İvanişvilini Qəddafiyə bənzətdilər

İvanişvilini Qəddafiyə bənzətdilər

Siyasət
25 İyun 2019, 18:31 210
Gürcüstanda baş verənlər hazırda dünyanın diqqət mərkəzindədir. Aksiyalar hər gün davam edir və Rusiya-Gürcüstan münasibətləri yenidən gərginləşib. Rusiyalı deputatın səbəb olduğu gərginlik ölkədə xaotik vəziyyətə gətirib çıxarıb. Bir çoxları hesab edir ki, etirazların gerçək səbəbi çoxdan yetişmişdi. Bu qənaəti dünyaca məşhur BBC-də bölüşür. Korporasiyanın hazırladığı məqalədə Gürcüstanda siyasi mübarizənin dərəcəsinin əsl səbəbi barədə müxtəlif ehtimallar irəli sürülüb. Məqalədə baş verənlərdə Bidizina İvanişvili, yaxud Moskvanın barmağı olduğu araşdırılıb, ekspertlərin rəyləri yerləşdirilib.
Gürcü politoloq Giya Nodia hesab edir ki, "rusiyalı deputatla bağlı epizod sadəcə, simvolikdir. Hakim partiyadan şübhələr və hakimiyyətdən narazılıq əvvəllər də olub. Sadəcə, indi bunlar materiallaşıb”. Müəllif araşdırmasında diqqəti hakim partiyanın lideri Bidzina İvanişvilinin Rusiya ilə əlaqələrinə yönəldir. İvanişvilinin tərcümeyi-halı, onun Rusiyadakı biznesi və Moskva ilə münasibətlərin normallaşmasını bəyan etməsi müxalifətə milyarderin Gürcüstanın maraqlarına zidd siyasət yeritməsi barədə ittihamlar səsləndirməyə əsas verib. "Həqiqətənmi belədir” deyə müəllif sualla çıxış edilir. Ardınca da ehtimallar irəli sürür. Bildirir ki, İvanişvilinin partiyası hakimiyyətə gələndən sonra Tbilisi və Moskva arasında danışıqlar konstruktiv məcraya keçib – aviauçuşlar bərpa edilib, gürcü şərabının, mineral sularının və meyvələrinin Rusiyaya ixracına başlanılıb. Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini yüngülləşdirib. Nəticədə rus turistlərin ölkəyə axını güclənib. Lakin prinsipial fikir ayrılıqları hələ də həllini tapmayıb. Rusiya əvvəlki tək Abxaziya və Cənubi Osetiyanı müstəqil "dövlətlər” kimi tanıyır və Tbilisini status-kvonu tanımağa çağırır. Tbilisidə isə hər iki subyekti müvəqqəti işğal olunmuş ərazilər hesab edir və torpaqların geri qaytarılacağına ümid edilir. Bütün bunların fonunda İvanişvili bir dəfə də olsun Vladimir Putini tənqid etməyib. İvanişvilinin hakimiyyəti dövründə tək rus turistlərinin axını baş vermədi, ölkənin Rusiya ilə yaxınlaşmasını istəyən, NATO və Aİ-dən ayrılmağı təbliğ edən təşkilatlar yarandı. Keçirilən rəy sorğularının nəticələrinə görə, Gürcüstanda "Gürcü arzusu” və İvanişviliyə inam get-gedə azalır. "Hakim partiya sürətlə xalq arasında qeyri-populyarlaşır. Çünki insanlara elə gəlir ki, partiyanı təmsil edən siyasətçiləri sadə insanların problemləri maraqlandırmır”- deyə Karnegi fondunun böyük analitiki Tomas de Vaal deyib. Ötən il keçirilən prezident seçkiləri ilə bağlı politoloqlar bildirirlər ki, İvanişvili inzibati resurslardan və özünün maliyyə resurslarından istifadə edərək Salome Zurabişvilinin qələbə qazanmasına nail oldu. "Seçkilərdən sonra insanlarda ədalətli siyasi mübarizənin baş verəcəyinə, hakimiyyətin seçki yolu ilə dəyişəcəyinə ümid azaldı. Bütün bunlar da partladı və belə bir aksiyaya gətirib çıxardı”, - deyə politoloq Giya Nodia bildirib. Maraqlıdır ki, "Gürcü arzusu” məhz mitinqlər məsələsində özünü Saakaşvili ilə müqayisə edirdi. Çoxları Saakaşvilinin 2007 və 2011-ci illər aksiyalarını dağıtmasını yaxşı xatırlayır. İvanişvili tərəfdarları Saakaşvilini və onun rejimini qanlı və avtoritar adlandırır, iddia edirdilər ki, onların hakimiyyəti dövründə belə hallar olmayacaq. Lakin 20 iyun mitinqində gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olundu. Müəllif sonda proseslərin bundan sonra hansı axarda davam edəcəyini söyləməyin çətin olduğunu yazır. Hakim partiya xeyli zəifləyib, problem həm də ondadır ki, müxalifət də dağınıqdır. G.Nodia hesab edir ki, "müəyyən mənada hakimiyyət küçədədir – lakin ona yiyələnən qüvvə yoxdur. Çünki güclü müxalifət partiyası mövcud deyil. Qeyri-sabitlik atmosferi göz önündədir”. Tomas de Vall da hesab edir ki, baş verənlər hakim partiya üçün ciddi siqnaldır. Lakin əlavə edir ki, müxalifət gündəmi ələ ala bilməyəcək.
Yeri gəlmişkən, yaranmış durumda Rusiya telekanalları da Gürcüstan hakimiyyətinə qarşı hücuma keçiblər. "Rossiya1” telekanalının aparıcıları Olga Skabeyeva və Yevgeni Popov canlı efirdə guya Gürcüstan hökumətinin rusları öldürməyə çağırdığını deyiblər. Popov soyadını bilmədiyi gürcü millət vəkili Akakinin guya tribunadan belə bir çağırış etdiyini deyib. Onun sözlərinə görə, gürcü millət vəkili deyib: "Mən rusları öldürmüşəm, öldürürəm və öldürəcəyəm”. "60 dəqiqə” adlı proqramda guya gürcü millət vəkilinə aid bu sözləri Skabeyeva da bir neçə dəfə təkrar edib. Aparıcılar yanlış olaraq bildiriblər ki, Akaki Gürcüstan hökumətini təmsil edir. Onlar bunun ardınca belə bir nəticə çıxarıblar ki, rusiyalı turistlər Gürcüstana getməməlidirlər. Y.Popov ayrıca olaraq deyib ki, Gürcüstana qarşı repressiv addımlar atılmalıdır. Aparıcıların bu sözləri studiyada alqışlarla qarşılanıb. Böyük ehtimalla burada söhbət Gürcüstan parlamentinin müxalifətçi deputatı Akaki Bobokidzedən gedir. Onun adına yazılan "rusları öldürmək” ifadəsini müstəsna olaraq Kremlyönlü media səsləndirib. Bunlar "Zvezda” telekanalı və "Putinin aşpazı” ləqəbini qazanmış Yevgeni Proqozinə aid olduğu deyilən FAN xəbər agentliyidir. Əslində isə gürcü deputat 1992-ci ilin Abxaziya müharibəsindən və Gürcüstana Rusiya qoşunlarının yeridilməsi ehtimalından danışırmış. Onun sözləri kontekstdən çıxarılıb və qızışdırıcı ruhda təqdim olunub. Bundan başqa, Popov deyib ki, Tbilisidə baş verən hadisələrdə ABŞ Dövlət Departamentinin "barmağı” görünür və Amerikanın məqsədi Gürcüstan və Rusiya arasında düzəlməkdə olan münasibətləri pozmaqdır. Rusiyalı aparıcının sözlərinə görə, mərkəzin rəhbəri Maykl Çarpenter hadisələrdən az əvvəl Gürcüstanda olub. Guya Çarpenter deyib ki, Gürcüstan ölkəyə bu qədər rusiyalı turist buraxmamalıdır və Rusiya Gürcüstanın 20 faizini yox, bütün ərazisini işğal edib. Çarpenter doğrudan da etirazlardan az əvvəl Gürcüstanda olub və beynəlxalq konfransda iştirak edib.
Son məlumatlara görə, Gürcüstan parlamentinin plenar iclasında Arçil Talakvadze spiker seçilib. Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib. Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.  Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb. Parlamentin iclası etiraz aksiyaları fonunda keçirilib.  Aksiyaçılar daxili işlər nazirinin istefasını tələb ediblər. Aksiyaya vətəndaşlarla yanaşı, müxalif "Güc birlikdədir” birliyinin üzvləri də qatılıblar. Etirazçılar əllərində İvanişvilinin Qəddafi obrazında əks olunduğu plakatlar tutublar. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.
 
Azər