AZE | RUS | ENG |


IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
 
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşaiyyət edib. Xorun təqdim etdiyi əsər əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr- Gülyaz Məmmədova, Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) olub. İllərin süsgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan "Leyli və Məcnun” operası bu gün də tamaşaçıların alqışları ilə qarşılanıb.
 
Qeyd edək ki, musiqisevərlərin çoxdan gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq iki gündür ki, öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.
 
Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər-Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcək. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra” Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, "Femusa” kamera orkestri, "Clarte” klarnet kvarteti, "Furioso” kvartetinin konsertləri olacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001