• cümə, 29 Mart, 17:50
  • Baku Bakı 14°C

İxracı necə artırmalı?

09.02.18 18:47 671
İxracı necə artırmalı?
İqtisadiyyat nazirinin müavini Sahil Babayev mətbuata açıqlamasında bildirib ki, ölkə üzrə ümumi ixracın, о cümlədən, meyvə-tərəvəz ixracının artırılması məqsədilə strateji yol xəritələrinə əsasən ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: "Artıq bu tədbirlərdən bəzilərinin icrası yekunlaşdırılıb, bəzilərinin icrası isə davam edir. Hesab edirik ki, sözügedən istiqamətdə hədəflənən tədbirlərin icrası gələcəkdə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarının həcminin artması ilə yanaşı, onların həm məhsul çeşidinin, həm də ixrac coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verəcək”.

Son illər ərzində görülən tədbirlər nəticəsində, ölkəmizin ixrac qabiliyyətində artımlar qeydə alınır . Başqa sözlə desək, qeyri-neft sektorunda görülən işlər atıq öz bəhrəsini verməkdədir. Bəs görəsən ölkənin ixrac qabiliyyətini daha da artırmaq üçün başqa hansı tədbirlər görülməlidir?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, illət vəkili Vahid Əhmədovdeyir ki, bunun üçün ilk növbədə emal müəssisələrinin sayı artırılmalıdır: "Kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi ilə bağlı 2016-cı ildən başlayaraq müxtəlif tədbirlər həyata keçirilir. Strateji yol xəritələrinin imzalanması ilə bu proses daha da sürətləndirildi. 2017-ci ilin yekunlarına baxsaq görərik ki, ölkənin məhsul ixracında kəskin artım var. Son dövrlərdə ilk dəfə olaraq müsbət ticarət balansına nail ola bildik. Bu da məhz kənd təsərrüfatı məhsullarının ixracı sayəsində baş verdi. Hal-hazırda bu sahəyə dövlət tərəfindən göstərilən diqqət öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, meyvəçilik, tərəvəzçilik daxil olmaqla bütün sahələrinə xüsusi diqqət ayrılıb. Regionların iqtisadi inkişaf proqramı şərait yaradır ki, istehsal imkanlarımız daha da artsın. Hesab edirəm ki, indiki mərhələdə daha çox emala üstünlük verilməlidir. Xarici bazarlara xammal deyil, emal edilmiş məhsul satılmalıdır. Bu baxımdan, emal müəssisələrinin sayı artırılmalıdır ki, ixrac imkanları daha da genişlənsin. Dövlət başçısı "Made in Azerbaijan” brendinin inkişafına xüsusi diqqət yetirir. Bununla bağlı bir neçə sərəncam imzalayıb. İqtisadiyyat Nazirliyi də bu sahəyə xüsusi diqqət yetirir. Çin, Rusiya da daxil olmaqla bir sıra ölkələrdə ticarət nümayəndəliklərimiz fəaliyyət göstərir. Bu baxımdan düşünürəm ki, getdikcə görülən işlər sayəsində ixrac qabiliyyəti daha da artacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, ixracın artması üçün istehsal mühiti daha da yaxşılaşdırılmalıdır: "İxracın təşviqi və "Made in Azerbaijan” brendinin inkişaf etdirilməsi istiqamətində müxtəlif addımlar atılır və fəaliyyət proqramları həyata keçirilir. Görülən işlər aqrar sektorda istehsal edilən məhsulların ixracının həcminə öz təsirini göstərir. Aydındır ki, ixracın artması üçün istehsal olmalıdır. Bu baxımdan, istehsal mühitinin inkişaf etdirilməsi zəncirin ilkin halqası hesab olunur. Hazırda əsas diqqət Azərbaycanda müasir standartlara uyğun olan və beynəlxalq bazarlarda rəqabətə davamlı keyfiyyətli məhsul istehsalının təmin edilməsi istiqamətinə yönəldilib. Bu gün aqrar sektorda bir çox məhsul növü üzrə Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəkdir. Amma hələlik bu potensialdan tam olaraq istifadə edə bilmirik. Hansı ki, bizim yerli məhsulların xarici bazarlarda rəqabət üstünlüyü var. Belə məhsulların istehsal imkanlarının genişləndirilməsi ölkənin ixrac göstəricilərinə qısa müddətdə müsbət təsir göstərəcək. İxrac qabiliyyətinin artırılması üçün təşviq mexanizminin inkişafı, regionlarda kənd təsərrüfatının intensiv inkişafı əsas amillərdən hesab olunur”.

Ekspert bildirdi ki, yeni texnologiyaların tətbiqi yolu ilə məhsuldarlıq səviyyəsini daha da artırmaq mümkündür: "Müasir aqrotexniki tələblərin icra olunması ilə daha çox məhsul əldə etmək mümkündür. Bu istiqamətdə təşəbbüsləri dəstəkləmək və təşəbbüskarlığı təşviq etməklə mənfəət normasını yüksəltməyə nail olmaq olar. Belə olan təqdirdə mövcud imkanlar çərçivəsində daha çox məhsul ixrac etmək mümkündür. Bundan başqa, məhsulların çeşidləri artırılmalı, xarici bazarlara çıxış imkanları əldə edilməlidir. Həmçinin, ixracın təşkili prosesi üzərində işlənilməsinə ehtiyac var. Digər bir məsələ isə ixrac potensialının düzgün qiymətləndirilməsi və bazarların tapılması məsələsidir. Burada isə görüləcək iş ilk növbədə yerli istehsala uyğun bazarların müəyyənləşdirilməsi və onlara çıxışı təmin etməkdir. Bəzən sahibkarlar qlobal bazarların oyun qaydaları ilə daha az məlumatlı olurlar. Bu kimi problemlər öz həllini taparsa, 10 il sonra Azərbaycan ümumiyyətlə, dünya ixracatçıları arasında ciddi mövqeyə sahib ola bilər. Bu gün dünyanın bir çox ölkələrinə Azərbaycan məhsulları ixrac edilir. Qeyd etdiyim kimi, Azərbaycan məhsulları Avropanın bir çox bazarlarında real mövqe qazanıb. Əgər Avropa bazarlarında bizim məhsula ehtiyac varsa və satılırsa, deməli, həmin məhsul dünyanın istənilən bazarına asanlıqla çıxa bilər.”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər