• cümə, 26 Aprel, 08:50
  • Baku Bakı 12°C

Çiy süddəki möcüzələr...

22.06.13 09:56 2750
Çiy süddəki möcüzələr...
Yaxın günlərdə 3 ayı tamam olacaq qızımı yüngül narahatlıqla əlaqədar xəstəxanaya apardım. Bir neçə həkimin yoxlamasından keçdikdən sonra səhhətində ciddi bir problem olmadığını öyrənib xeyli rahatlaşsam da, həkimlərlə söhbətdən sonra onu ana südü ilə yox, süni yeməklə qidalandırmaq məcburiyyətində qaldığım üçün xeyli mütəəssir oldum.
Heç demə, “insan çiy süd əmib” deyənlər tamamilə yanlış fikirdədirlər. Çiy süd dediyimiz ana südündə, sözün əsl mənasında möcüzələr varmış. Ana südü uşaqlar üçün niyə vacibdir? Övladına süd verən analar üçün bunun hansı üstünlükləri var? Bu barədə yazıb, bilərəkdən uşağını süddən kəsərək süni qidalara möhtac qoyan anaların heç olmasa bir neçəsini, necə deyərlər, haqq yoluna gətirməyi özümə borc bildim. Həkim-mütəxəssislərlə söhbətdən aydın olur ki, ana südü ilə bəslənən körpələr uşaq qidası ilə bəslənənlərlə müqayisədə körpə vaxtı infeksiyalara qarşı daha müqavimətli olurlar. Bundan əlavə, ana südü ilə qidalanan uşaqların sonrakı illərdə diabet, skleroz, ürək xəstəlikləri, uşaqlıq borusu xərçəngi kimi bəzi xəstəliklərə tutulma ehtimalı daha aşağıdır. Analara gəlincə, uşaq əmizdirən analarda gələcəkdə sümük əriməsi, döş, uşaqlıq, yumurtalıq xərçəngi kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analar hamiləlik zamanı aldıqları artıq çəkini daha asan atırlar. Ana südünün iqtisadi üstünlükləri də var. Belə ki, ana südü pulsuz olduğu halda, süni qidalar kifayət qədər baha, tutumu isə azdır. Məsələn, 7-8 manata alınan bir qutu süni qida övladımızın 1,5-2 gün qidalanmasına ancaq çatır. Bu, ayda minimum 15 qutu yemək deməkdir ki, bu da təxminən 100 manata başa gəlir. Bunlardan əlavə, ana südü uşağın daha az xəstələnməsi, nəticədə xəstəxana və dərman xərclərinin xeyli azalması deməkdir.
Körpələrin ilk 6 ayda yalnız ana südü qəbul etmələri daha məsləhətlidir. Ondan sonrakı növbəti 6 ayda isə ana südü qəbul etməyə davam etmələri məsləhət görülür. İlk 6 ay yalnız ana südü vermək, digər qidalarla infeksiya yoluxmasının qarşısını alır. Bu, həmçinin uşağın allergiya yaradacaq maddələrlə qarşılaşmasını gecikdirir. Ana südündəki anticisimlər körpəyə keçərək onları infeksiyalara qarşı qoruyur.
Araşdırmalar göstərir ki, tənəffüs sistemi xəstəlikləri uşaq qidası ilə bəslənən körpələrdə daha çox olur. Həmçinin süni qidalarla bəslənən körpələrdə 3-4 dəfə daha çox ishal olur. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana südüylə bəslənmənin körpə ölümlərini azaltdığı müəyyən olunub. Ani körpə ölümü sindromu (timus vəzinin böyüməsi) ana südü ilə bəslənən körpələrdə daha az müşahidə olunur. Ana südüylə bəslənmə körpələrdə allergiya inkişafını da azaldır. Təbii yolla qidalanan uşaqlarda diş çürükləri daha az qeydə alınır. Onlarda həmçinin uşaqlıq vaxtı piylənmə ehtimalı azdır. Uşaq qidası ilə bəslənən körpələrdə isə, bu, 20-30 faiz daha çox müşahidə edilir. Həkimlərin rəyinə görə, ana südü ilə bəslənən körpələrdə gələcəkdə psixoloji, davranış çətinliyi kimi problemlər daha az görünür. Ana südü alan körpələrin gələcəkdə daha yetkin və özlərinə inamlı olduqları bildirilir.
Bəşəriyyət hər zaman ana südünün təbliği ilə məşğul olub. Hazırda bu sahədə müxtəlif qidalar və reseptlər təklif olunur. Hələ 1980-ci ildə Dünya Səhiyyə Təşkilatı ana südü ilə bağlı dünyada fəlakətli vəziyyət yarandığını elan etmişdi. Çünki hər yüz anadan yalnız iyirmisi öz uşağına süd verirdi. Məlum olmuşdu ki, bu problem bəşəriyyət üçün hətta atom silahından da ciddidir. Belə gedərsə, nəslin genefondunda mutasiya baş verəcək. O vaxtdan təşkilat ana südü ilə qidalanmanı bərpa etmək üçün tədbirlər görür. Azərbaycanda da bu sahədə tədbirlər keçən əsrin 90-cı illərindən geniş vüsət alıb. Ölkənin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin sözlərinə görə, aparılan təbliğat nəticəsində ölkədə 1 yaşa qədər uşaqların 50 faizi ana südü ilə qidalanır. “Amma bu göstərici ən azı 98 faiz olmalıdır” deyən baş pediatr ana südü bankının yaradılması haqqında da danışıb: “Bu ideya həmişə mövcud olub. “Körpələrin və kiçik yaşlı uşaqların qidalanması” haqqında qanuna surroqat analıq, yəni süd anası haqqında da bənd salınıb. Ana südü çatışmadıqda onun körpəsinə digər ananın südü verilə bilər. Amma ana südü bankını bu gün reallaşdırmaq çətindir. Çünki ana südü çatışmır. Tibb müəssisələrində, doğum evlərində ana südünün artıqlığı hiss olunursa, süd sağılır, dondurma kameralarında saxlanır. Bu südü 3 aya qədər saxlamaq mümkündür. Ana südündəki qoruyucu elementlər bakteriyaların tez inkişaf etməsinə mane olur. Ancaq hələ ki Azərbaycanda ana südü mərkəzləşdirilmiş şəkildə saxlanmır”.
N.Quliyevin sözlərinə görə, ana südündən qidalanmaya əks göstəricilər qazanılmış immun çatışmazlığı sindromu (QİCS), xərçəng xəstəliyi, vərəmin açıq forması ola bilər: “Qalan hallarda ana südü ilə qidalanmaya qadağa qoyulmur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər