• cümə, 29 Mart, 17:32
  • Baku Bakı 14°C

İyirminci əsrin erməni vəhşiliyi - Xocalı soyqırımı

24.02.18 10:00 1303
İyirminci əsrin erməni vəhşiliyi - Xocalı soyqırımı
XX əsrdə bəşər tarixinə qanlı faciə kimi daxil olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı əksər ölkələrdə anım tədbirləri keçirilir. Faciə qurbanlarının xatirəsi anılır, onu törədən erməni millətçiləri və havadarları lənətlənir. Hər il olduğu kimi, bu il də dünya mediası faciə ilə bağlı məqalələr dərc edir. Təqdirəlayiq haldır ki, illər uzunu Xocalı soyqırımına biganə münasibət bəsləyən dünya mətbuatı artıq soyqırımına geniş yer ayırmaqdadır.
Qardaş ölkə Türkiyədə hər il olduğu kimi, bu ildə də soyqırımı ilə çoxsaylı məqalələr, reportajlar hazırlanıb oxuculara təqdim edilir. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti ildönümü ərəfəsində Xocalı soyqırımını əsrin faicəsi adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib. Bu xəbər bədnam Ermənistanda şok effekti yaradıb.
Qeyd edək ki, qardaş ölkənin mətbuatında faicənin səbəbləri və günahkarları barəsində çoxsaylı məqalələr, xəbərlər yerləşdirməkdədir. Məsələn, "Yeni şafak” qəzeti "Yirminci asrın vahşeti: Hocalı Soykırımı” başlıqlı məqalədə qeyd edir ki, ermənilərin 26 il bundan öncə törətdikləri qətliamın acısı faciənin ilk günü kimi yaddan çıxmır. Məqalədə alim Elçin Zamanovun faciə ilə bağlı fikirlərinə yer verilib. O bildirib ki, bu faciə çox böyük bir soyqırımıdır. "Bir çox xalqların tarixində faciələr, soyqırımlar olub, amma Xocalı soyqırımı görülməmiş vəhşiliklə həyata keçirilib. Azərbaycanlılara qarşı 1905, 1907, 1918-cu illərdə soyqırımılar etdilər və 120 minə yaxın insan şəhid oldu. Tarixin ən qanlı soyqırımlarından olan Xocalı soyqırımında 613 Azərbaycan türkü şəhid edildi. Üzərindən neçə illər keçməsinə baxmayaraq, ürəklərdəki acısını hələ də qoruyub saxlayır. "Qarabağın ən strateji yeri Xocalı idi, burada böyük bir hava limanı var idi. Xocalı burada coğrafi və strateji əhəmiyyətə malik idi və şəhər ələ keçirildikdən sonra Şuşa və Laçın ilə Azərbaycanın əlaqələri kəsildi”, - deyə məqalədə qeyd edilib.
"Yeni çağ” qəzetində dərc edilən "Hocalı Katliamı kurbanları anıldı” başlıqlı məqalədə isə Ankaradakı səfirlikdə keçirilən tədbirdən bəhs edilib. Azərbaycanın səfiri Xəzər İbrahim "biz heç bir zaman bu soyqırımları unutmayacağıq, hər zaman güclü olacağıq. Qardaş ölkəmiz Türkiyə də hər zaman bizim yanımızda oldu. Azərbaycan da Türkiyənin yanındadır” deyib.
"Miliyyet” qəzetində dərc edilən "Hocalı Katliamı'nın 26. Yılı” başlıqlı məqalədə isəAnkaranın Kızılcahamam qəsəbəsində bələdiyyə və Azərbaycan səfirliyi tərəfindən təşkil olunan anım mərasimindən bəhs olunub. Xocalı muzeyində keçirilən tədbirdə Türkiyə və Azərbaycan milli marşları oxunub. "Teleqraftürk”də dərc edilən "Hocalı Katliamı nedir? Hocalı katliamı tarihi” başlıqlı məqalədə soyqırımının baş vermə səbəblərindən ətraflı bəhs edilib. Materialda Eskişehir azərbaycanlılar dərnəyinin rəhbəri Cavid Aydının fikirləri yer alıb.
Yeri gəlmişkən, Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Rumıniyanın "AMOSNEWS” agentliyi rumın dilində "Xocalı soyqırımı” sərlövhəli məqalə yayıb. Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu qeyd edilir, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri diqqətə çatdırılır, bu soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanır. Eləcə də, İspaniyanın nüfuzlu "La Vanguardia” qəzeti Azərbaycanın İspaniyadakı səfirliyinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbir haqqında məqalə yayıb. İspaniya qəzeti BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qətnamələr qəbul edildiyini, bu qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasının tələb olunduğunu xatırladır. Məqalənin sonunda Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılmış "Xocalıya ədalət!” kampaniyasının bir hissəsi olduğu vurğulanır.
Pakistanın "National Herald Tribune” qəzetində dərc olunmuş yazıda Xocalı soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti açıqlanır, qurbanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi, faciənin beynəlxalq normalar baxımından soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır. Fransanınwww.atlantico.frportalında isə "Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub. Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi "Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.
Bundan əlavə, məşhur "The Yerusalem Post” qəzetində dərc edilən məqalədə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlıların yaşadıqları kənd və rayonlarda ermənilərin törətdikləri genosid aktları Azərbaycan tarixinin dərin və araşdırılmamış hissələrindən biridir. Bu hadisələr zamanı erməni işğalçıları bir çox tarixi abidələri dağıdıb, yerli azərbaycanlı əhalini məhv ediblər: "Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib. Ermənistanda müxtəlif dövrlərdə yüksək vəzifələr tutan Seyran Ohanyan, hazırkı prezident Serj Sarkisyan, həmçinin Robert Köçəryan və başqaları həmin soyqırımının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır”.
Azər
banner

Oxşar Xəbərlər