulmadan videolarımı çəkib, mövzunu araşdırıb yayımlamışam. Əvvəllər 1000-2000 izləyicim vardı. Amma mən o illərdə də 100.000 izləyici üçün hazırlayacağım videonu eyni həvəslə işləmişəm. Gecə saat 3-4-ə qədər çalışmışam. Çünki mən bu işi sevərək edirəm. Jurnalist olmağım, televiziyada çalışıb montaj proqramını öyrənməyim işimi asanlaşdıran tərəflərdir. Blog fəaliyyətimdən sonra televiziyaya yenidən dəvət aldım. Blogum mənə elə bir məşhurluq gətirdi ki, televiziyaya dəvət etdilər.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər