• çərşənbə axşamı, 19 mart, 15:17
  • Baku Bakı 8°C

“İtalyan gənci gələcək haqqında düşünmür”

17.01.17 16:21 2259
“İtalyan gənci gələcək haqqında düşünmür”
"İtaliya… Hər kəs həyatında bir dəfə bu ölkəyə səyahət etmək istəyir. Çünki dünyanın ən gözəl və fərqli ölkələrindəndir. Xüsusilə də Venesiya… Möcüzəli bir yerdir, günün hər saatında fərqli rənglərə boyanır. Başdan-başa tarixdir, incəsənət əsəridir. Məşhur San Marko meydanı isə axşamlar canlı orkestrə qulaq asıb, rəqs edə biləcəyin nağıllar aləmidir. Şəhərin hər yeri musiqi, restoran, turistdir. İnsanların əksəriyyəti gülərüzlüdür. Bu ölkə elə bil xoşbəxt insanların toplaşdığı yerdir”.
Bu sözləri bizimlə söhbətində İtaliyanın Roma şəhərində yaşayan həmyerlimiz Mikayıl Bayramov dedi. Həmsöhbətimiz Avropanın ən böyük və qədim universiteti Roma Sapienza Universitetində təhsil alır.
Mikayıl 1993-cü ildə Şəmkirdə anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Kooperasiya Universitetinin "Marketinq və menecment” fakültəsində təhsil alıb. Daha sonra yuxarıda da qeyd etdiyimiz kimi Sapienza Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub. Həmsöhbətimiz hazırda Brüsseldə Avropa Parlamentində təcrübə proqramı qazanıb və orada çalışır.

İnsan tıxacı…

Deyir ki, uşaqlıqdan xaricdə təhsil almağı qarşısına məqsəd qoyub və buna nail olub: "Təhsil aldığım universitet siyasi fakültələr üzrə dünyadakı ən önəmli universitetlərdən biridir. Məhz buna görə Sapienzanı seçdim ki, təhsilimi inkişaf etdirib ölkəm üçün əlimdən gələni edim”.
Müsahibimiz ilk gündən İtalyanı sevib: "İtaliya Avropanın ən güclü və inkişaf etmiş ölkələrindəndir. O qədər gözəl mühit var ki, buranı sevməmək mümkün deyil. Təsadüfi deyil ki, kütləvi turist axınının olduğu ölkədir. Burada bizdən fərqli olaraq, avtomobil tıxacına yox, insan tıxacına düşürsən. Dünyanın bütün ölkələrindən tələbələr var. Turistlərin əlindən tıxacda ilişib qalırsan. Möcüzəli bir yerdir, günün hər saatında fərqli rənglərə boyanır. Başdan-başa tarixdir, incəsənət əsəridir. Ölkə qədim tarixə və ənənələrə malikdir”.
Tıxac məsələsinə gəldikdə isə həmsöhbətimiz deyir ki, onu bu ölkədə təəccübləndirən elə insanların çox olmasına baxmayaraq, avtomobil tıxacının az olmasıdır. Bunun səbəbi isə maraqlıdır: "İnsanlar bu problemi həll etmək üçün maraqlı üsul tapıblar. Belə ki, tıxac yaranmasın deyə, həftənin tək günləri tək rəqəmlə başlayan dövlət nömrəli maşınlar, cüt günləri isə cüt rəqəmli avtomobillərdən istifadə edirlər. Mən bu sistemi başqa heç bir ölkədə görməmişəm”.

Gələcək haqqında düşünməyənlər…

İtalyan gənc ilə Azərbaycan gəncini müqayisə edən həmsöhbətimiz deyir ki, italyan gənci gələcək haqqında düşünmür. Bu günü yaşayır və hər anından zövq alır: "Onlar öz əyləncələrinə, istirahətlərinə vaxt ayırırlar. Ailədə onların istəklərinə qarşı təzyiq yox dərəcəsindədir. Burada məni cəzb edən ən maraqlı cəhət isə qadınlarla kişilər arasında heç bir fərq qoyulmamasıdır. Yəni, burada qadınlar kişilərin çalışa biləcəyi bütün sahələrdə çalışırlar. "Qadın ancaq yemək bişirməlidir” kimi bir qayda yoxdur. Qadın da, kişi də yemək bişirməlidir. Mətbəxdə onların hər ikisinin rolu eynidir. Gender bərabərliyi sözün əsl mənasında qorunur. İtaliyada gənclər sərbəst və açıq fikirlidir. İtaliyan gənclə söhbət edərkən, onun fikrinə əks fikir söyləyirsənsə, bunu qəbul edir və hörmətlə yanaşır”.

Pulsuz tibbi xidmətlər

Mikayıl deyir ki, italyanların bir çox xüsusiyyətlərinin ölkəmizdə olmasını istərdi: "Vətəndaşlar üçün stomatoloji xidmətlər istisna olmaqla, bütün növ tibbi xidmətlər pulsuzdur. Bunu öz ölkəmdə görmək istərdim”.
Bu qədər gözəlliyin içində ən çox darıxdığı isə Azərbaycan mətbəxidir: "Yeməyi çox sevdiyim üçün milli mətbəximizi burada görmək istərdim. Burada daha çox pasta, pizza və lasaqna yeyirlər”.

"Əsas məqsəd həyata hazırlamaqdır”

İtaliya ilə bizim təhsilimiz arasında kifayət qədər fərqlər olduğunu vurğulayan müsahibimiz deyir ki, İtaliyada müəllim tələbələrə sərbəstlik verir: "İtaliyada digər inkişaf etmiş ölkələrdə olduğu kimi, təhsilə sərbəst yanaşırlar. Bizlərdə daha çox davamiyyət, mühazirə dəftərlərinə önəm verildiyi hallarda, bu, Avropa təhsili üçün heç bir əhəmiyyət daşımır. Avropa təhsilində praktik iş daha çox vacibdir, nəinki bizlərdə. Bundan əlavə, İtaliyada texniki təhsil mühüm və vacib sahələrdən sayıldığı üçün bu sahəyə maraq daha çoxdur. Bizdə isə əksinə, texniki sahənin nə qədər vacib olduğu amilini hələ də nəzərə almırıq. Orada müəllimin dərdi dərsi çətinləşdirmək və tələbəni sıxışdırmaq deyil. Müəllimlər asan dillə çətin mövzuları izah etməyə çalışırlar. Burada əsas məqsəd tələbələri lazımsız materialla yükləmək deyil, onları yeni həyata hazırlamaq, əllərinə sənət verməkdir”.
"Bütün ümidləri Təhsil Nazirliyinə bağlamayın”

Sonda xaricdə təhsil almaq istəyən gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, istər təhsil, istərsə də səyahət məqsədilə digər ölkələrlə tanış olmaq insana müsbət mənada təsir edir: " Eyni zamanda özünütanıma, özünüinkişaf, təkbaşına çətinliklərin öhdəsindən gəlmək imkanı əldə edirsən və düşünürəm ki, bu, kifayət qədər önəmli məsələdir. Əvvəlcə universitetlərin tələb etdiyi dil biliyinin göstəricisi olan sertifikatı (İELTS, TOEFL) əldə etmək lazımdır. Yaxşı götür-qoy etdikdən sonra, ixtisası seçməli və bu ixtisasın mövcud olduğu universitetləri araşdırmalıdırlar. Hətta daha rahat olardı ki, özləri üçün təhsil almaq istədikləri ölkəni də müəyyən etsinlər. O zaman seçim etmək asanlaşır. Mən deyərdim ki, xaricdə universitetlərə qəbul olmaq çətin deyil. Çətin olanı təqaüd almaqdır. Təqaüd almaq üçün isə bütün ümidləri Təhsil Nazirliyinə bağlamaq lazım deyil. Erasmus, Erasmus+, Laziodisu, Backis, Alrakis, Social Work, DAAD kimi proqramlar var. Bu siyahını daha da uzatmaq olar”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər