• cümə, 29 Mart, 09:34
  • Baku Bakı 5°C

İvanişvili populyarlığını itirir

21.07.20 16:05 641
İvanişvili populyarlığını itirir
"Gürcü arzusu” parlament seçkilərində əvvəlki mövqelərini itirəcəyi proqnozlaşdırılır

Virusa yoluxma səviyyəsi aşağı olmasına baxmayaraq, Gürcüstan rəhbərliyi sərt karantin tədbirlərini saxlamaqda davam edir. Lakin sosial-iqtisadi vəziyyətin ağır olduğunu nəzərə alaraq, ara-sıra yumşalmalara gedir. Ölkə hazırda diqqəti daha çox qarşıdan gələn parlament seçkilərinə yönəldib. Bu seçkilər ölkə üçün ciddi əhəmiyyət kəsb edir. Hakimiyyət müxalifətin tələbləri qarşısında bir sıra güzəştlərə gedərək proporsional seçki sistemini də bərpa edib. Hakim "Gürcü arzusu”nun bu seçkilərdə ciddi itkilərlə çıxacağı indidən proqnoz edilir. Edison Research şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, "Gürcü arzusu” ölkənin ən populyar partiyası olaraq qalsa da, hökuməti formalaşdıra bilməyəcək. Rəy sorğusunun nəticələrinə görə, seçkilər sabah keçirilsəydi Bidzina İvanişvilinin partiyası cəmi 39 faiz səs toplayardı. Beləliklə, "Gürcü Arzusu” parlamentdə çoxluğu qismən əldə etsə də, hökuməti formalaşdıra və özünə müvafiq olan qanun layihələrini keçirməyə müvəffəq olmayacaq. Gürcü nəşrləri yazır ki, Tbilisinin müxalif "Formula” teleşirkəti tərəfindən keçirilən sorğunun nəticələri gözlənilməz olub. Belə ki, çoxları hesab edirdi ki, "Gürcü Arzusu” birmənalı şəkildə liderliyi qoruyub saxlayır. İctimaiyyət də adətən sorğuların nəticələrinin onu keçirənlərin birbaşa istəyindən asılı olduğuna öyrəşib. Hökumətyönümlü sifarişlərdə əsas etibarilə müxalifət ümidsiz autsayder vəziyyətinə salınır, müxalifətdə isə hakimiyyətin sonuncu günlərini yaşadığı üzə çıxarılır.
Edison Research isə keçirdiyi sorğular isə müəyyən qədər obyektivliyi ilə seçilir. Bütövlükdə qüvvələr balansını əks etdirir. "Gürcü Arzusu”ndan sonrakı yeri "Vahid Milli Hərəkat” tutub. Keçmiş iqtidar partiyası səslərin 16 faizini toplayıb. Üçüncü yeri isə nüfuz toplamağa başlayan "Avropa Gürcüstanı” Partiyası əldə edib. Bu partiya respondentlərin 5 faizinin səsini toplayıb. Oktyabrın 31-də keçiriləcək seçkilərdə daha bir neçə partiya iştirak edəcək. Onların da əksəriyyəti "Vahid Milli Hərəkat”ın keçmiş üzvləridir. Onların bir neçəsi, məsələn, "Yeni Gürcüstan uğrunda”, ultraliberal "Qirçi” (Təpə) Partiyasını, eks-spiker Nino Burcanadzenin "Demokratik Hərəkat” Partiyasını "Vahid Milli Hərəkat” ilə artıq heç nə bağlamır. Lakin bir birləşdirici məqam var ki, bu partiyaların hamısı müxalif düşərgədə təmsil olunur. Hər gün "Gürcü Arzusu” və onun lideri Bidzina İvanişvilinin hakimiyyətdən getməsi arzusu ilə yatıb dururlar. Özlərini isə təbii ki, hakimiyyətdə görürlər. Lakin hələ ki, bu arzu yuxu olaraq qalır. Müxalifət alyansı canlı və vahid bir qurum kimi görünmür. Liderlərinin optimist bəyanatlarına baxmayaraq, onların hakimiyyətə gəlmək şansları aşağı