AZE | RUS | ENG |


İxracı təşviq edən qərar

İxracı təşviq edən qərar
Ekspert deyir ki, lisenziya tələbinin ləğvi sahibkarlığın inkişafına da təsir göstərəcək

Azərbaycandan Aİ-yə ixrac ediləntütün məmulatlarının, alkoqollu içkilərin idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək. Bu, Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb. Belə ki, aprelin 12-də dərc edilən qərar 30 gün sonra, mayın 12-də qüvvəyə minib. 

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən Azərbaycanın gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. İndiyə qədər gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı, yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə, keyfiyyət sertifikatı təqdim edilməsi tələb olunub. Dəyişikliyə əsasən bu sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb. Bitki və bitkiçilik məhsulları ixrac edildikdə fitosanitar sertifikatı da tələb olunmayacaq. İndiyə qədər etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya) tələb olunub. Dəyişikliyə əsasən yalnız bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı lisenziya tələb olunacaq. 

Bəs görəsən yeni qərarın hansı müsbət və mənfi tərəfləri var? Atılan bu addım ixrac sektorunda  hansı dəyişikliyə səbəb olacaq? 

Milli Məclisin İqtisadi Siayəst, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili sözügedən qərarla bağlı öz fikirlərini bölüşdü: "Bu qərar ixrac prosedurlarının tam sadələşdirilməsini təmin etmək məqsədi daşıyır. Qeyri neft sektorunun inkişaf etdirilməsi təbii olaraq ixracı artırmaqdadır. Birinci rübün nəticələri də bunu bir daha göstərdi. İstehsalın artdığı bir zamanda, ixrac yolundakı bütün çətinliklər və maneələrin aradan qaldırılması ilə bağlı ölkə başçısının göstərişi var. Bu qərar ixracın daha sürətli həyata keçməsinə və həcminin artmasına kömək edəcək”. 

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu, bir qədər mübahisəli məsələdir: "Çünki Azərbaycan Dövlət Gömrük Komitəsi məhsulun alıcısı deyil. O, sadəcə  məhsulun buraxılışına nəzarət edir. Yəni bəsit dillə desək, burada söhbət sadəcə, prosedurların nisbətən sadələşdirilməsindən gedir. Məhsulun  idxal olunduğu Avropa İttifaqı ölkələrinin özləri bir sıra keyfiyyət sertifikatı tələb edir. Atılan bu addımla  Dövlət Gömrük Komitəsinin funksiyalarına aid olmayan bir sahə üzrə hər hansı əlavə bir prosesin həyata keçirilməsi  ehtiyacını aradan qaldırır. Bu, əslində yerli istehsalçılar  üçün ciddi bir yenilik vəd etmir. Xüsusilə söhbət Aİ ölkələrindən gedirsə, orada hətta pərakəndə satış ticarət şəbəkələrinin belə özlərinə məxsus laboratoriyaları  və özlərinin tətbiq etdiyi standartlar var. Bu ölkələrin bazarına çıxmaq üçün istehsalçı məhz bu standartlar üzrə məhsul istehsal etməlidir. Həmin ticarət müəssisələrinin öz fərqli nəzarət mexanizmlərindən biri də odur ki, istehsalçı birbaşa olaraq, işlədiyi pərakəndə ticarət şəbəkələrinin öz standartlarına uyğun məhsul istehsal etməli, onun xüsusi tələblərini yerinə yetirməklə, bazarda məhsul satışını həyata keçirə bilər”. 

İqtisadçı bəzi müsbət məqamları da qeyd etdi: "Göründüyü kimi, bu, kifayət qədər mürəkkəb bir mexanizmdir və eyni zamanda burada qoyulan tələblər də  çox sərtdir. Avropa İttifaqı ölkələrində, xüsusilə ərzaq sektorunda standartlaşdırmaya olan tələb kifayət qədər yüksəkdir. Azərbaycanda isə təbii rəqabət üstünlüyü olan spesifik məhsullardan başqa, bu bazarlarda fəaliyyət göstərə bilən və rəqabət aparmaq imkanı olan məhsulların sayı çox azdır. Hazırda bu istiqamətdə bir sıra addımlar atılır. Qeyd edilən standartlara uyğun keyfiyyət sertifikatının alınması prosesinin özü də sahibkar üçün müəyyən çətinlik demək idi. Hesab edirəm ki, yeni  qərar məhz bu baxımdan faydalı olacaq. Ola bilsin ki, sahibkar həqiqətən də keyfiyyətli məhsul istehsal edib. Amma səriştəsizlik, təcrübəsizlik, əlaqələrin zəif və xərclərin  çox olması kimi bir sıra səbəblərə görə, qeyd olunan sənədlərin əldə olunmasında istehsalçı çətinlik çəkir. Düzdür, bu kimi məsələlərin həlli ilə bağlı komissiya yaradılıb və bu işlərdə sahibkarlara müəyyən dəstək göstərilir. Lakin istənilən halda, bəzi problemlərin olduğu inkar edilmir. Bu baxımdan da yeni qərarla istehsalçılar gömrük prosedurları mərhələsində müəyyən bir üstünlük əldə etmiş oldular. Müsbət məqamlardan biri də odur ki, aidiyyəti qurumların verdiyi sənədlər və sertifikatlar Avropa İttifaqında qəbul edilmədiyinə görə, istehsalçı əlavə xərc çəkib yerli keyfiyyət sertifikatı almaya və ya lisenziyanın vaxtını uzatmaya da bilər”. 

İqtisadçı-ekspert Qadir İbrahimli də qərarın faydalı olacağını düşünür: "Düzdür, Azərbaycandan Avropa İttifaqı ölkələrinə çox az miqdarda məhsul ixrac edilir. Buraya bəzi meyvə şirələri və digər məhsullar aiddir. Ümumilikdə götürəndə isə qərarın müsbət tərəfləri çoxdur.  Belə ki, dəyişikliyin yaxın və orta perspektivdə Avropa İttifaqına məhsul  ixracı sektoruna müsbət təsir göstərəcəyini düşünürəm. Bununla yanaşı, lisenziya tələbinin ləğvi  özlüyündə sahibkarlığın inkişafına da müəyyən təsir göstərəcək. Düzdür, qida sənayesi sektorunda rəqabət mühiti elə də güclü deyil və bazar iştirakçılarının sayı da məhduddur. Amma rəqabət mühiti dərinləşərsə, qərarın müsbət tərəflərindən daha çox faydalanmaq olar. Qeyd edim ki, lisenziyanın ləğvi  bu sahədə bəzi problemlərin həllinə kömək edə bilsə də, hələlik fundamental problemlərin həllindən hələ ki, söhbət getmir”. 
 
Şəbnəm Mehdizadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6586
GBP 1 İngilis funt sterlinqi 2.2843
TRY 1 Türk lirəsi 0.4459
KWD 1 Küveyt dinarı 5.6297
SEK 1 İsveç kronu 0.2022
EUR 1 Avro 2.0116
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7001