• çərşənbə axşamı, 19 mart, 15:13
  • Baku Bakı 8°C

İvanişvili-“Rustavi-2” qarşıdurması güclənir

21.02.17 09:00 697
İvanişvili-“Rustavi-2” qarşıdurması güclənir
Gürcüstanda əsas müxalifət kanalı olan"Rustavi-2” ilə bağlı qalmaqal güclənir. Hökumətin mediaya, azad sözə təzyiq göstərdiyini iddia edən kanal buna etiraz olaraq fevralın 18-də fəaliyyətini dayandırıb. Bazar günü isə minlərlə Tbilisi sakini kanala dəstək məqsədi ilə parlamentin önündə aksiya keçirib. Bəzi media orqanları etiraza 10 minə yaxın şəxsin qatıldığını deyir.
"Hökumətin mətbuat azadlığını məhdudlaşdırmasına imkan verməyəcəyik”. Kanalın xəbər proqramının aparıcısı Diana Jojua aksiyaçılar qarşısında çıxışında deyib: "Biz birlikdə "Rustavi-2” kanalını, Gürcüstanda söz azadlığını qoruyacağıq”.
Telekanalın direktor müavini Z.Udumaşvili isə "Biz bu gün bir olmalı, hökumətə bu ölkənin söz azadlığına toxuna bilməyəcəyini söyləməliyik”, - deyib.
Bu məsələdə də prezident hökumətə müxalifətdədir. Gürcüstan prezidentiGeorgi Marqvelaşvilinin sözçüləri dəfələrlə bəyan edib ki, prezident bütün media orqanlarına və xüsusən də tez-tez basqıya məruz qalan"Rustavi - 2”kanalına tam dəstəyini ifadə edib. Hakim "Gürcü arzusu” Partiyası ilə yola getməyən Georgi Marqvelaşvili bütün media orqanlarına, özəlliklə də tez-tez basqıya məruz qalan "Rustavi-2” kanalına dayaq duracağına söz verib.
"Rustavi-2”kanalının rəhbərliyi iddia edir ki, hökumət iş adamlarından birinin əli ilə bu kanala nəzarətə ələ keçirmək istəyir. Kanal rəhbərliyinin fikrincə, rəsmilər iş adamı Kibar Kalvaşinin əliylə kanala nəzarəti ələ keçirməyi qarşıya məqsəd qoyub. 54 yaşlı milyonçu K.Kalvaşi əvvəllər kanal səhmlərinin böyük hissəsinə sahibmiş, amma təxminən 10 il öncə – M.Saakaşvili administrasiyası dövründə səhmlərə nəzarət paketini satıb. İndi o, səhmlərini satmağa məcbur edildiyini deyir və onları məhkəmə yolu ilə geri almağa çalışır. Sənədlərə görə o, "Rustavi-2” üçün 200 min dollar ödəyib. Sonra isə TV üçün 7 milyon ABŞ dolları ödənməsi barədə iddia qaldırıb. Qeyd edək ki, hazırda TV-nin səhmlərinin 90 faizinin sahibləri sabiq prezident Saakaşviliyə yaxınlığı ilə bilinən Karamanişvili qardaşlarıdır.
"Azad Zona” QHT-nin idarə heyətinin sədri Gela Vasadze deyir ki, hakimiyyət ölkədəki müstəqil medianı neytrallaşdırmağı qarşısına məqsəd qoyub. G.Vasadze hesab edir ki, bu, siyasi qərardır: "O, hakimiyyətin sifarişini yerinə yetirir”. Yerli məhkəmələr 2015-ci və 2016-cı illərdə keçirilən toplantılarda iş adamının xeyrinə qərar çıxarıblar. Bu günlərdə isə Gürcüstan Ali Məhkəməsinin məsələylə bağlı son qərarı verəcəyi gözlənir. Kanal rəhbərliyi K.Kalvaşinin yuxarılarla əlaqəli olduğunu, buna görə məsələni öz xeyrinə həll edə bildiyini deyir. Gürcüstanın insan haqları təşkilatları da məhkəmələrin telekanal haqda qərarlarına etiraz edib, yaydıqları bəyanatda bu qərarların mətbuat azadlığına zərbə vurduğunu bildiriblər.
Öz növbəsində Gürcüstan rəsmiləri ittihamları rədd edir, kanala nəzarəti ələ keçirmək niyyətində olmadıqlarını bildirirlər. Bu arada ABŞ Dövlət Departamenti və Avropa İttifaqı da hadisə ilə bağlı bəyanat veriblər. Onlar "Rustavi 2”-yə qarşı təzyiqlərin azad sözə zərbə olduğunu bildiriblər.
Xatırladaq ki, "Rustavi-2” kanalının rəhbərliyi bir neçə dəfə, "qaranlıq” müqavilələr əsasında dəyişdirilib. 2014-cü ildə kanalın yaradıcısı Erosi Kitsmarişvili maşınında ölü halda tapılıb, polisin dediyinə görə, onu başından güllə ilə vurublarmış. Hadisədən bir az əvvəl E.Kitsmarişvili hökumətin telekanala nəzarəti ələ keçirməyə, özününsə buna əngəl olmağa çalışdığını deyibmiş. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra "Rustavi-2” telekanalı qatı müxalifət kursu götürüb və seçkilərdə məğlub olan "Vahid Milli Hərəkat”ı dəstəkləyib. Onu da qeyd edək ki, "Rustavi-2” telekanalı 2003-cü il "qızılgül inqilabı”nda əhəmiyyətli rol oynayıb və Mixail Saakaşviliyə güclü dəstək göstərib. Lakin indi vəziyyət fərqlidir. Keçmiş hakimiyyət, hazırda müxalifətdə olan "Vahid Mili Hərəkat” elə də ciddi populyarlığa malik olmasa da, son aksiyada əhalinin telekanala böyük dəstəyi hökuməti özündən çıxarıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər