• çərşənbə axşamı, 19 mart, 13:12
  • Baku Bakı 8°C

“İtaliyada da hər cür davranışa, qabiliyyətə sahib gənclər var” - Soydaş

21.04.17 11:30 3323
“İtaliyada da hər cür davranışa, qabiliyyətə sahib gənclər var”   - Soydaş

"Burada Azərbaycan haqqında müxtəlif səviyyədə məlumatlı insanlara rast gəlmişəm. Bəziləri ölkəmiz, Dağlıq Qarabağ problemi, insanlarımız haqqında müəyyən informasiyaya sahibdirlər. Başqa bir qismin isə ölkəmizin varlığından belə xəbəri yoxdur . Azərbaycanı tanıtmaq üçün hər kəs öz ətrafından başlaya bilər. Qaldığı evdəki insanlarla söhbətdən, universitetdə, kursda ünsiyyətdə olduğu adamlardan başlamaq olar. Amma əvvəlcə gərək özünü yaxşı tanıdasan ki, dediklərin onlara maraqlı və inandırıcı olsun”. Söhbət tarixi "məğlubiyyətə bərabər qələbə”nin olduğu, paytaxtını qazların xilas etdiyi İtaliyadan gedir. İtaliya, tarixi abidələri, mətbəxi ilə məşhur olan ölkələrdən biridir. Xüsusilə, pizzası ilə tanınan bu ölkə turist axını baxımından da ön sıralardadır. İtaliyanı "tarix qoxuyan ölkə” də adlandıranlar var. Çünki nə qədər müasirləşsə də, tarixiliyini qoruyub saxlaya bilib. Budəfəki müsahibimiz İtaliyada təhsil alan Sənan Mehdidir. Sənanla həmsöhbət olub İtaliyaya qiyabi səyahət etdik.

Beş min avro təqaüd


Sənan 1989-cu ildə Ağdamda anadan olub. Bakalavr təhsilini Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə alıb. Universitetin son ilində təhsilinin növbəti mərhələsini xaricdə davam etdirməyə qərar verib: "Təhsilimi xaricdə almaq, fərqli mühit və təhsil sistemi ilə yaxından tanış olmaq istəyirdim. Məzun olduqdan sonra müxtəlif səbəblərdən bu alınmasa da, həvəsdən düşmədim, yenidən cəhd etdim. Diplom işimi yazmağa başlayacağım son semestrdə xaricdə təhsillə bağlı araşdırmalar aparıb, bir sıra təhsil proqramları ilə yaxından tanış oldum. 2014-cü ildə Litva, Finlandiya və Avstriya universitetlərinin birgə təşkil etdiyi "Sosial Siyasət və Rifah" magistr proqramına daxil oldum. Amma bu təqaüd proqramı deyildi. Təhsil haqqım öz maliyyə vəsaitimin hesabına olsa da, ilk semestri kəsirsiz başa vurduğuma görə, Avropa Sosial Fondu yarım illik təhsil haqqımı ödədi. Lakin birinci təhsil ilinin sonunda İtaliyada təqaüd şansının daha böyük olduğunu öyrəndim”.
Sənan qeyd edir ki, bunu nəzərə alaraq, şansını İtaliyada yoxlamaq qərarına gəlib: "Roma Sapienza Universitetinin İnkişaf və Beynəlxalq Əməkdaşlıq magistr proqramına müraciət etdim və qəbul oldum. Eyni zamanda, İtaliyanın təqaüd proqramını da qazandım. "Sosial Siyasət və Rifah” magistr proqramındakı təhsilimi dayandırıb İtaliyaya yola düşdüm. İtaliyanı seçməyimə səbəb burada təqaüd alma şansımın yüksək və universitetin reytinqli olması idi. Dünyada top 150-yə daxil olan universitetlərdən biridir. İllik beş min avro təqaüd alıram. Roma turistik yer olduğundan evlərin kirayə haqqı bahadır. Yataqxanada qalmaq daha münasibdir. Hazırda yataqxanada qalıram. Şəraiti də normaldır. Ərzaqların qiyməti əvvəllər baha təəssüratı yaratsa da, artıq bizdə olan qiymətlərlə uyğundur”.

Gedişatı yoxlamaq üçün dedim ki...

Həmsöhbətimiz tələbə-müəllim münasibətinə də toxundu: "Münasibətlər səmimiyyət üstündə qurulur. Müəyyən bir mövzunun müzakirəsi zamanı tələbə çəkinmədən öz fikrini deyə bilir. Həmçinin burda başqa ölkələrdən gələn tələbələrə xüsusi önəm verilir. Bir misal çəkim, Litvada oxuduğum vaxt imtahan günü müəllim mesaj yazmışdı ki, otağı tanımırsansa, gəlib qarşılaya bilərəm. Əslində tapa bilərdim, sadəcə, gedişatı yoxlamaq üçün dedim ki, zəhmət olmazsa, qarşılayın. Həqiqətən də gəlib qarşıladı. Bizdə isə bunu hansısa müəllimdən xahiş edə bilməzsən”.

İşsizlik faizi kifayət qədərdir
Gənclərin həyat tərzindən söhbət açan Sənan deyir ki, İtaliyada da hər cür davranışa, qabiliyyətə sahib gənclər var. Elmlə maraqlananlardan tutmuş, səyahətə, əyləncəyə və ya alternativ-əyləncəyə meylli olanları misal göstərmək olar: "Amma ümumi götürəndə, gənclər arasında işsizlik faizi kifayət qədərdir və bunun müxtəlif səbəbləri var. Müəyyən yaşa qədər işləməyib, təhsil almaq və ya həyatını istədiyi kimi yaşamaq iddiası böyük olan gəncin az maaşa qane olmamağı və s. səbəblərdən gənclər işsizdirlər. Fərqli əyləncələri odur ki, həftə sonları kiçik barların qabağında əllərində içki olan yüzlərlə gəncin yığışdığını görə bilərsiniz, sanki mitinqdir”.

Darıxmaqdan boşluğa düşmüşdüm

Həmsöhbətimiz xaricə getdiyi ilk zamanlarda yaşadığı çətinliklərdən danışdı: "İlk dəfə Litvaya gedəndə hətta darıxmaqdan boşluğa düşmüşdüm. Bu, səhv qərarlar verməyə də gətirib çıxarır. Adaptasiya olmaq mənə bir az çətin gəlirdi. Ancaq növbəti il İtaliyaya gedəndə tam rahat idim. Hətta bu problemi yaşayan qrup yoldaşımın vəziyyətdən çıxmağına kömək etdim. Litvada şəhərdə rusca, universitetdə ingiliscə ünsiyyətdə olurdum. İtaliyada isə əhali ilə ünsiyyət problemləri olurdu. Çünki ingiliscə bilənlər az idi”.

Təhsilin zamanı və məkanı varmı?

Sənandan onun üçün təhsilin zamanı və məkanının olub-olmadığını soruşduq. Bildirdi ki, qavramaq, tətbiq və sistem məsələsinə görə var: "Məsələn, kimsə əlli yaşında gedib tibb təhsili alır. Nə qədər öyrənib, nə dərəcədə tətbiq edəcəyi sual altındadır. Eyni zamanda, sistem məsələsi də önəmlidir. Yəni ənənəvi təhsil sistemi və onlayn təhsil sistemi. Söhbət onlayn təhsildən gedirsə, təbii ki, məkan və zaman fərqi yoxdur, əsas oxumaqdır. Orta məktəbi bitirdikdən sonra bir müddət işləmək lazımdır ki, insan özünü harda gördüyünü, hansı ixtisasa yiyələnmək istədiyini bilsin. Ondan sonra bakalavr ixtisası seçməlidir. Əgər akademik fəaliyyət göstərəcəksə, magistr təhsilini də bakalavr dərəcəsini bitirib bir müddət işləyəndən sonra seçməyi uyğundur. Bu baxımdan, 25 yaşa qədər bakalavrı bitirmək, magistr dərəcəsinə isə 30-32 yaşa qədər daxil olmaq normaldır ”.
Müsahibimiz səyahət etməyi sevdiyini də söylədi. Hər dəfə yeni gördüyü şəhərdən ayrılmağın bir az daha çətin olduğunu dedi: "Sanki yeni tanış olduğun qızdan və ya dostundan ayrılırsan. Gürcüstanda, Türkiyədə, Litvada, Finlandiyada, Macarıstanda, Avropanın şərqi, şimalı, cənubu, mərkəzində olsam da, hələ qərbə getməmişəm. Planımda Avropanın digər görmədiyim ölkələrinə səyahət etmək də var”.
Sənan gənclərə əzmkar və mübariz olmalarını tövsiyə etdi: "Həvəsdən düşməsinlər, iddiaları, məqsədləri uğrunda çalışsınlar, özlərini inkişaf etdirsinlər. Fərqli ölkə, cəmiyyət, insanlar, mühit, təhsil sistemi tanısınlar. Hər şey tələbənin özündən asılıdır, inkişaf da, inteqrasiya da edə, sabit də qala bilər”.
Günel AZADƏ






banner

Oxşar Xəbərlər