• cümə, 19 Aprel, 06:05
  • Baku Bakı 13°C

İsveçrəlilərin nifrət etdiyi sarışın xorvat - Portret

02.02.18 11:25 1166
İsveçrəlilərin nifrət etdiyi sarışın xorvat - Portret
Bir neçə ay sonra futbol dünyasının, hətta bu oyuna ciddi maraq göstərməyən bir çox insanın da bütün diqqəti Rusiyaya yönələcək. Şimal qonşumuz tarixi ərzində ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu oyunun vurğunu olan azarkeşlər yenə barışmaz mübarizənin, həyəcanın, heç bir çərçivəyə sığmayan sevincin, hönkür-hönkür ağlamağa məcbur edən təəssüfün, kədərin, ən əsası isə dünyanın futbol ulduzlarının Rusiyanın yaşıl meydanlarında "parıltı”sının şahidi olacaqlar. Ancaq bu ulduzlar heç də bütün komandalara bərabər paylanmayıb. Mundialın iştirakçısı olacaq 32 millinin bəzilərinin heyətini dünyanın top-komandalarının əsas üzvü olan futbolçular bəzəyirsə, bəzi komandaların heyətində bu cür oyunçu tapmaq buludlu səmada ulduz axtarmağa bənzəyir.

Xorvatiya millisi bu cəhətdən bəxti gətirənlərdəndir. Balkan ölkəsi təmsilçisinin heyətində Avropanın top-komandalarının əsas heyət üzvü olan yetərincə futbolçu var - İvan Perişiç, Luka Modriç, Mateo Kovaçiç, Mario Mancukiç və s. Son illərdə "Barselona”nın heyətində xarüqələr yaradan, komandanın mərkəz xəttinin əsas qüvvəsi, "Barsa”nın "onurğa sütunu”nun möhkəmliyi sayılan İvan Rakitiç də bu siyahıya daxildir. Bu yazıda sizə futbolçu karyerası ərzində Avroliqa, Çempionlar Liqası kimi turnirləri qazanmış, dünyanın ən güclü komandalarından olan "Barselona”nın əsas heyət üzvlərindən olan, "Raketa” ləqəbli İvan Rakitiçdən bəhs edəcəyik.


İsveçrədə xorvat ailəsi

İvan Rakitiç 1988-ci il, martın 10-da İsveçrənin Melin şəhərində dünyaya gəlib. Bəs niyə Xorvatiya yox, İsveçrə? Məsələ ondadır ki, İvan hələ dünyaya gəlməmişdən öncə onun valideynləri - Luka və Kata Yuqoslaviyada aranın qarışacağını hiss edərək, ölkəni tərk etmək qərarına gəlirlər. Onlar Avropada əmin-amanlığın olduğu ölkəni - İsveçrəni seçirlər. Gələcək Rakitiç ailəsi də burda formalaşır - İvan, qardaşı və bacısı da məhz bu ölkədə dünyaya gəlir.

Onun bütün uşaqlığı, yeniyetməliyi də bu ölkədə keçir. İvanda futbola həvəs necə yaranıb? Çox sadə. O, gözünü açandan bu oyunu görüb. İvanın atası Luka Rakitiç futbolçu olub. Lakin o, gənc yaşlarında zədə səbəbindən karyerasını erkən bitirməli olub. İvan Rakitiçin qardaşı Deyan da futbolçu olub. Ancaq o, İvandan fərqli olaraq, atasının taleyini yaşayıb. Gənc yaşda ağır zədə alan Deyan, butslarını vaxtından bir xeyli öncə mismardan asmalı olur. Dünyanın yaşıl meydanlarında Rakitiç soyadını daşımaq missiyası isə evin kiçiyinin - İvanın üzərinə düşür. İvan futbol oynamağı atasından öyrənib. Kiçik yaşlarında daim atası ilə futbol oynayan İvanda get-gedə bu oyuna olan həvəs böyüyüb. Nəhayət, atası onu İsveçrənin kiçik klublarından olan "Möhlin-Riburq” klubuna yazdırır. Burda bir müddət keçirən Rakitiç, 1995-ci ildə bu ölkənin nəhəng klublarından olan "Bazel”in aşağı yaş qrupuna keçir.

Gün boyu top dalınca qaçmaq ona zövq verirdi. Dərslər isə... Sadəcə, bu zövqü yarıda saxlayan "başağrısı” idi. İvan hər nə qədər intizamlı uşaq olsa da, onda məktəbə, dərslərə qarşı kiçik də olsa maraq yox idi. Ana Rakitiçin sözlərinə görə, oğlu hələ çox kiçik yaşlarında ikən məktəbi nə vaxt qurtaracağını soruşur, tezliklə bu "yük”dən azad olmaq istəyirdi:

"İvanın məktəbə getdiyi ilk vaxtı xatırlayıram. Həmin vaxt məndən "ana, nə qədər məktəbə getməliyəm” deyə soruşdu. Mən isə cavabında İsveçrə üçün məcburi təhsil müddəti olan "9 il” dedim. O isə "yaxşı, onda məktəbə getməyə məcbur olduğum ilə qədər gedərəm, ancaq bircə gün belə artıq olmaz” cavabını verdi”.

Onun anası ilə bu dialoqundan sonra Rakitiçin gələcəyinin təhsillə, elmlə bağlı olmayacağı bəlli idi. Məktəbdən uzaq durmaqda o qədər israrlı idi ki, hətta məcburi təhsil müddətini azaltmaq üçün texniki məktəbə də yazıldı. İvanın təhsilə marağının çox az olduğunu görən Rakitiç ailəsi, oğullarının gələcəyini müəyyənləşdirmək üçün onunla danışmaq qərarına gəlirlər. Atası ona təhsil və futbolla bağlı seçim etməli olduğunu deyir. İvan öz seçimini elə növbəti gün edir. O, bütün kitablarını geri qaytarır və həyatını futbola həsr etmək istədiyini bildirir. Çox cəsur addım idi. Ailəsi onun seçiminə hörmət edir və bu yolda ona tam dəstək olurlar.


İlk peşəkar müqavilə

İvan bu qərarı verəndə, hələ "Bazel”lə peşəkar müqavilə bağlamamışdı. O, İsveçrənin ən köklü klubu ilə müqavilə bağlamaq üçün 10 il gözləyir. "Bazel”in aşağı yaş qruplarından addım-addım əsas komandaya doğru irəliləyən İvan, 2005-ci ildə bu klubla peşəkar müqaviləyə imza atır. Rakitiç "Bazel”də keçirdiyi 47 oyunda 11 qol vurur. O, 2006/07 mövsümündə İsveçrədə "mövsümün ən çox inkişaf edən futbolçusu” seçilir. Elə həmin mövsümün sonunda da 5 milyon avro qarşılığında Almaniyanın "Şalke” klubuna transfer olunur. Düz 4 il Helzenkirhen təmsilçisinin uğurları üçün çalışır. Bu müddətdə meydana çıxdığı 135 oyunda 16 qol, 29 qol ötürməsi verən İvan, klub rəhbərliyi ilə anlaşmazlığa görə, Almaniya təmsilçisindən getməyə qərar verir.

Sevilyada qaldı çünki...

Rakitiç 2011-ci ildə onun xidmətində maraqlı olan İspaniya "Sevilya”sı ilə danışıqlar aparmaq üçün həmin şəhərə yollanır. Səfər zamanı İvan və qardaşı Deyan kafelərdən birinə gedirlər. Burda gördüyü ofisiant xanım isə onun karyerası ilə bağlı qərarına böyük təsir edir. Ona tort təqdim edən ofisiant xanımın sinəsində yazılmış "Rakuel Mauri” adını yaddaşına yazan İvan, Sevilyaya nə üçün gəldiyini unudur.

Bir müddət sonra onunla başqa klub da maraqlanır. Hətta danışıqlar aparmaq üçün ardınca şəxsi təyyarə də göndərirlər. Lakin İvan qardaşına "Sevilya” prezidentinə söz vermişəm, bu klubla müqavilə bağlayacağam” deyir. Əslində isə məsələ bir qədər fərqli idi. İvan kafedəki ofisiant xanıma vurulmuşdu. "Sevilya” ilə müqavilə imzaladıqdan sonra isə həmin kafeyə tez-tez gedərək, Rakuelin qəlbini qazanmağa nail olur. Nəhayət, 2013-cü ildə Rakitiç arzusuna çatır. O, həmin xanımla ailə həyatı qurur. Hazırda cütlüyün iki qız övladı var.

"Sevilya”dan "Barselona”ya

Rakitiç, başı sevgi macərasına qarışdığı zaman belə, futbolu ikinci plana keçirmir, məşqlərə diqqəti azaltmır. Elə məhz bunun da nəticəsində onun qiyməti hər keçən gün bir az da artırdı. Əslində isə onun "Sevilya” karyerası heç də uğurlu başlamamışdı. Andalusiya təmsilçisinin tez-tez məşqçi dəyişməsi əsas heyətə düşməsində çətinlik yaradırdı. 2011-ci ilin avqustunda, "Hannover”lə Avroliqa oyununda zədələnən Rakitiçin ayağında sınıq aşkar edilir. Ancaq bu da ona mane olmur. İvan "Sevilya”da kapitanlığa qədər yüksəlir. O, klubla birlikdə Avropa Liqasının kubokunu da başı üzərinə qaldırır.

2014-cü ildə isə onun karyerasında önəmli hadisə baş verir. Nəinki İspaniyanın, həm də dünyanın ən nəhəng klublarından olan "Barselona” İvan Rakitiçi heyətinə cəlb edir. Katalonlar onun transferi üçün 18 milyon avro ödəyirlər. Artıq 4-cü mövsümdür ki "Barselona”nın uğurları üçün çalışan Rakitiç, bu komandanın əsas üzvlərindən birinə çevrilib. O, "Barsa”nın heyətində iki dəfə La Liqa, bir dəfə isə Çempionlar Liqasının qalibi olur. Bu gün Rakitiç "Barselona”nın əvəzedilməz üzvlərindən hesab olunur.

Milli seçimi, azarkeşlərin qəzəbi

Rakitiç İsveçrədə doğulub böyüdüyündən, bu ölkənin aşağı yaş qruplarından ibarət milli komandalarında oynayıb. O, İsveçrənin U-17 millisində də top qovur. Ancaq İvan ölkəsindən kənarda böyüsə də, atası onu çox vətənpərvər ruhda tərbiyə etmişdi. Onun gələcək seçimində bu amil də az rol oynamır. Rakitiç millinin o vaxtkı baş məşqçisi Slaven Biliçin təklifinə "yox” demir. Beləliklə, İvan 2007-ci ildən öz vətəninin millisində top qovmağa başlayır. O, bu günə kimi damalı formada keçirdiyi 68 oyunda 9 qol vurub, 12 qol ötürməsi edib.

Ancaq onun İsveçrəni Xorvatiyaya dəyişməsi heç də birmənalı qarşılanmır. O, isveçrəli fanatlar tərəfindən təhqir olunur. Hətta bu təhqirlərdən onun İsveçrədə yaşayan ailəsi də yayına bilmir. Oğlunu Xorvatiya millisinin futbolkasını geyinərək dəstəkləyən ana Rakitiç, telefon və poçt vasitəsilə hədə-qorxu məktubları alır. Ancaq Rakitiç artıq qərarını vermişdi. O, bütün qalmaqallardan uzaq olmaq və rahat yaşamaq istəyirdi.


Portret

İvanın portretini müəyyənləşdirərkən ilk növbədə cəsarəti ön plana çıxır. Uşaq vaxtı futbol üçün təhsilin üzərindən xətt çəkən balaca İvan, illər sonra bu addımında yanılmadığını göstərdi. Onun bu addımı uşaq ağılsızlığı yox, düşünülmüş, ancaq bir qədər riskli qərar idi. İllər sonra Rakitiç yenə öz cəsarətini göstərdi. O, tərəddüd etmədən, böyüdüyü, yetişdiyi İsveçrəni yox, doğma vətəni Xorvatiyanı seçməyə qərar verdi. Heç vaxt mübarizədən çəkinməyən Rakitiç, "Barsa”da yarımmüdafiəsinin mərkəzində əsas qüvvə hesab olunur. Elə Xorvatiya millisi də DÇ-də uğurlu çıxış üçün dünyanın nəhəng klublarında top qovan Rakitiç və dostlarının istedadına və cəsarətinə ümidlidir.
Elnur

banner

Oxşar Xəbərlər