• çərşənbə axşamı, 19 mart, 06:47
  • Baku Bakı 8°C

İvanişvili “Rustavi-2”ni ələ aldı

22.08.19 15:00 9583
İvanişvili “Rustavi-2”ni ələ aldı
Gürcüstanın ən reytinqli telekanalı - "Rustavi-2” ətrafında yaşanan gərginlik hakimiyyətin xeyrinə sona çatıb. Əvvəldən də bəlli idi ki, "Gürcü arzusu” ona qarşı sərt mövqedən çıxış edən bu telekanalın fəaliyyətinə sakitcə oturub müşahidəçi kimi baxmaq fikrində deyil. Proqnozlar da özünü doğrultdu. Əvvəlcə təsisçini dəyişməyə nail olan İvanişvili indi də bütün yaradıcı heyətin getməsinə müvəffəq olub. "Bir heçə gün bundan əvvəl Rusiya sərhədçiləri tərəfindən saxlanılan 8 gürcü gənci təhvil veriblər: Rusiya hərbçiləri mühəndis inşaat işlərini davam etdirirlər”. Bu məşhur telekanalın efirində gedən sonuncu xəbərlər olub. Ardınca da efirdə serial və qısametrajlı filmlər nümayiş edilib. Tamaşaçılar da dərhal başa düşüblər – artıq kanal siyasətini dəyişib”. "Apsny.ge” xəbər verir ki, ötən gün axşam telekanalın populyar aparıcıları və jurnalistləri tamaşaçılarla vidalaşaraq "xoşbəxt, Rusiya işğalından və İvanişvilinin oliqarxik rejimindən azad Gürcüstan uğrunda mübarizə aparacaqlarını” bildiriblər.

Xatırladaq ki, iyulun ortalarında Avropa İnsan Haqları Məhkəməsi yerli gürcü məhkəmə instansiyalarının qərarını təsdiq edən qərar qəbul edib. Buna müvafiq olaraq "Rustavi-2” telekanalı onun keçmiş rəhbərlərindən birinə - biznesmen Kibar Xalvaşiyə qaytarılıb. Onun ilk qərarı isə telekanalın baş direktoru vəzifəsinə vəkili Paata Saliyanı təyin etməsi olub. Sonuncu da vəd etmişdi ki, redaksiya siyasətinə qarışmayacaq. Lakin telekanalın əməkdaşları yeni direktorun vədinə əməl etməyəcəyinə əmin idilər. Çünki, belə olmasaydı, nəyə görə hakimiyyət orqanları teleşirkətə qarşı ən müxtəlif istiqamətlərdən hücumlar edirdi. Redaksiya siyasəti dəyişməyəcəkdisə, onda niyə onun yayımına problemlər yaradır, məhkəməyə verir, sahibin dəyişməsinə çalışırdılar? Telekanal çoxdan bəri idi ki, "Gürcü arzusu”nun lideri Bidzina İvanişvilinin boğaza yığmışdı. Boz kardinal bir neçə dəfə bildirmişdi ki, "Rustavi-2” telekanalı məqsədli şəkildə ölkədə neqativ fon yaratmağa çalışır: "Telekanal əhalini səhv yola yönləndirir”.


"Rustavi-2” hansısa bir müddətdə həqiqətən də əvvəlki qaydada yayımını davam etdirirdi - hakimiyyət və şəxsən İvanişvili daxili gürcü kontekstində, Rusiya isə istənilən mümkün halda onun tənqidinin obyekti kimi qalırdı. Bəlli idi ki, belə hal uzun zaman davam edə bilməz. Kanalın yeni rəhbəri Xalvaşi kütləvi narazılıq yaranmaması üçün qəti qərar qəbul etmirdi. Nəhayət ki, İvanişvilinin tələbi ilə qəti mövqeyini ortaya qoyuldu. Baş direktor Paata Saliya əvvəlcə informasiya bülletenlərinin rəhbərlərini dəyişdi. Sonrakı günlərdə isə zəncirvari formada qovulmalar başladı. Bir-birinin ardınca "Rusitavi-2”nin əsas simaları telekanalı tərk etməyə başladılar. Ötən gün axşam isə onların "tamaşaçı”larla son görüşləri olub. "Qırmızı xətlər keçildi. Total təmizləmə başlayıb. Bu, mənim də sonumdur. 12 ildir ki, burada işləyirəm. Ümid edirəm ki, nə vaxtsa qayıdacağıq” - deyə telekanalın informasiya buraxılışının aparıcısı Mixail Sesiaşvili bildirib. O bildirib ki, aparıcı jurnalistləri İvanişvili rejimi qovub. Lakin işdən çıxarılan və telekanalı tərk edən jurnalist və aparıcılar dərhal da iş tapıblar. Onlar telekanal rəhbəri dəyişən kimi vəzifəsindən qovulan baş direktor Nika Qvaramiya işə dəvət edib. Hazırda barəsində ittihamlar səslənən Qvaramiya xidməti vəzifəsindən sui-istifadədə günahlandırılır. Bu müddət ərzində isə o, vaxtını boşa verməyib - yeni "Əsas televiziyası”nı qeydiyyata aldırıb. Onun necə telekanal olacağı bütövlükdə aydındır - "Rustavi-2”nin analoqu.
"Rustavi-2”nin taleyi də bəlli deyil. Telekanal böyük borclar içində üzür, bu səbəbdən də Xalvaşi ondan yaxa qurtarmaq üçün hərraca çıxarıb. Lakin ona alıcı tapmaq mümkün olmayıb. Alıcı tapana qədər isə Xalvaşi onun yükünü çəkməli olacaq. Lakin Tbilisidə kuluarlarda gəzən söhbətlərə görə, telekanal artıq Bidzina İvanişvilinin mülkiyyətindədir. Bəzi xəbərlərə görəsə, İvanişvilinin nəzarəti altında olan strukturlardan biri onu idarə edir. Lakin hələ ki, bunlar şayiədir. Bir şey aydındır ki, telekanal mövcudluğunu saxlasa belə, tamam başqa cür olacaq. Məsələ ondadır ki, telekanal tam şəkildə eks-prezident Mixail Saakaşvilinin ruporlarından biri idi. Onun bütün çıxışlarını verir, aksiyalarını canlı yayımlayırdı. Ümumiyyətlə, hakimiyyət heç bir vaxt bu kanalı sevməyib. Hər biri də özünəməxsus şəkildə onu qapatmağa çalışıblar. Eduard Şevardnadzenin idarəçiliyi dövründə fiskal qurumların dəfələrlə yoxlanışına məruz qalıb, onu xilas edən isə ictimaiyyətin aksiyaları idi. Şevardnadzeni əvəzləyən Saakaşviliyə telekanal əvvəlcə dəstək verirdi, lakin sonradan ona qarşı müxalifətə keçdi. Saakaşvili də maraqlı bir gediş etdi – müxtəlif fəndlər nəticəsində kanalın sahibləri dəyişdi və nəticədə prezident və onun partiyasının mülkiyyətinə çevrildi. Məhz bu kombinasiyalar da bir növ saat mexanizmli minaya çevrildi və sonda "Rustavi-2” əsl sahibinə qayıtdı.

Yeri gəlmişkən, "Rustavi-2” kanalı və onun ətrafında yaşananları şərh edən baş nazir Mamuka Baxtadze bildirib ki, onlar üçün Gürcüstanda media plüralizmi, medianın yüksək səviyyədə müstəqil olması həyati əhəmiyyət kəsb edir. O ki qaldı müxalifətin telekanalın hakimiyyətin maraqlarını ifadə etməsi barədə ittihamlarına, baş nazir bildirib ki, "təəssüf ki, gürcü siyasətində bir-biri ilə heç bir əlaqəsi olmayan halları əlaqələndirmək ənənə şəklini alıb. İndiki hal da bunun bariz nümunəsidir”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər