İvanişvili Gürcüstanla Rusiyanı barışdıracaq

İvanişvili Gürcüstanla Rusiyanı barışdıracaq

Siyasət
02 Noyabr 2012, 08:26 1272
Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətlər quracağı barədə ehtimallar özünü doğrultmağa başlayıb. Belə ki, yeni baş nazir Bidzina İvanişvili Rusiya ilə münasibətlərin normallaşmasını nəzərdə tutan yeni vəzifə təsis edib. Baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi vəzifəsinə Zurab Abaşidze təyin edilib. B.İvanişvili bildirib ki, Gürcüstan hakimiyyəti özünün böyük qonşusu Rusiya ilə münasibətləri yoluna qoymalıdır: “Biz uzun müddət Sovet İttifaqında birlikdə yaşamışıq və daha sonra da dostluq etmişik. Biz münasibətlərimizi yoluna qoymalı və onu keyfiyyətcə yeni mərhələyə keçirməliyik”. Gürcüstanın Rusiyadakı keçmiş səfiri vəzifəsində çalışmış bu şəxs Rusiya ilə bir sıra problemlərin həlli ilə məşğul olacaq. Söhbət işğal olunmuş Gürcüstan torpaqları, eləcə də iqtisadi məsələlərdən gedir. Bir sıra ekspertlər qeyd edir ki, iki ölkə arasında iqtisadi münasibətlər enerji layihələrini də əhatə edə bilər. Artıq bu istiqamətdə ilk bəyanatlar və fikirlər də səslənir. Elə B.İvanişvilinin yuxarıda söylədiyi fikirlər də bunu deməyə əsas verir. Eyni zamanda Gürcüstan KİV-nin yaydığı xəbərə görə, artıq ölkənin yeni iqtisadiyyat naziri Georgi Kvirikaşvili Rusiya və Azərbaycanla energetika sahəsindəki sazişlərə yenidən baxılacağını istisna etməyib. “Gürcüstan TV” kanalına müsahibəsində Georgi Kvirikaşvili deyib ki, 5 il ərzində mənfəət əldə etməyə çalışan investor tərəfindən tənzimləmə qurumu vasitəsilə “istehlakçıların haqlarını” pozmağa yol vermək olmaz. "İnvestorlar tənzimləyici komissiyalar vasitəsi ilə istehlakçıların hüquqlarını pozmamalıdırlar” - deyə nazir bildirib. “Biz ədalətli tələblər qoymaq istəyirik. Gürcüstan vətəndaşının inkişaf etmiş ölkənin vətəndaşı ilə eyni tarif ödəməsi qəti şəkildə ədalətsizdir". Amma “biz ədalətli tələblər qoymaq istəyirik” deyən Gürcüstan rəsmisi tarif barədə təfərrüatlara varmayıb.

Yeri gəlmişkən, bir sıra xəbər saytlarında Gürcüstanın yeni rəhbərliyinin Azərbaycanla enerji sahəsində imzalanan sənədlərə yenidən baxacağı barədə ehtimallar, fikirlər irəli sürülür. Lakin əksər ekspertlər hesab edir ki, bu, ağlabatan deyil. Belə ki, iki ölkə arasında münasibətlərdən ən çox faydalanan məhz Gürcüstandır. Azərbaycan tərəfi də bununla bağlı öz mövqeyini ortaya qoyub. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev də bəyan edib ki, yeni hökumət şirkətin Gürcüstanda fəaliyyətinə və layihələrinə heç bir təhlükə törətmir. Onun sözlərinə görə, beynəlxalq şirkət olan ARDNŞ müvafiq saziş və müqavilələrə, beynəlxalq standartlara və qanunvericiliyə uyğun olaraq digər ölkələrdə də fəaliyyət göstərir ki, bu da öz növbəsində investisiyaların qorunmasını təmin etməyə imkan verir: “Gürcüstanda investisiyaların qorunması haqqında qanun qüvvədədir və buna görə də ARDNŞ-nin bu ölkədə investisiyalarına heç nə təhlükə görünmür”. R.Abdullayevin sözlərinə görə, ARDNŞ-nin Gürcüstandakı investisiyalarının həcmi təqribən 1 milyard dollar təşkil edir. ARDNŞ prezidenti vurğulayıb ki, şirkətin Gürcüstanın yeni hökuməti ilə problemi yoxdur. Yeni rəhbərlik artıq Azərbaycana hörmətini, habelə Azərbaycan şirkətlərinin ölkədə fəaliyyətinə və investisiyalarına dəstəyini bildirib. Yeni hökumətin formalaşdırılması başa çatdıqdan sonra ARDNŞ-nin Gürcüstanda fəaliyyəti üçün bütün imkanlar və güzəştli şərait yaradılacaq. "Buna görə də şirkətin Gürcüstandakı fəaliyyətində heç bir problem yoxdur" – deyə R.Abdullayev qeyd edib. O bildirib ki, şirkət Gürcüstanda iri layihələr reallaşdırır və ən iri vergi ödəyicilərindən biridir.

Elə dünən ARDNŞ “ITERA Georgia” şirkətini almaqla Gürcüstanda (Tbilisi istisna olmaqla) yeganə qaz distribüterinə çevrilib. ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev bildirib ki, həmin aktivlərin alınmasına dair müqavilə uzun müddət nəzərdən keçirilib. Bütün risklərin qiymətləndirilməsi aparılıb və nəticədə "ITERA"nın alınması barədə qərar qəbul edilib. R.Abdullayev alınan aktivlərin dəyərinə gəlincə, bunun kommersiya sirri olduğunu qeyd edib. ARDNŞ-nin Gürcüstandakı müqavilələrinə bu ölkənin yeni hökumətinin yenidən baxmasının mümkünlüyü barədə suala cavab verən şirkət rəhbəri bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəli, iri reytinq agentliklərinin reytinqinə malik şirkətdir və özünün bütün müqavilələrini beynəlxalq normalara uyğun olaraq həyata keçirir.
Qeyd edək ki, ARDNŞ Gürcüstan bazarında qazpaylayıcı şəbəkəyə, təxminən 100 yanacaqdoldurma məntəqəsinə, Qara dənizdə Kulevi neft terminalına malik olmaqdan başqa, bu ölkədə karbamid zavodu tikir, qaz və neft məhsullarının çatdırılmasını həyata keçirir.

Azər NURİYEV