qiymətləndirilir. Məsələn, "Vətəndaşlar” adlanan hərəkatın lideri jurnalist Aleko Elisaşvili bəyan edib ki, onun üçün müxalifət liderlərinin heç biri qəbul edilən tərəfdaş deyil. Bu hərəkat rəy sorğusunun nəticələrinə görə, 2 faiz səs əldə etməyə iddialıdır. Müxalifət sıralarında "Qirçi” kimi siyasi eksentriklər də iştirak edir. Onlar aktiv elektoratları arasında "Tesla” markalı avtomobilin uduşunu keçirmək üçün lotereya keçirməyi vəd edirlər. Bu partiyaya da sorğu zamanı seçicilərin 2 faizi səs verib. Müxalifət tərəfindən "Kremlin agenti” damğası vurulan eks-spiker Nino Burcanadzenin də müxalifətdə sona kimi fəaliyyət göstərəcəyi bəlli deyil. "Edison Research”un keçirdiyi sorğunun nəticələrinə görə, Burcanadzenin "Demokratik hərəkat”ı oktyabrın 31-də keçiriləcək seçkilərdə 1 faiz səs toplaya bilər. Bu da ona parlamentə düşmək üçün kifayət edir. "Demokratlar”la yanaşı, bir sıra xırda partiyalar da 1 faizlik baryeri keçmək iqtidarındadır. Seçicilərin əksəriyyəti marafona qatılan partiyaların bəzilərini tanımır. Yalnız liderlərinin adları seçicilərə nəsə deyə bilər. Məsələn, keçmiş müdafiə naziri İrakli Okruaşvili, "Gürcü Arzusu”nun keçmiş liderlərindən olan vəkil Eka Beseliya, parlamentin keçmiş deputatı Kaxa Kukava.
Maraqlıdır ki, "Gürcü Arzusu” yerdə qalan partiyaları böyük fərqlə üstələyib, respondentlərin 59 faizi onu parlamentdə əsas və aparıcı mövqe qazanmasını istəmir. Və cəmi 41 faiz onu parlament çoxluğunu idarə edən rolda görmək istəyir. Edison Research sorğusunda "Gürcü Arzusu” liderləri üçün ayrıca sual da qoyulub. Ölkənin ən populyar siyasətçisi baş nazir Georgi Qaxariya olub. Bəziləri hesab edir ki, buna səbəb ölkənin koronavirus pandemiyasına qarşı effektiv mübarizəsidir. Gürcüstan effektiv mübarizəsi nəticəsində top üçlüyə düşüb. Respondentlərin 65 faizi onun fəaliyyətini pozitiv, 35 faiz isə neqativ hesab edib. Tbilisinin meri Kaxa Kaladzeyə rəğbət isə bir qədər azdır -55 faiz. Çoxları hesab edirdi ki, keçmiş futbolçu bu vəzifədə uğursuz fəaliyyət göstərəcək. Fəaliyyətini mənfi qiymətləndirənlər isə 45 faiz təşkil edib. O ki qaldı "Gürcü Arzusu”nun lideri boz kardinal ləqəbli Bidzina İvanişviliyə – onun reytinqi siyasətə gələndən bəri ən aşağı həddə düşüb. Respondentlərin cəmi 48 faizi ona dəstək nümayiş etdirib. Müdafiə naziri İrakli Qaribaşvili 45, spiker Arçil Talakvadze isə 37 faiz səs toplayıb. Keçmiş spiker İrakli Kobaxidzenin fəaliyyətini isə 33 faiz müsbət qiymətləndirib. Nəhayət və ən əsası - respondentlərin 56 faizi hesab edir ki, seçkilərdə müxalifət qalib olarsa, bir il sonra ölkədə vəziyyət yaxşılaşacaq. 44 faiz isə əksinə, müxalifətin uğuruna şübhə ilə yanaşır. Əsasən də ondan ehtiyat edirlər ki, keçmiş iqtidar indiki hakimiyyətlə haqq-hesab çəkməyə başlayacaq. Bu da yaxşı heç nə vəd etmir. Cəmiyyətdə siyasi qütbləşmə davam edəcək, parçalanma daha da dərinləşəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər