• cümə axşamı, 25 aprel, 19:45
  • Baku Bakı 21°C

İtaliya və Yunanıstan Azərbaycan qazını gözləyir

18.07.14 08:28 1416
İtaliya və Yunanıstan Azərbaycan qazını gözləyir
Prezident İlham Əliyevin İtaliya və ondan əvvəl Yunanıstana dövlət səfərləri, müzakirə olunan məsələlər Qərb və Rusiya mətbuatında geniş yer ayrılır. Qərb qəzetləri, xəbər agentlikləri, informasiya portalları prezidentin bu ölkələrə rəsmi səfəri ilə bağlı çoxsaylı məqalələr, informasiyalar yayıblar. Məqalələrdə səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfəsi ilə bağlı məqamlar təhlil olunur. Məsələn, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri yazır ki, Azərbaycanın enerji resurslarının dünya bazarlarına, ilk növbədə Avropaya nəqli rəsmi Bakının xarici siyasət fəaliyyətinin başlıca istiqamətlərindən biridir.
Bu məsələ ölkə rəhbərliyinin avropalı liderlərlə apardığı danışıqlarda başlıca istiqamətlərindən biri kimi gündəliyə salınır. Bu sırada prezident İlham Əliyevin başa çatan İtaliya və Yunanıstan səfərləri də bu qəbildən olub. Qəzet yazır ki, dövlət başçısının İtaliyaya səfəri zamanı ən yüksək səviyyədə qəbul təşkil edilib. Prezidenti italiyalı həmkarı Corcio Napolitano, İtaliya Senatının sədri Pyetro Qrasso qəbul edib. Rəsmi məlumatlara görə, danışıqlar zamanı tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələrin səviyyəsindən razılıqlarını ifadə ediblər. Qeyd olunub ki, İtaliya Azərbaycanın başlıca ticarət tərəfdaşlarından biridir. Eyni zamanda görüşlər zamanı iqtisadi əməkdaşlığın diversifikasiyasının əhəmiyyətindən də danışılıb. Danışıqların yekununda isə İtaliyanın baş naziri Matteo Rençinin iştirakı ilə ikitərəfli sazişlərə imza atılıb - strateji tərəfdaşlıq barədə birgə bəyannamə, eləcə də dəniz nəqliyyatı, iqtisadiyyat, mədəniyyət və idman sahəsində razılaşma.
Danışıqlar zamanı qeyd olunub ki, iki ölkə arasında əlaqələr strateji səviyyəyə yüksəlib. Azərbaycan və İtaliya münasibətlərinin Avropa İttifaqı ilə əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyətini qeyd edən prezident İlham Əliyev və baş nazir Matteo Rençi bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıblar. Bu sırada ilk növbədə enerji sahəsində əməkdaşlığın perspektivləri nəzərdə tutulur. Rusiya nəşri xatırladır ki, söhbət Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Avropaya nəqli məsələsindən gedir. Bir il bundan əvvəl Bakıda “Şahdəniz” konsorsiumu ilə “Şahdəniz 2” layihəsi çərçivəsində Azərbaycan qazının alqı-satqısı üzrə doqquz Avropa kompaniyaları arasında sazişə imza atılıb. Sənədə görə, 2019-cu ildən 10 mlrd. kub metr qaz Avropa bazarlarına çıxarılacaq, bunun 8 mlrd.kub metri İtaliyaya çatacaq. Yerdə qalanı isə Bolqarıstan və Yunanıstan öz aralarında bölüşəcəklər. O da xüsusi qeyd edilib ki, Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində lider rolu oynaya bilər. Avropada gəlinən qənaət budur ki, Ukraynadakı son hadisələr və İraqda bu yaxınlardakı böhran enerjidaşıyıcıların ixracı mənbələrinin şaxələndirilməsi və qeyri-sabit ixracatçılar məsələsini bir daha aktuallaşdırıb. Ona görə də yeni ixracatçılara, eləcə də bərpa olunan enerji mənbələrinə maraq göstərilməyə başlayıb. Avropanın bir sıra dairələrində hesab edirlər ki, Avropanın Azərbaycan kimi enerji ehtiyatlarının sabit tədarükçülərinə ehtiyacı var.
Qeyd edilir ki, Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. “Şahdəniz” konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. dollar təşkil edir. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar “EGL”, “Statoil” və “E.ON Ruhrgas” şirkətləridir. Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin 10 mlrd.-ı Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.
O da qeyd edilir ki, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə ötən ay prezident İlham Əliyev Yunanıstana dövlət səfəri zamanı da danışıb. “Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şahdəniz”, TANAP və TAP layihələri hal-hazırda Avropada ən irimiqyaslı layihələrdir. Onların reallaşması nəticəsində Azərbaycan gələcək on illər ərzində istehsal etdiyi təbii qazını Avropa bazarlarına daşımağa imkan tapmış olacaq” - deyə prezident İlham Əliyev Afinada bəyan edib.
Yerli analitiklərin qənaətincə, Azərbaycan azına həddən arıq diqqət yaxın illər ərzində daha da arta bilər. Ukrayna məsələsinə görə, Qərblə Rusiya arasında qarşıdurma həllini tapmasa, buna maraq çox güclü olaraq qalacaq. Bu fonda Avropa üçün TANAP və TAP layihələrinin əhəmiyyəti artmış olacaq. “O ki qaldı Azərbaycana, analitiklər burada rəsmi Bakının əldə edəcəyi əsas iki dividentə diqqət ayırırlar. Birincisi, bu Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirmiş olacaq. Və bu münasibətlər getdikcə strateji önəm almağa başlayacaq. İkincisi isə ölkə beynəlxalq səviyyədə təhlükəsizliyinə təminat əldə etmiş olacaq. Ekspertlər hesab edir ki, bu məsələ postsovet məkanına daxil olan ölkələr üçün mühüm əhəmiyyət kəsb edir” - deyə qəzet sonda yazıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər