• çərşənbə, 24 Aprel, 16:01
  • Baku Bakı 27°C

İtaliyada 2020-ci ilin “Azərbaycan ili” elan olunmasının gətirdiyi dividentlər

21.02.20 16:00 1627
İtaliyada 2020-ci ilin “Azərbaycan ili” elan olunmasının gətirdiyi dividentlər
Bu ölkənin istehsalı olan müasir texnologiyaların ölkəmizə gətirilməsi həm kənd təsərrüfatının, həm də sənayenin inkişaf etdirilməsinə müsbət təsir edəcək

Fevralın 20-də Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olundu. Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulandı. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından "Azərbaycan ili” elan edildiyi bildirildi.
Maraqlıdır, İtaliya kimi bir ölkədə "Azərbaycan ili”nin elan edilməsi növbəti mərhələdə ölkəmizə iqtisadi baxımından hansı dividentləri qazandıracağını, nə kimi əhəmiyyəti olacağını öyrənməyə çalışdıq.

Millət vəkili Nəsib Məhəməliyev bildirib ki, İtaliyada Azərbaycan ilinin elan olunması ölkəmizə iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuzunu da artıracaqdır: "Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirilib, siyasi, iqtisadi, müdafiə, mədəni, turizm, enerji, kosmik və digər sahələr üzrə əməkdaşlıq haqqında müqavilələrin imzalanıb. Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşılanma mərasimi, müzakirə olunan məsələlərin geniş spektri iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olmasının göstəricisidir. İtaliya dünyanın 7-ci, Avropanın 4-cü iqtisadiyyatına sahib olmaqla "Böyük yeddiliyin” üzvüdür. Özünəməxsus qədim tarixə və mədəniyyətə malikdir. Paytaxtı Roma şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin heykəli qoyulub.
Mətbuat konfransında İtaliya Respublikasının Prezidenti cənab Serjo Mattarelanın 2020-ci ilin İtaliyada "Azərbaycan ili” elan edilməsi ilə bağlı bəyanatı düşünürəm ki, hər birimizin ürəyincə oldu. Bu da faktdır ki, son illər Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən, Cənub Qaz dəhlizinin bir qolu olan TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəlliklər yaradılırdı. Aralarında erməni lobbisinin də fəal şəkildə iştirak etdiyi maneələr aradan qaldırıldı və yaxın vaxtlar da tikinti başa çatacaqdır. TAP-n istifadəyə verilməsi isə Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, siyasi nüfuz da gətirəcək. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasətin və beynəlxalq aləmdə şəxsinə olan inamın, hörmətin nəticəsidir. Uğurlar Azərbaycan, uğurlar cənab Prezident!”
Millət vəkili Azər Badamov bunu xarici aləmdə ölkəmizə verilən dəyər kimi qiymətləndirir: "İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin potensialı kifayət qədər genişdir. Bu potensialdan istifadə edilməsi hər iki ölkə üçün əhəmiyyətli nəticələr verəcək. Hazırda İtaliya neft məhsullarının 90 %-ni Azərbaycandan idxal edir. Bundan sonra da qeyri-neft sektorunun məhsulları üçün yeni bazarlar yaranacaq. İtaliya istehsalı olan müasir texnologiyaların ölkəmizə gətirilməsi həm kənd təsərrüfatının, həm də sənayenin inkişaf etdirilməsinə müsbət təsir edəcək. Həmçinin bundan sonrakı mərhələdə ölkəmizdə müxtəlif sahələrə investisiya qoyacaq yeni italiyalı sahibkarlar olacaq”.
Turizm üzrə ekspert Ceyhun Aşurov sözlərinə görə İtaliyada 2020-ci ili "Azərbaycan ili” elan edilməsi ölkələr arasında turist mübadiləsinin də genişlənməsinə müsbət təsir edəcək: "Belə bir addımın atılması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verəcək. Bu, ölkəmizin siyasi, mədəni, turizm baxımından tanıtımında böyük rol oynayacaq. Burada əsas məqsəd Azərbaycanın imicinin fərqli formatda tanıdılmasına xidmət etməkdir. Mən əminəm ki, turizm baxımından da inkişaf olacaq. Xüsusilə də gəlmə turizmində artım nəzərə çarpacaq dərəcədə hiss olunacaq. Həmçinin İtaliyanın bu sahədə olan təcrübəsindən də yararlanmaq imkanı əldə edəcəyik. Turizm potensialı geniş olan sahədir və ölkənin imicinə hərtərəfli təsir edir. Ona görə xarici bir ölkədə "Azərbaycan ili” elan edilməsi tanınmaq üçün çox gözəl fürsətdir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər