• cümə, 29 Mart, 04:32
  • Baku Bakı 7°C

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

12.06.19 15:00 547
İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür. Bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda "Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və "Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.
AZƏRTACxəbər verir ki, BƏT ilk dəfə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü 2002-ci ildə qeyd edib. Təşkilatın hədəfi-diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır. Hər il iyunun 12-də bütün dünyadan olan hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər, əmək müəssisələri, həmçinin bütün dünyadan olan milyonlarla insan uşaq əməyi ilə mübarizə istiqamətində öz səylərini birləşdirir.
Son məlumatlara görə, dünyada 5-17 yaşarası işləyən uşaqların sayı 218 milyon təşkil edir. Onların 152 milyonu müasir köləliyin qurbanıdır, 73 milyon nəfəri isə təhlükəli şəraitdə çalışır. Uşaqlardan bir çoxu məktəbə getməkdən, lazımlı qidalanma və qulluqdan məhrumdurlar. Uşaq əməyinə qarşı mübarizə problemləri ilə əlaqədar məlumatlılığın artırılması və ictimaiyyətin səfərbərliyi məqsədilə hər il iyunun 12-də hökumət və ictimai təşkilatlar tərəfindən müxtəlif kütləvi tədbirlər keçirilir, rəsm sərgiləri, sayt təqdimatları, idman yarışları, uşaq bayramları, tamaşalar, informasiya kampaniyaları təşkil olunur.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Uşaq hüquqları sahəsində BMT-nin "Uşaq Hüquqları haqqında” Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulan və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdıran Azərbaycan, eyni zamanda, BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb.
Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər