İsveçrənin tanınmış eksperti azərbaycanlı jurnalistlər üçün seminar keçib
Bu
gün Mətbuat Şurasında İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq
Aleksandra Stark kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi üçün
seminar keçib. Seminar Şuranın İsveçrənin
Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində düzənlənib, əsasən onlayn
media, media marketinqi və sosial şəbəkələr mövzusunda olub.
Toplantı
iştirakçılarını salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov
təlimçi A.Stark barədə məlumat verib, ekspertin çox illik təcrübəsinin
Azərbaycan jurnalistləri üçün faydalı tərəflərinə diqqət çəkib. Ə.Amaşov
həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumla İsveçrənin Azərbaycandakı
Səfirliyinin birgə əməkdaşlığı davamlı olacaq. O, İsveçrədən Azərbaycana,
Azərbaycandan da İsveçrəyə jurnalist səfərlərinin təşkilinin vacibliyini
əsaslandırıb. "Bu günkü seminar ilk addımdır. Hesab edirəm ki, İsveçrə kimi
media təcrübəsinə malik ölkədən öyrənilməli çox məsələlər var. Ölkənin
Azərbaycandakı Səfirliyi də buna uyğun olaraq təşəbbüslər irəli sürür. Bu,
sevindirici haldır”, - deyən deputat onu da bildirib ki, xanım Stark aprelin
11-də Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbələri üçün də
seminar keçəcək.
İsveçrənin
Azərbaycandakı səfiri Filip Stalder də çıxışında rəhbərlik etdiyi diplomatik
missiyanın Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığından söz açıb, məsələnin
faydalı tərəflərini vurğulayıb. O, eyni zamanda bildirib ki, son 20 ildə
internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə
məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir. Belə yanaşma həm
də medianın IV hakimiyyət missiyası ilə əlaqədardır.
Səfir
İsveçrədə media qurumlarına xas göstəricilərdən danışarkən vurğulayıb ki, 4
rəsmi dili olan ölkənin media palitrası da kifayət qədər zəngindir. Belə ki,
İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri
var. 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət
göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin
mövcudluğu diqqət çəkir.
Açılış
nitqlərindən sonra seminar öz işinə başlayıb. 20 KİV-in təmsilçisinin qatıldığı
seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının
inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik
standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.