• çərşənbə axşamı, 23 aprel, 11:32
  • Baku Bakı 20°C

İTV “Azadlıq” qəzetindən Mətbuat Şurasına şikayət edib

20.12.13 14:54 1456
İTV “Azadlıq” qəzetindən Mətbuat Şurasına şikayət edib
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Bu barədə Lent.az-a Şuradan məlumat verilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciətlə əlaqədar müzakirələr aparıblar.
Öncə İctimai Televiziya və Radio Yayımları Şirkətinin iki kütləvi informasiya vasitəsi ilə bağlı müraciətinə baxılıb. “Azadlıq” qəzetinin redaktoru Elşən Şirinov bu mətbu orqandan narazılıq doğuran “Hakimiyyətsiz, hüquqsuz jurnalistlər” sərlövhəli (7 dekabr 2013-cü il) yazı ilə əlaqədar şikayətçi tərəfin və komissiya üzvlərinin çıxışlarında irəli sürülən iradlarla razılaşıb. Belə rəyə gəlinib ki, yazıda etik prinsiplərin bir sıra tələbləri pozulub. İTV rəhbərliyinin və qurumun ayrı-ayrı üzvlərinin ünvanına aşağılayıcı fikirlər yer alıb. Qəzetə təkzib verilməsi, qarşı tərəfin mövqeyini əks etdirən məktubunun dərci tövsiyə olunub.
İTV-nin «aznews.az» saytı barədə şikayətində məsələ tam əsaslandırılmadığı üçün gündəlikdən çıxarılıb.
İclasda «Yeni Cümhuriyyət» qəzetinin 8 dekabr 2013-cü il tarixli sayında gedən iki yazıdan şikayət doğuran məqamların bir-birini təkrarladığı əsas götürülüb. «Aqrolizinq» ASC-nin və «Azərenerji» ASC-nin şikayətlərinə eyni aspektdən baxılıb. Komissiyanın rəyində göstərilib ki, təqdim olunan məqalələrdə həmin müəssisələrin və onların rəhbərlərinin ünvanına kifayət qədər ciddi ittihamlar yer alıb. Ancaq bu ittihamlarda təsdiqləyici sənədlərə, dəlil-sübutlara əsaslanılmayıb. Ümumən oxşar üslub qəzetdəki digər materiallara da xasdır. Komissiya «Yeni Cümhuriyyət»ə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının olunması rəyinə gəlib. Qəzetin baş redaktoru Nəsimi Şərəfxanlının nəzərinə çatdırılıb ki, belə hallar təkrarlanacağı təqdirdə mətbu nəşr barədə daha ciddi ölçü tədbiri götürülə bilər.
Türkiyə Respublikasının vətəndaşı Turan Leventin «Məmur, sahibkar və qanun» qəzeti ilə bağlı şikayətinin müzakirəsi bu KİV-ə də MŞ-nin xəbərdarlığının olunması ilə yekunlaşıb. Komissiya son iki ildə işıq üzü görməyən həmin qəzetdən mətbu prinsiplərə uyğun gəlməyən məqsəd üçün istifadə olunmasını yolverilməz sayıb. Qəzetin baş redaktoru Çingiz Kazımzadəyə belə halların aradan qaldırılması tövsiyə olunub.
Komissiya «İqtisadiyyat və kölgə» qəzetinə Şuranın xəbərdarlığının edilməsi barədə rəy çıxarmaqla yanaşı, mətbu nəşr barədə məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da araşdırılmasını məqsədə müvafiq sayıb.
Sabirabad rayonunun Kovlar kəndindəki dini icmanın rəhbəri Əliqardaş İbrahimovun qəzetdən şikayəti müzakirə olunarkən baş redaktor Səadət İbrahimovanın mətbu nəşrdən qərəzli münasibət, ayrı-ayrı şəxslərin aşağılanması üçün yararlandığı əsas götürülüb.
banner

Oxşar Xəbərlər