• cümə, 19 Aprel, 12:30
  • Baku Bakı 25°C

İvanişvili Gürcüstanın ən reytinqli telekanalını əvvəlki sahibinə qaytardı

04.03.17 09:00 853
İvanişvili Gürcüstanın ən reytinqli telekanalını əvvəlki sahibinə qaytardı
Gürcüstan hakimiyyəti "Rustavi-2” telekanalının ona qarşı müxalif mövqeyini özünəməxsus şəkildə cəzalandırıb. Ali Məhkəmənin böyük palatası "Rustavi-2” telekompaniyasını biznesmen Kibaru Xalvaşiyə vermək barədə qərardad çıxarıb. Bu barədə sosial şəbəkələrdə telekompaniyanın baş direktoru Nika Qvaramiya bildirib. Qərarın mətni Ali Məhkəmənin saytında da yerləşdirilib. "Rustavi-2”nin baş direktoru Nikolaz Qvaramiya bildirib ki, o və həmkarları telekanalı müqavimətsiz oliqarxa təhvil verməyəcək. O, tərəfdarlarını küçələrə çıxmağa və söz azadlığını müdafiə etməyə çağırıb. Onun qənaətincə, İvanişviliyə müxalif olduqları üçün ölkənin yeganə müstəqil telekompaniyasının başı üzərindən qara buludlar əskik olmur. Telekanal "Açıq mikrafon” aksiyasına da başlayıb. Qeyd edək ki, Ali Məhkəməmin 9 hakimdən ibarət heyətinin iclası qapalı olub. Həmin vaxt isə küçədə "Rustavi-2”nin əməkdaşları və tərəfdarlarının aksiyası keçirilib. Amma etirazçıların alovlu çıxışları hakimlərin mövqeyinə təsir etməyib.
Telekanalın təzə, keçmiş sahibi Kibar Xalvaşi bildirib ki, səhmlərin 50 faizini telekanala sahib olmaq istəyən keçmiş iki sahibə satacaq. Əlavə edib ki, redaksiyanın siyasətinə qarışmayacaq. Lakin ölkənin ən reytinqli telekanalının əməkdaşları təzə sahibin fikirlərini ciddi qəbul etmirlər. Onlar bildirilər ki, Xalvaşi məhz Gürcüstanın qeyri-formal lideri Bidzina İvanişvilinin arzusu ilə məhkəməyə müraciət edib. K.Xalvaşi məhkəməyə iddiasında bildirib ki, 2006-cı ildə zorən o vaxtkı rəhbərlik tərəfindən telekanalı satmağa məcbur edilib. Telekanalın biznes-layihə kimi ona maraqlı olmadığını bildirən keçmiş rəhbər iddia edib ki, bunu bir neçə dəfə yaxın ətrafına da deyib. Görünür, hakimiyyət "Rustavi-2”nin hakimiyyət və məhkəmə orqanlarını korrupsiyada ittiham etməsini həzm edə bilməyib. Telekanalın yeni rəhbərliyinin redaksiyanın siyasətinə doğrudan da qarışıb-qarışmayacağını isə yaxın vaxtlarda biləcəyik. KİV sahəsində çalışan ekspertlər hesab edirlər ki, məhkəmə qərarı bütün formaları ilə təsərrüfat xarakteri daşıyıb. Lakin Gürcüstanda medianın vəziyyəti həyəcan doğurur. Telekanalın gələcək taleyi dumanlıdır. Artıq telekanalda siyasi tok-şoulara rast gəlmək mümkün deyil. Siyasi müxalifət telekanalın Direktorlar Şurasını boş yerə maliyyə məsrəfləri etməkdə və hakim "Gürcü arzusu”nun, İvanişvilinin maraqlarını ifadə etməkdə ittiham edib. Məlumat üçün bildirək ki, telekanalın indiki rəhbərləri Saakaşviliyə yaxınlığı ilə seçilən ukraynalı biznesmenlər Levan və Georgi Karamanişvili qardaşlarıdır.
Öz növbəsində baş nazir Georgi Kvirikaşvili bildirib ki, ölkədə məhkəmə hakimiyyəti müstəqildir və heç kim onun qərarlarına müdaxilə edə bilməz.
Prezident isə bu məsələdə hökumətə müxalifətdədir. Georgi Marqvelaşvilinin sözçüləri dəfələrlə bəyan edib ki, prezident bütün media orqanlarına və xüsusən də tez-tez basqıya məruz qalan"Rustavi - 2”kanalına tam dəstəyini ifadə edib. Hakim "Gürcü arzusu” Partiyası ilə yola getməyən Georgi Marqvelaşvili bütün media orqanlarına, özəlliklə də tez-tez basqıya məruz qalan "Rustavi-2” kanalına dayaq duracağına söz verib.
Müxalif Vahid Milli Hərəkat da hesab edir ki, telekanallara qarşı hücumlarla İvanişvili iqtidarı telekməkanı öz nəzarəti altına almaq məqsədi güdür. Bunu da qeyd etmək gərəkdir ki, əvvəlki hakimiyyətin də media ilə bağlı siyasəti elə də qənaətbəxş olmayıb – adi bir tənqidi materiala dözümsüzlük nümayiş etdirirdi. M. Saakaşvilinin yaxın tərəfdarlarından biri, onun partiyadaşı Nuqzar Çiklauri bildirib ki, əgər rusiyalı oliqarx İvanişvili telekanalı ələ keçirməyə cəhd edərsə, onda ölkədə irimiqyaslı aksiyalar başlayacaq. Onunla həmrəy olan GHN informasiya agentliyinin analitiki David Avalişvili bildirib ki, "Rustavi-2” 2003-cü il "qızılgül inqilabın”ın reallaşmasında əhəmiyyətli rol oynayıb və o gündən minlərlə insanı küçələrə çıxarmağa qadir ən reytinqli kanal titulunu qoruyub saxlayıb. "Azad Zona” QHT-nin idarə heyətinin sədri Gela Vasadze deyir ki, hakimiyyət ölkədəki müstəqil medianı neytrallaşdırmağı qarşısına məqsəd qoyub. G.Vasadze hesab edir ki, bu, siyasi qərardır.
Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı hadisə ilə bağlı bəyanat veriblər. Onlar "Rustavi 2”-yə qarşı təzyiqlərin azad sözə zərbə olduğunu bildiriblər.
Beləliklə, Ali Məhkəmə müxalifətçi kanalın əvvəlki sahibinə verilməsi barədə aşağı instansiyaların qəbul etdiyi qərarları qüvvədə saxlayıb və onu keçmiş sahiblərindən birinə qaytarıb. Ali Məhkəmənin qərarı son qərardır və ondan şikayət etmək olmaz. Telekanalın vəkilləri bildiriblər ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.
Nəhayət, daha bir iri telekanal - "İmedi”yə gəldikdə, hazırda bu kanal da "optimallaşdırma” mərhələsini keçir. Telekanal Saakaşvilinin dövründə qanuni sahibi Badri Patarkaçişvilinin yaxınlarından alınıb müsadirə edilmişdi. "Gürcü arzusu” hakimiyyətə gələn kimi telekanalı əvvəlki sahibinə verib. Hazırda onu hakimiyyətyönümlü etmək üçün addımlar atılır - telekanal İvanişviliyə məxsus olan GDS telekanalı ilə birləşdirilir. Sonuncu isə şou və əyləncəli verilişlərin yayımını həyata keçirir. Bundan əlavə, Saakaşvili dövründə müxalifət kanalı olan "Maestro” də yeni hakimiyyət iqtidara gələndən sonramövqeyini dəyişib. Ekspertlər bundan sonra proseslərin hansı axarda davam edəcəyini proqnoz verməkdə çətinlik çəkirlər. Maraqlıdır ki, bu günlərdə Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün Şengen vizasının ləğvi barədə qərar qəbul edib. Nəticədə gürcülər vizasız Avropa ölkələrinə gedə biləcəklər.
Azər
banner

Oxşar Xəbərlər