İxrac potensialımızı genişləndirə biləcək meyvə
Qeyri-neft
sektorunun inkişafı qarşıya qoyulan hədəflər sırasındadır. Bu mənada aqrar sahə
özünəməxsus yer tutur. Təsadüfi deyil ki, ixrac həcminə görə qeyri-neft
məhsulları içərisində kənd təsərrüfatı məhsulları ilk pillədədir. Təbii ki, bu,
görülən işlərin nəticəsidir. Amma hələlik qarşıda müəyyən hədəflər dayanır.
Əsas məqsədlərimizdən biri də ixrac potensialımızı daha genişləndirməkdir. Öz
ixrac qabiliyyətinə görə seçilən məhsullardan biri də xurmadır. Bəs görəsən bu
sahədə vəziyyət necə dəyərləndirilir? İxrac potensialını artırmaq üçün hansı
işlər görülə bilər?
İqtisadçı-ekspert Pərviz Heydərovbildirdi ki, xurma Azərbaycanın meyvəçilik təsərrüfatında əhəmiyyətli rola
malikdir. Bu meyvənin ixrac potensialı kifayət qədər genişdir: "Hər il
xurmaçılıq sahəsindən böyük həcmdə məhsul əldə olunur. İstehsal olunan məhsul
daxili bazarı təmin etməklə yanaşı, müxtəlif ölkələrə ixrac edilə bilər. Amma
təəssüflər olsun ki, biz öz ixrac potensialımızdan tam istifadə edə bilmirik.
Bəzən elə olur ki, tonlarla məhsul yararsız hala gələrək məhv olur. Nəzərə
almaq lazımdır ki, son illər aqrar sahənin inkişafı dövlətin əsas prioritetləri
arasındadır. Neftdən asılılığın aradan qaldırılması üçün qeyri-neft
məhsullarının ixracına ciddi ehtiyac var. Bu mənada dövlət aqrar sahəyə böyük
diqqət və qayğı göstərir. Ona görə də, belə halların qarşısı alınmalıdır.
Xarici bazarlarda strateji əhəmiyyətə malik olan aqrar məhsulların istehsalına
və ixracına diqqət etmək lazımdır. Nar, xurma, fındıq kimi məhsullarımızın
ixrac potensialı çox böyükdür. Çünki bu meyvələr Avropa bazarlarında
rəqabətədavamlı məhsullar kimi qiymətləndirilir. Düşünürəm ki, meyvəçiliklə
məşğul olan fermerlərə xüsusi dəstək göstərilməlidir. Əsas mənfi hallardan biri
də odur ki, bizim ixrac məhsullarımız əksərən Rusiya bazarlarına göndərilir.
Sahibkarlar öz məhsullarını yeni bazarlara çıxarmalıdır. Yalnız bu halda
rəqabət imkanlarımız daha da genişlənə bilər. Düşünürəm ki, bu istiqamətdə də
müvafiq işlərin görülməsinə, sahibkarların xarici bazarlara çıxışının təmin
olunmasına ehtiyac var. Azərbaycanın istehsal etdiyi meyvə və tərəvəz
məhsulları öz keyfiyyətinə görə digər ölkələrin məhsullardan seçilir. Belə olan
halda, niyə də fərqli ölkələrə məhsul ixrac etməməliyik? Yeni bazarlara çıxış
imkanı həm də ölkəyə daha çox valyuta axını deməkdir. Bu mənada qeyd etdiyim
kimi, biz hələlik öz ixrac potensialımızdan tam olaraq istifadə edə bilmirik.
Təbii ki, Avropa bazarlarına çıxış böyük nəqliyyat xərcləri tələb edir.
Həmçinin bu bazarlarda keyfiyyət standartlarına olan tələb də çox yüksəkdir.
Düşünürəm ki, fermerlərə, sahibkarlara müvafiq şərait yaradılarsa, daha çox
gəlir əldə etmək mümkündür”
Ekspert
deyir ki, xurma elə bir məhsuldur ki, o, təkcə xammal kimi yox, emal halında da
ixrac edilə bilər: "Azərbaycanda bir sıra emal zavodları fəaliyyət göstərir.
Amma təəssüflər olsun ki, emal müəssisələri və zavodlar yerli xammal
məhsullarından istifadə etmirlər. Fermerlərin məhsulları bir çox hallarda xarab
olur. Əgər emal zavodları fermerlərlə birgə işləyərsə, daha çox gəlir əldə edə
bilərik. Xarici bazarlarda xammala və emal məhsullarımıza böyük ehtiyac var. Avropa,
Rusiya, Çin, yaxın Şərq ölkələrinin Azərbaycanda istehsal olunan orqanik aqrar
məhsullara tələbi böyükdür. Keyfiyyət standartlarımızı yüksəltməklə, biz bu
bazarlara öz məhsullarımızı ixrac edə bilərik. Bunun üçün isə düzgün strategiya
qurulmalıdır”.
İqtisadçı ekspert Ramin Rəhimov qeyd
etdi ki, Azərbaycanda xurmaçılıq ənənəvi sahələrdən
biri hesab olunur: "Uzun illərdir ki, bu sahədən hər il böyük miqdarda məhsul
əldə olunur. Ona görə də, xurmanın ixrac potensialı kifayət qədər böyükdür.
İxrac potensialını genişləndirməklə, biz ölkəyə gələn valyuta axınına artıra
bilərik. Xurma təkcə meyvə halında deyil, eyni zamanda qurudularaq, emal
olunaraq ixrac oluna bilən məhsuldur. Düşünürəm ki, MDB və Avropa ölkələrinə
məhsul istehsal edə bilərik. Azərbaycan xurması dadına, keyfiyyətinə,
tərkibində olan vitaminlərin zənginliyinə görə əksər ölkələrin xurmasından
üstündür. Bu mənada düşünürəm ki, xarici bazarlarda məhsullarımız rəqabətə
davam gətirə bilər. Hələlik Azərbaycan, əsas xurma ixrac edən ölkələr arasında "top-onluq”dadır.
Amma biz bu sahədə daha ciddi uğurlar əldə edə bilərik. Bunun üçün kifayət
qədər imkanlarımız var. İxracı genişləndirmək üçün regionlarda soyuducu
anbarlara ehtiyac var. Məhsulun xarab olmadan saxlanılması üçün bu, çox
vacibdir. Təəssüflər olsun ki, əksər rayonlarda belə anbarlar yoxdur. Ona görə
də, məhsulun bir hissəsi zay olur. Bu mənada xurmaçılıqla bağlı emal
sənayesinin daha da inkişaf etdirilməsinə ehtiyac var. Qeyd etdiyim kimi,
Rusiya, Türkiyə Azərbaycanın əsas məhsul ixrac etdiyi ölkələrdir. Amma bu
ölkələrin sayını daha da artırmaq olar. İtaliya, Yunanıstan, Almaniya və Fransa
kimi ölkələrə xurma ixrac edə bilərik. Xüsusilə, quru meyvə şəklində bu ölkələrdə
xurmaya böyük tələbat var. Bütün bunlar
kompleks yanaşma tələb edir. Aqrar sahənin inkişafı ölkənin ümumi
iqtisadiyyatının inkişafına böyük təkan verir. Ona görə də, ayrı-ayrı məhsullar
üzrə ixrac qabiliyyətimizi daha da artırmalıyıq”.
Kənd təsərrüfatı üzrə ekspert
Nicat Nəsirli bildirir ki, xurma ixrac
potensialı güclü olan məhsul sayılır: "Dünya bazarlarında böyük tələbat var.
Azərbaycan xurma istehsalına görə dünyada beşinci ölkədir. Çin, Koreya,
Yaponiya, Braziliyadan sonra Azərbaycan 10 943 ha sahədən 146 min
ton xurma istehsal edib. Qazanc əldə etmək istəyən sahibkarlar bu meyvəyə
xüsusi yanaşmalıdırlar”.
Şəbnəm