AZE | RUS | ENG |

İxtisaslaşmış maarifləndirici baza zərurəti

İxtisaslaşmış maarifləndirici baza zərurəti
Ekspertlərin fikrincə, valideynlərlə məsləhətləşmə, müzakirələrin aparıla biləcəyi bir platformaya ehtiyac var

Valideynlər üçün fəaliyyətə başlayacaq yeni maarifləndirici - informasiya portalı təhsillə bağlı axtarılan bütün suallara cavab verən məlumat bazası rolunu oynayacaq. Rusiyada həyata keçiriləcək layihə tərbiyəvi xarakter daşımaqla bərabər, məktəbliləri gələcək ixtisas seçimlərinə yönəltməyə, valideynləri axtardıqları suallara cavab tapmağa da kömək edəcək. Belə ki, ölkənin 78 regionundan pedaqoq və valideynləri ətrafına toplayan portal ailə tərbiyəsi və valideyn maarifçiliyini müzakirə etməyə imkan yaradacaq. "Məlum olub ki, məktəblə sıx əməkdaşlıq etmək üçün bugünkü məktəblilərin valideynlərinin çoxunun psixoloq-pedaqoq köməyinə ehtiyacı var. Bu addımı atmaqla, dövlət, valideynlərə övladlarının tərbiyəsində kömək etmək istəyir”- deyə  Təhsil və elm naziri Olqa Vasilyeva "Ailələrə kömək” federal layihəsi əsasında 20 milyon adamın istifadə edəcəyi funksional kömək mərkəzinin açılmasının nəzərdə tutulduğunu bildirib: "Bu informasiya portalında ölkədə baş verən bütün təhsil məsələləri yer alacaq, pedaqogika, uşaqların təlim-tərbiyəsi haqqında informasiyalara üstünlük veriləcək. İnformasiya əsrində yaşayırıq. Hər şey virtual məkana köçürsə, elektron media, sosial media ənənəvi medianı üstələyirsə, valideynlərin özlərinin axtardığı çoxsaylı suallara elə birbaşa cavab tapmaları üçün platforma kimi istifadə etdiyi məkana da ehtiyac var. Xüsusən, bu işə dövlət dəstəyi varsa, daha effektiv nəticəsi ola bilər”. 
Əlbəttə, demək olmaz ki, bizdə təhsilyönümlü informasiya resursları yoxdur. Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyət göstərən resursları, müstəqil portallar və s. var. KİV ayrı-ayrılıqda təhsil sahəsinə geniş yer ayırır. Bununla belə, sırf valideynlərə yönəlik maarifləndirici informasiya resursunun qıtlığı hiss olunur. Belə ki, hazırda valideynlərin təhsillə bağlı qalaq-qalaq suallarına cavabla yanaşı, onlara məsləhətlər verilməsinə də ehtiyac var. Düzdür, indi liseylərin, kolleclərin, ali məktəblərin, ümumiyyətlə, təhsilə bağlı qurumların saytları fəaliyyət göstərir. Ancaq bunlar cəmiyyətdə yaranan çoxsaylı sualların cavabının tapılması üçün adekvat platforma rolunu oynaya bilmir. Vətəndaş cəmiyyətinin də bu istiqamətdə mükəmməl işləri nəzərə çarpmır. Çünki insanlar özlərini maraqlandıran sualların cavabını almaq üçün təhsillə bağlı qurumların qapılarını döyməkdə, məktublar ünvanlamaqda, qaynar xətlərə telefon açmaqdadırlar. 
 
Maarifləndirici baza
Bu gün valideynlərin, müəllimlərin məktəb və peşə təhsili, o cümlədən təhsilin bütün pillələri ilə bağlı informasiyalara böyük ehtiyacı olduğunu deyən təhsil eksperti Etibar Əliyev qəbul olunmuş qərarlar, atılan addımlar və qəbul imtahanları ilə bağlı pərakəndə və çaşdırıcı informasiyaların yayıldığını bildirir. Belə ki, valideynlər, müəllimlər çox vaxt uşaqları yönləndirə bilmirlər: "Bu günlərdə Dövlət İmtahan Mərkəzi 28 min şagirdin sınaq imtahanı ilə bağlı "Youtube” üzərindən birbaşa yayıma qoşuldu. İmtahanda iştirak edən şagirdlərin təxminən 7 min nəfəri uyğun portalda öz nəticələri ilə maraqlanıb. 21 min şagirdin hansı nəticələri göstərməsi ilə bağlı isə valideynlər maraqlanmayıblar. Belə bir  fakt bu istiqamətdə cəmiyyətdə müəyyən dərəcədə ətalətin olduğunu göstərir. Görkəmli alman filosofu Kant "Pedaqogika haqqında” traktatında nümunəvi bir məktəbin adını çəkir. Hər bir cəmiyyətdə, təhsil sistemində nə baş verirsə, onu yazıb məktəbin divarlarına yapışdırırlarmış ki, valideynlərin və uşaqların məlumatı olsun. Söhbət 18-ci əsrdən gedir. O vaxtdan maarifləndirmə işləri böyük aktuallıq kəsb edir. Maarifçilik işlərinin aparılması bu sahədə suyu xeyli durulda bilər. Yəni insanlar birinci mənbədən informasiyanı götürə bilərlər, həmçinin bu sahədə şayiələrin sayı azala bilər. Məsələn, valideynləri, imtahanla bağlı maraqlandıran sualların cavabı DİM-in saytında yer alır, ancaq kütləyə hesablanan məlumat bazasının olması bu istiqamətdə müsbət addımdır. Hesab edirəm ki, belə bir portal geniş oxucu kütləsinə də lazım olar. Bizdə təhsillə bağlı müəyyən media orqanları fəaliyyət göstərir, ancaq bu istiqamətdə sırf ixtisaslaşmış maarifləndirici bazanın olması vacibdir”. 
Tələb və təklifdən asılılıq
 
"6 yaşına qədər uşağın məktəbəqədər təhsil və tərbiyəsi düzgün keçərsə, məktəb dövründə bu uşağın heç bir təhsil problemi olmaz. Valideynlər isə çox vaxt bu dövrə o qədər əhəmiyyətli yanaşmırlar. Məktəb başlayandan sonra uşaq üçün müəllim axtarmağa, onun üzərində işləməyə başlayırlar: «98 faiz insanın formalaşması 6 yaşına kimidir. Bu baxımdan tərbiyə çox vacib bir prosesdir. Tərbiyəni sırf valideynlərin ümidinə buraxmaq da olmaz. Çünki onların arasında savadlı olanları da var, olmayanları da. Bu baxımdan dünyanın hər yerində dövlət uşaqlara yönəlmiş addımlar atır” deyən psixoloq Ruhəngiz Qarayevanın sözlərinə görə, məktəblilərin tərbiyəsi təhsillə bərabər gedən prosesdir: «Mən İctimai Televiziyada müəllifi olduğum və sırf valideynlərə və uşaqların tərbiyəsinə yönələn «Addım-addım» layihəsini reallaşdırana kimi çox əziyyət çəkdim. Bir neçə il süjetli verilişlər hazırladım. Hamı mənə deyirdi ki, o verilişin reytinqi olmayacaq. Ancaq həmin verilişdən sonra valideynlər zəng edərək uşaqlarında problemin nədən yarandığını öyrəndiklərini deyir, məsləhət istəyirdilər. Demək, valideynə bu məlumatı vermək lazımdır. Uşağı necə tərbiyə etməyi bütün valideynlər bilmir. Ancaq bizə elə gəlir ki, bunu hamı bilir. Tərbiyə elmdir. Bizim empirik tərbiyəmiz var. Valideynlərimiz bizi necə tərbiyə edibsə, biz də övladlarımızı elə tərbiyə etməyə çalışırıq. Ancaq bizim böyüyərkən qarşılaşdığımız problemlər hamısı uşaqlıqla aldığımız travmaların nəticəsidir. Valideynlər bu barədə məlumatsız olduğundan, uşaqlarda da həmin problemlər yaranır. Bu baxımdan bizdə də valideynlərin məsləhətləşməsinə, onlarla müzakirələrin aparılacağı bir platformaya ehtiyac var”. Psixoloqun fikrincə, bizdə sırf maarifləndirici platformanın yaranması tələf və təklifdən asılıdır: "Bizə elə gəlir ki, bizdə buna tələb yoxdur. Ancaq bizdə uşaqlarla bağlı kitablar yazan müəlliflər çox azdır. Rus psixoloqları uşaq tərbiyəsi ilə bağlı çoxlu kitablar yazıblar. Orada valideynlər bu kitabları oxumağa artıq alışıblar. Bizdə belə kitablar az olduğundan buna tələbat duymamışıq. İnsan nəyisə biləndə, nəyisə bilmədiyinin fərqində olur”. Psixoloq belə bir platformanın bizdə də yaranmasına ehtiyac olduğunu çoxdan səsləndirdiyini deyir: "Mən illərdir ki, belə bir təklifi səsləndirmişəm. Belə bir platforma olmalıdır ki, valideynlər təhsil sahəsində gündəlik baş verən yeniliklərdən xəbər bilsinlər, axtardıqları suallara cavab tapsınlar. Məsələn, uşaqlar üçün pulsuz muzey günləri, sərgilər və s. keçirilirsə, bununla bağlı valideynin məlumat əldə edə biləcəyi baza olmalıdır. Biz tədricən bu tələbatı valideynlərdə yaratmalıyıq. Əgər gözləsək ki, valideynlərdə bu tələbat yaranacaq, sonra belə portallar fəaliyyətə başlayacaq, o, çox gec olacaq”.  
Fərqli sistemə ehtiyac
Məktəbəqədər təhsil üzrə ekspert Xalidə Həmidova hesab edir ki, ölkəmizdə maarifləndirici istiqamətdə fəaliyyət göstərən informasiya resursları mövcuddur. O cümlədən, alimlərin bu mövzuda yazdığı kitablar, araşdırmalar var: "Sadəcə, onların insanlara çıxış məsələsi bir qədər çətindir. Həmçinin valideynlər özləri də maariflənməyə meyilli deyillər. Onlar hər şeyi öz istədikləri kimi etmək istəyirlər. Məsələn, biz deyirik ki, məktəbəqədər hazırlığa gedən uşaqlara yazı yazmaq olmaz. Bu, uşaqların sağlamlığına mənfi təsir göstərir. Valideyn isə "mənim uşağım yazı yazmalıdır” deyə təkid edir. Bununla bağlı dərsliklərdə də məlumat verilir, ancaq valideyn onları oxumur. Bilmirik ki, bu məlumatları valideynə hansı formatda çatdıraq ki, düzgün istiqamətdə maariflənsinlər. Hətta, dünyanın elə ölkələri var ki, orada fəaliyyət göstərən maarifləndirici portallara valideynlər üzvlük haqqı ödəyirlər ki, maariflənsinlər». Ekspertin fikrincə, valideynlərlə iş üçün fərqli bir sistem yaradılmalıdır: «Əslində nəzəri baxımdan alimlər bu istiqamətdə çox işləyiblər, ancaq praktik baxımından bunların həyata keçirilməsi bir qədər ləngiyib. Hesab edirəm ki, elmi araşdırmalardan, müxtəlif vəsaitlərdən istifadə etməklə, bizdə də belə bir sistem qurmaq olar. Telekanallarda az da olsa təhsillə bağlı verilişlər var, ancaq valideynlər daha çox seriallara baxmağa üstünlük verirlər. Təhsillə bağlı verilişlər isə az reytinqlə baxılır. Açığını deyim ki, valideynlərlə iş ən çətin sahədir. Tələbə ilə, şagirdlə daha düzgün sistem qurmaq olur, ancaq valideynlə anlaşmaq çətindir. Bizdə daim təhsilin aşağı səviyyədə olmasından şikayətlənirlər. Məncə, bu fikir düz deyil. Əgər valideynlər də bizimlə həmrəy olsalar, daha yaxşı nəticə əldə edərik”. X.Həmidova hesab edir ki, məktəblərin daxilində fəaliyyət göstərən valideyn komitələri təhsilə dəstək istiqamətində düzgün işləsələr, valideynlər də maariflənərlər: "Təkcə valideynləri maarifləndirmək işin bir tərəfidir, onlar özləri də məlumat əldə etməyə və ona əməl etməyə alışmalıdırlar. Biz həmişə nəyisə tətbiq edəndə mütləq uyğunlaşdırma aparırıq. Bu da tam olaraq effekt vermir».     
 
Müraciət olarsa...
Xüsusi təhsil kanalının yaranmasına ehtiyac olsa da, bu barədə cəmiyyətdə söz-söhbət davam etsə də, təəssüf ki, bu fikirlər elə istək olaraq qalmaqdadır. Televiziya kimi ayrıca bir tribuna isə təbii ki, təhsil mövzusu ilə bağlı yaranan sualların cavabını daha əlçatan edə bilər. Ancaq insanların bu istəklərinin sədası gedib Milli Televiziya və Radio Şurasına (MTRŞ) çıxsa da, hələ quruma müraciət şəklində gedib çatmayıb. MTRŞ-nin sədr müavini  Qafar Cəbiyev televiziyanın ən mühüm funksiyalarından birinin maarifçilik işi olduğunu deyir: "Televiziya cəmiyyəti maarifləndirmək, elm və biliklərlə bağlı ilkin informasiyaları geniş ictimaiyyətə çatdırmaqda mühüm rol oynayır”. Təhsillə bağlı xüsusi kanalın açılmasına gəlincə, sədr müavininin sözlərinə görə, məsələ ilə bağlı hələ ki, quruma müraciət daxil olmayıb: «Təbii ki, gələcəkdə bu cür müraciətlər olarsa, onu dəyərləndirmək mümkündür”.   
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916