• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

İxrac məhsullarının həcmi və çeşidi artacaq

13.01.18 12:00 862
İxrac məhsullarının həcmi və çeşidi artacaq
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə xarici ölkələrə ixrac missiyalarının təşkili üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi artırılıb.Prezidentİlham Əliyevbununla bağlı "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.

Bu Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi, təşkili və idarə edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Dəstək tədbirlərinin təşkili və dəstək məbləğinin ödənilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Qüvvədə olan Qaydaya əsasən, hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 20 min manatdan artıq ola bilməzdi. Dəyişikliyə görə,bu məbləğ 20 min manatdan 30 min manata qaldırılıb. Eyni zamanda indiyə qədər hər ixrac missiyasının müddəti 4gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 20 nəfərdən artıq ola bilməzdi. Dəyişikliyə əsasən ixrac missiyasının müddəti ilə 6 gün, hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı üçün hədd isə 30 nəfərə qaldırılıb.İndiyə qədər təşkil edilən ixrac missiyasının sayı təqvim ili ərzində 10-dan çox ola bilməzdi. Dəyişikliyə əsasən bu hədd də 25-ə qaldırılıb.

Edilən dəyişikliyin növbəti mərhələdə ixraca necə təsir edəcəyini və hansı əhəmiyyətə malik olacağını öyrənməyə çalışdıq.

AzMarketinq şirkətinin direktoru, iqtisadçı marketoloq Seymur Quliyev deyir ki, güclü brend ölkə üçün güclü imic deməkdir: "Güclü brend uzunmüddətli tarixi, mədəni, siyasi və iqtisadi inkişafın nəticəsidir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan da bu marketinq alətinə əl atdı və "Made in Azerbaijan” proqramını həyata keçirməyə başladı. "Country Branding” adlanan ölkənin brendləşdirilməsi zamanı müxtəlif faktorlar nəzərə alınır və əsasən ixrac təşviq olunur. Bu yolda uğurlu addım atan ölkə rəhbərliyi Azərbaycanın dünya ölkələri arasında rəqabətə davamlı imicə sahib olması üçün milli brendin yaradılmasına qərar verdi. 2017-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsində diqqətçəkən məqamlardan biri günümüzün başlıca tələbi olan "Made in Azerbaijan” brendinin dünyada tanıdılması oldu”.

Şirkət direktoru qeyd edir ki, Avropa iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycanda gedən iqtisadi proseslər, aparılan islahatlar bu hədəfi daha da aktuallaşdırır: ""Made in Azerbaijan” brendinin dünyada tanınması, şöhrət qazanması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl işlər aparılır. AZPROMO-nun 10 fərqli ölkədəki 13 ixrac missiyası bunun bariz nümunəsidir. Eyni zamanda 2017-ci ildə yerli sahibkarlar "Made in Azerbaijan” layihəsi çərçivəsində 5 beynəlxalq sərgidə vahid stend halında iştirak etmiş və proqramdan faydalanmışdır”.

Müsahibimiz bildirir ki, dövlət tərəfindən təşkil edilən ixrac missiyalarının artması və fəaliyyətlərin davamlılığı sahibkarların zehnində "Made in Azerbaijan” düşüncəsinin formalaşmasına gətirib çıxaracaq: "Sahibkarlarda bu düşüncənin formalaşması üçün "Made in Azerbaijan” çərçivəsində dəstək xarakterli fəaliyyətlər icra olunacaq. Məhz "Made in Azerbaijan” çərçivəsində Azərbaycanın ilk Marketinq Sammiti AzMarketinq MMC və AzPromo tərəfindən 23 dekabr 2017 tarixində keçirildi. Sammitin məqsədi də tam olaraq yerli sahibkarların zehnində "Made in Azerbaijan” düşüncəsinin formalaşdırılması və dövlətin ixrac proqramına dəstək olmaqdır. İxrac missiyalarının 2018-ci ildə də artaraq davam etməsi lokal biznes ilə qlobal biznesin inteqrasiyasına gətirib çıxaracaq. Nəticədə dövlətin strateji yol xəritəsində vurğulanan biznes, marketinq, menecment, insan kapitalının inkişafı siyasəti kimi məqsədlərə nail olunacaq”.

Əslində bununla bağlı fəaliyyətin həyata keçirilməsinin Strateji Yol Xəritəsində nəzərdə tutulduğunu deyəniqtisadçı Rəşad Həsənov bildirir ki, 2017-ci ildə qəbul edilən qanuna əsasən də ixrac funksiyalarının təşkil edilməsi, "Made in Azerbaijan” brendinin tanıdılması, həmçinin bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi mexanizmi hazırlandı: "Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan sahibkarlarının birbaşa olaraq ənənəvi olmayan, xüsusilə də Avropa və inkişaf etmiş digər ölkələrin bazarlarına çıxış imkanları məhduddur. Bu məhdudluğun əsas səbəblərindən biri odur ki, müəssisələrin qanunvericiliyə uyğun bəzi sənədləri əldə etməsində çətinlik var. Belə ki, ixrac edilən hər bir məhsul üzrə əlavə sertifikatların alınması tələb olunur. Bu da bəzi hallarda birdən çox məhsul növü istehsal edən müəssisə üçün böyük xərc yükü formalaşdırır”.
Ekspert bildirir ki, edilmiş dəyişikliyə əsasən bu xərcin müəyyən bir hissəsini, təxminən 50 faizini dövlət kompensasiya edəcək: "Düşünürəm ki, bu, ixrac potensialının artmasına səbəb olacaq. Və ümumilikdə qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir edəcək. Bu sahədə təşəbbüslərin artması, dövlət dəstəyinin gücləndirilməsi və kompleks yanaşmanın ortaya qoyulması əsas məsələlərdən biridir. Məncə, bütün bunlar 2018-ci ildə ixracın çeşidinin və həcminin artmasına öz əhəmiyyətli təsirini göstərəcək”.
Günel Azadə

banner

Oxşar Xəbərlər