• cümə axşamı, 28 mart, 23:23
  • Baku Bakı 13°C

İtaliya Prezident Sarayında Azərbaycan musiqisi

15.10.18 13:45 566
İtaliya Prezident Sarayında Azərbaycan musiqisi
İtaliya Respublikası Prezidentinin Kuirinale Sarayının Kapella Paolina zalında hər həftənin bazar günləri keçirilən, Rai Radio 3 ictimai radiosu ilə saat 11.50-dən etibarən bir saatlıq canlı yayımlanan məşhur "Kuirinale Konsertləri”nin (Concerti del Quirinale) 14 oktyabr buraxılışı Azərbaycan musiqilərindən ibarət konsertə həsr olunub.
AZƏRTACxəbər verir ki, İtaliya Prezidenti Sarayında keçirilən bu təqdimat, eyni zamanda, "Kuirinale Konsertləri” proqramında yer alan və Rai Radio 3 ictimai radiosu vasitəsilə canlı olaraq geniş auditoriyaya təqdim olunan ilk Azərbaycan musiqi konserti olub.
Açılışında "Kuirinale Konsertləri” proqramının təsisçisi və aparıcısı professor Stefano Katuççi çıxış edərək knsertin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və muğamın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib.
Azərbaycan və İtaliya arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan aparıcı cari ilin iyulun 18-19-da İtaliya Prezidenti Sercio Mattarellanın, sentyabrın 25-26-da isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərini xatırladıb.
Professor Stefano Katuççi Azərbaycanın zəngin musiqi mədəniyyəti irsi barədə danışıb, konsert proqramı çərçivəsində italyan maestro Pierluici Ruccieronun rəhbərliyi ilə Azərbaycan, italyan və macar musiqiçilərindən ibarət Belcan-Tar ansamblının ifasında Azərbaycanın klassik musiqi nümunələrinin və xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ” muğam ansamblının ifasında Azərbaycan muğamları və xalq mahnılarının təqdim ediləcəyini bildirərək konsertin repertuarı (http://palazzo.quirinale.it/concerti/programmi/pdf) haqqında məlumat verib.
S.Katuççi Qarabağın Azərbaycan muğamının beşiyi, Şuşanın isə Azərbaycan musiqi sənətinin mərkəzi olduğunu, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin Şuşada böyüyərək yaradıcılığına burada başladığını, konsert proqramı çərçivəsində muğamlarla yanaşı, Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Fərhad Bədəlbəylinin müəllifi olduğu "Şuşa” kompozisiyasının da səsləndiriləcəyini bildirib.
Bundan sonra ilk olaraq səhnəyə Belcan-Tar ansamblının üzvləri - Əməkdar artist, tarzən Sahib Paşazadə, violonçelist Pierluici Rucciero, skripkaçı Zoltan Banfalvi, pianoçu Luçiano Di Ciandomeniko dəvət olunublar. Ansamblın ifasında Üzeyir Hacıbəylinin "Koroğlu uvertürası”, "Arazbarı”, Qara Qarayevin "Yeddi gözəl valsı”, Fərhad Bədəlbəylinin "Şuşa”, Həsən Rzayevin "Çahargah rapsodiyası”, Cioakino Rossinin "Barbieri di Siviglia uvertürası” kimi əsərlər səsləndirilib.
Konsertin ikinci hissəsində "Qarabağ” musiqi qrupunun rəhbəri görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, qrupun üzvləri - Əməkdar artistlər Elçin Həşimov (tarzən), Elnur Əhmədov (kamança), Kamran Kərimovun (nağara) ifasında "Mahur Təsnifi”, "Qara tellər”, "Axtarma məni”, "Ay Laçın”, "Aman ovçu”, "Mehriban olaq”, "Qarabağ” kimi muğam, xalq və bəstəkar mahnılarımız təqdim olunub.
Musiqiçilərin məharətli ifası tamaşaçıların böyük marağına səbəb olaraq, sürəkli və gurultulu alqışlarla qarşılanıb.
Aparıcının xahişi ilə əlavə olaraq proqramda nəzərdə tutulmayan ifalar da səsləndirilib.
Konsertə Rai Radiosunun rəsmi internet səhifəsi olan aşağıdakı keçiddən qulaq asmaq mümkündür.https://www.raiplayradio.it/audio/
Xatırladaq ki, eyni konsert proqramı oktyabr 12-də İtaliyanın Abruzzo Regional Şurasının binası olan Emiçilio Sarayında (Palazzo dell’Emicilio) keçirilib.
banner

Oxşar Xəbərlər