• şənbə, 20 Aprel, 15:34
  • Baku Bakı 23°C

İtkin düşmüş şəxslərin xatirəsi anılıb

11.11.14 12:17 1185
İtkin düşmüş şəxslərin xatirəsi anılıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı sayəsində “Bayraq Günü” münasibətilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. AVCİYA mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, itkin düşmüş şəxslərin xatirəsi üçün ucaldılmış abidə kompleksi qarşısında baş tutan tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmiləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, itkin düşmüş şəxslərin ailə üzvləri, QHT və KİV nümayəndələri iştirak ediblər. İlk olaraq Azərbaycanın milli himni səsləndirilib. Sonra tədbiri açıq elan edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov gələn qonaqları salamlayaraq, “Bayraq Günü”nün əhəmiyyətindən danışıb.
“İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu”nun sədri Şahin Camalov “Bayraq Günü”nün ölkəmiz və vətəndaşlarımız üçün daşıdığı önəmdən bəhs edərək dövlətimizin vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş, şəhid olmuş, əsir və itkin düşmüş şəxslərin xatirəsini daima əziz tutduğunu, onların ailələrini daima diqqətdə saxladığını vurğulayıb.
Daha sonra çıxış üçün qonaqlara söz verilib. Tədbirdə iştirak edən qonaqlar belə bir tədbir təşkil etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildiriblər.
Tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinə təşkilatçılar tərəfindən ərzaq və sovqat paylanılıb.
Qeyd edək ki, sözügedən abidə “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun birgə fəaliyyəti nəticəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 24 yanvar 2014-cü il tarixində ucaldılıb.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər