• cümə, 19 Aprel, 17:25
  • Baku Bakı 25°C

İtirilmiş mənəvi dəyərlər

01.10.14 12:35 2093
İtirilmiş mənəvi dəyərlər
Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az

XX əsrin sonlarında bəşər tarixinin ən mühüm hadisələrindən olan Sovet İttifaqının qəfil süqutu siyasi təlatüm yaratmaqla yanaşı, həm də bizim nəslin nümayəndələri üçün psixoloji və ideoloji böhrana çevrildi. Söhbət təkcə yüksək sənaye istehsalı sürəti, güclü iqtisadiyyatı və hərbi-texniki potensialı ilə dünyaya meydan oxuyan nəhəng imperiyanın çökməsindən deyil, uzun əsrlər boyu formalaşmış ailə və mənəvi-əxlaqi dəyərlərin zorla insanların ürəyindən, beynindən çıxarılmasından gedirdi. Baş verənlər bizim üçün əsl mənəvi sarsıntı, əvəzedilməz itki idi. Vərdiş etdiyimiz dəyərlərdən, mənəvi-etik normalardan məhrum edilir, əvəzində isə müsbət heç nə əldə edə bilmirdik. Qərbin mənəvi “zorlama” prinsipi cəmiyyətimizin bütün təbəqələrinə təsirsiz ötüşmədi. Hamımız bu və ya digər yolla bu təsirin nəticələrini hiss etdik və indi də onların sahibinə “qaytara” bilmirik.
Düzdür, ədalət naminə deməliyəm ki, “sərbəst uçuş” üçün üzümüzə daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanı açıldı. Amma bu “uçuş” üçün bizə istiqamət verən, düzgün yönləndirən olmadı. Həyat tərzimizə münasib yeni seçim olmadığından, məcbur qalıb köhnənin “quyruğu”undan bərk-bərk yapışdıq. Lakin etiraf etməliyik ki, uzun əsrlər boyu formalaşmış və bizim vərdiş etdiyimiz həmin dəyərlər avrostandart, avroqayda deyilən təzyiqlərə daha tab gətirə bilmir, bu amansız mübarizədə gündən-günə zəifləyib öz gücünü itirir. Bu hərəkatı, daha dəqiq desək, antihərakatı açıq-aşkar hiss edirik. Çox güman ki, elə bu səbəbdən uzun illər boyu həyat tərzimizi, davranışlarımızı tənzimləyən, sosial məişətimizə hakim kəsilən dəyərlərdən tam imtina edə bilmirik. İtirdiklərimizin, hansı vəziyyətə düşdüyümüzün fərqinə hələ indi varır, müasir dünyada və üzvü olduğumuz cəmiyyətdə baş verənləri böyük təəssüf hissi ilə müşahidə edir, gözümüzün önündə gənclərimizin dəyərli heç nə əldə edə bilməyəcəkləri qeyri-müəyyən, naməlum istiqamətə - uçuruma doğru necə yuvarlanmalarını səssiz-səmirsiz seyr edirik. Nə edəcəyimizi, kömək üçün kimə üz tutacağımızı bilmirik. Zənnimcə, belə bir şəraitdə yeni nəslin köməyinə yalnız biz böyüklərin qoruyub saxlamağa çalışdıqları dəyərlər gələ bilər. Xəyali olsa da, biz həmişə parlaq gələcəyə aparan aydın və aşkar yolu seçmişik. Bugünkü Avropasayağı dəyərlər isə heç bir gənci işıqlı gələcəyə aparmır, apara da bilməz. Perspektivli cəmiyyət bir tərəfə, hazırkı vəziyyət özü də ümidverici heç nə vəd vermir. Müasir Qərb dünyası daxilən ziddiyyətli olduğundan onun birtərəfli tərəqqisi labüd surətdə mənəvi tənəzzülə gətirib çıxarır. Lakin Avropa böyük cidd-cəhdlə bu böhrandan xilas olmağa can atır. Gənclərimiz isə onun iflas məqamını Qərb sivilizasiyası ilə qarışıq salır, Avropanın xilas olmaq istədiyi və böyük məmnuniyətlə bizə ixrac etdiyi bayağı mədəniyyətdən ikiəlli yapışaraq “müasir” olmağa çalışırlar. Necə deyərlər, istisinə isinmədiyimiz bir şeyin tüstüsünü bəhbəhlə qəbul edirlər.
Biz böyükləri indi narahat edən əsas məsələ gənclərimizin taleyidir. Müstəqillik qazandıqdan sonra yaranmağa başlamış milli-mənəvi prinsiplər hələ tam formalaşmadığından, köhnə dəyərlər isə artıq “dəb”dən düşmüş kimi qiymətləndirildiyindən onlar arasında sanki bir çaşqınlıq yaranıb. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın mənəviyyat sahəsində nə problemlər, nöqsanlar varsa, hamısı bizim məkana daxil olur. Gənclər ümumi axın istiqamətində üzür, hadisələrin nə gedişatına, nə də yönünə müdaxilə edə bilmirlər. Onlar mənəvi, etik, hətta məişət dəyərlərindən tamamilə xəbərsizdirlər. Ən acınacaqlısı isə bu boşluğun kimsəni ciddi narahat etməməsidir. Əlbəttə, insanlar mənəviyyatca kamil olsalar, kənar təsirlərə qarşı fərdi daxili müqavimət göstərə bilərlər. Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını qorumaq gücündə və səviyyəsində olsalar belə böyük əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil və iradəli deyillər. İndi biz böyüklər gəncliyimizi yad ünsürlərin məngənəsindən xilas etmək üçün gərək yüksək mənəvi dəyərlərimizi, milli kimliyimizi qorumaq, ənənələrimizə sadiq qalmaq prinsipindən çıxış edək. Çünki özünütəsdiq məhz milli-tarixi köklərə arxalanır. Biz böyüklər gəncliyimizə məhz bunu aşılamalıyıq. Nədənsə onlar ümumi hərəkatın bir parçası olaraq sonda həmin axının onları məntiqli sonluğa, müsbət nəticəyə aparıb çıxaracağına ümid bəsləyirlər. Amma yeni nəsil bu düşüncələrini, fərziyyələrini nə idrak, nə də məntiq baxımından izah edə, əsaslandıra bilmir. Elm, texnika və texnologiya o qədər sürətlə inkişaf edir ki, gənclər ətrafda baş verənlərin dərinliyinə varmağa imkan tapmırlar. Onların yeganə məqsədləri şəhvət və ehtiras hissini təmin etmək də daxil olmaqla hər cür zövqün yer aldığı axında informasiyanın əldə edilməsinin yeni üsullarına tez bir zamanda yiyələnməkdir. İnformasiya masasının üstündə hətta evdən çölə çıxmadan belə həyatı rəngarəng etməkdən ötrü tam seçim dəsti var. Gənclərin başı informasiyanın əldə olunması və ötürülməsinin yeni üsulları ilə zənginləşən bu seçimlərdən dumanlanıb. Bu informasiyaların heç birini dəyərlər sistemində tapmaq mümkün deyil. Ümumiyyətlə, son vaxtlar müşahidə etdiklərim belə deməyə əsas verir ki, mövcud şərtlər daxilində “dəyərlər sistemi” ifadəsindən istifadə etmək belə əhəmiyyətsizdir. Vaxtilə bizim məişətimizi, üzvü olduğumuz cəmiyyəti tənzimləyən dəyərlərdən indi əsər-əlamət belə qalmayıb. Gənc nəslə həqiqi dəyərlər əvəzinə onların saxta bənzəri aşılanır. Ən acınacaqlısı isə hansı amala, məqsədə xidmət etdiyi anlaşılmayan bu saxta dəyərlərin internetlə nəfəs alan dünyanın dörd bir tərəfindəki gənclər tərəfindən bəh-bəhlə qəbul edilməsidir.
İndi dünya daha ümumi xarakter daşımağa başlayıb. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə yanaşı, mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Fərqi yoxdur – istər düşünülmüş şəkildə, istərsə də qərəzsiz. Məsələnin ən çətin tərəfi isə qloballaşmanın qarşısıalınmaz bir prosesə çevrilməsidir. Artıq ondan kənarda durmaq, yaxud onun gəlişini əngəlləmək mümkünsüzdür. İndi fərdilik deyilən heç nə qalmayıb. İnsanlar öz həyatlarını tənzimləyən qaydaları belə sərbəst müəyyənləşdirmək hüququndan məhrum edilirlər. Geniş hüdudlara malik bütün dünya kompüter deyilən bir qurğunun içərisinə yerləşdirilərək qapalı məkana çevrilib. Bunun pis, yaxud yaxşı olduğuna qoy hər kəs özü qərar versin. Şəxsən mən sərbəst şəkildə hərəkət etməyə alışdığım geniş hüdudları kompüter ekranında qaçan dar sətirlərə dəyişmək istəmirəm. Şübhəsiz, bəşəriyyətin sürətli inkişaf “karvan”ından geri qalmamaq həyati əhəmiyyətli məsələdir, indiki zamanda bunun alternativi yoxdur. Lakin bu, xalqımızın öz simasını, əsrlər boyu qoruyub-saxladığı milli-mənəvi dəyərləri, şəxsi azadlığını itirmək hesabına olmamalıdır. Hər bir fərdin şəxsi maraqlarından irəli gələnlərə ümumi məqamları bölüşmək, insanlara özünü sərbəst ifadə etmək imkanı yaradan, mədəniyyət, məişət, din və adət-ənənə müxtəlifliyini təbliğ edən sistemdən axı niyə imtina edilməlidir? Bütün mədəniyyətlərin, dəyərlərin, xalqların düşüncələrinin eyni məcrada birləşməsi mümkünsüz bir məsələdir. Hər bir xalq öz mədəniyyəti, adət-ənənəsi, öz folkloru, öz milli kimliyilə maraqlıdır. Dünyada nə qədər xalq varsa bir o qədər də mədəniyyət, adət-ənənə, milli-mənəvi dəyər var. Bu rəngarənglik, xalça naxışları kimi çox çalarlılıq millətləri, toplumları bir-birindən fərqləndirir, ayırır. Sizi bilmirəm, amma şəxsən mənə bütün bu müxtəlifliklərin yer aldığı həyat daha maraqlıdır. Bir anlıq təsəvvür edin ki, yaşadığımız dünyada heç bir milli müxtəliflik və özünəməxsusluq yoxdur. O zaman bizim yeganə çarəmiz ümumi axın istiqamətində hərəkət etmək olardı. Həmin axına düşəndən sonra isə artıq əsrlər boyu qazandığımız, mənəviyyatımızın zənginliyinə, cəmiyyət, ailə, dostluq və sevgi kimi müqəddəs nemətlərin qorunub saxlanılmasına xidmət edən milli-mənəvi dəyərlərdən danışmaq üçün çox gec olacaq. Hətta xeyirlə şər arasında belə sərhəd mövcud olduğu halda qloballaşma tərəfdarları milli-mənəvi dəyərlərin heç bir hüdud tanımamasını istəyirlər. Vəziyyət o həddə çatıb ki, artıq müharibə və münaqişələr də heç bir qayda-qanun olmadan tam mənəviyyatsızlıq şəraitində özü də orta əsrlərin ən iyrənc formasında həyata keçirilir.
Problemli məqamlar kifayət qədər olsa da, bədbinliyə qapılmağın tərəfdarı deyiləm. Axtarışlar davam edir. Mən əminəm ki, gec-tez nəsillər arasında ümumi körpü salmağa nail olacağıq. Başqa yolumuz yoxdur. Çünki həyatımızı ardıcıllarımız, varislərimiz adlandırdığımız gənclərlə möhkəm əlaqə olmadan təsəvvür etmək qeyri-mümkündür.
Sadaladıqlarım əslində acı xəbərdarlıq və içimdən gələn etiraz səsi idi. Düzdür, barəsində danışdıqlarım bir o qədər də ürəkaçan məqamlar deyil. Lakin mənim kimi düşünən və gələcəyimizdən narahatlıq duyanlar üçün olduqca vacibdir. Bunları dilə gətirməsək, üzləşdiyimiz qaranlıq məqamları işıqlandırmasaq, yaşadığımız cəmiyyətin milli-mənəvi və etik dəyərlər sistemində baş verən dəyişikliklərə razılıq bildirmiş, onlarla barışmış olarıq.
Bu yazı ilə oxuculara müraciət etməyimin əsas səbəbi də elə budur...
banner

Oxşar Xəbərlər