AZE | RUS | ENG |

İtdirsəyi yüksək hərarətlə müşahidə oluna bilər

İtdirsəyi yüksək hərarətlə müşahidə oluna bilər
İtdirsəyi–göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəif olanlarda, əsasən uşaqlarda meydana çıxır. Bu, badamcıq, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir.

Bunu AZƏRTAC-a müsahibəsində tibb elmləri doktoru, oftalmoloq Aytən Sultanova bildirib.

Həkim deyib: "Xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq” əmələ gəlir. Bu zaman irin xaric oluna bilər. Eyni zamanda bir neçə itdirsəyi əmələ gələr və onların birləşməsi baş verərsə, bu zaman xəstənin ümumi vəziyyəti ağırlaşa bilər. Xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yarana bilər. Belə olduqda mütləq olaraq oftalmoloqa müraciət etmək lazımdır.

Müalicə antibiotiklərin köməyi ilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə isə mütləq immunoloqa müraciət olunmalıdır.

Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilyant yaşılı (zelyonka), yod və ya spirt vurmaq olar. Antiseptikin gözə düşməməsinə diqqət yetirmək mütləqdir.

İrin əmələ gəldikdə göz nahiyəsinə isti bir şey, misal üçün isitqac, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik qoyulduqda yaxşı effekt görmək olar. Dərman məhlulu ilə isladılmış pambıq və ya tənzif qoyulması isə məsləhət görülmür. Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz. Bu zaman infeksiya gözə yayıla bilər.

İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20 faizli sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.

Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır.

İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir. Lakin bu üsul da hər zaman xalyazionun tam çəkilməsinə kömək etmir. Bu halda cərrahi əməliyyat lazım olur. Əməliyyat bir neçə dəqiqə davam edir. Hazırda lazer üsulu ilə aparılan bu əməliyyat daha az travmatik və tikişsiz olur.

Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir. Bunlar soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, gigiyenik qaydalarına tam riayət edilməməsi kimi səbəblərdir.

Xalyazion tez-tez əmələ gəldikdə immun sisteminin möhkəmləndirilməsi mütləqdir. Bunun üçün vitamin-mineral kompleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112