• cümə axşamı, 18 aprel, 09:03
  • Baku Bakı 12°C

İsveçrə məhkəməsinin Rusiyaya göndərdiyi oğlan - Portret

09.06.18 12:00 1451
İsveçrə məhkəməsinin Rusiyaya göndərdiyi oğlan - Portret
Peru millisi uzun müddətdir dünya çempionatına həsrət idi. "Qırmızı-ağlar” sonuncu dəfə 1982-ci ildə, İspaniyada keçirilən mundiala qatılmaq xoşbəxtliyinə nail olmuşdular. Argentina, Braziliya, Çili, Uruqvay kimi futbol nəhənglərinin yarışdığı Cənubi Amerika zonasından dünya çempionatına qatılmaq heç də asan deyil. Lakin "inklər” bu "tilsim”i keçən il qırmağı bacardı. Rikardo Qarekanın yetirmələri seçmə mərhələni 5-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazandılar. Burda isə Okeaniya təmsilçisi Yeni Zelandiyanı üstələyən (0:0, 2:0) perulular 36 illik həsrətə son qoydular. Peru yığması bir həftə sonra Rusiyada start götürəcək mundialda Danimarka, Fransa və Avstraliya seçmələri ilə bir qrupda mübarizə aparacaq. Lakin "qırmızı-ağlar”ı dünya çempionatı ərəfəsində qarşılaşacaqları rəqiblərdən çox, millinin kapitanı Paolo Gerreronun taleyi narahat edirdi. 34 yaşlı hücumçu vurduğu qollarla yığmanın mundiala vəsiqə qazanmasında mühüm rol oynasa da, son anadək dünya çempionatına qatılmamaq təhlükəsi ilə üz-üzə idi. Lakin hər şey Peru və Gerrero üçün xoş sonluqla bitdi. "İnklər” Rusiyada əsas qol silahının xidmətindən istifadə edə biləcək. Bu yazıda sizə Paolo Gerreronun enişli-yoxuşlu karyerasından bəhs edəcəyik.
18 yaşında "Bavariya”ya
Paolo Gerrero 1984-cü il, yanvarın 1-də Perunun paytaxtı Limada dünyaya göz açıb. Bir çox uşaq kimi Paolo da kiçik yaşlarından futbola meyl salıb. Lakin yaşıdlarından fərqli olaraq, bu istək onda həvəs olaraq qalmayıb. 8 yaşında paytaxtın "Alyansa Lima” klubuna yazılıb. Burda sərgilədiyi oyunla məşqçilərin etimadını qazanan Paolo, pillə-pillə daha yuxarı yaş qruplarına keçid alıb. Bir çox latın amerikalı futbolçunun xəyalı Avropaya ayaq açmaqdı. Lakin hər nə qədər istedadlı olsa belə, bu, hər oyunçuya qismət olmur. Onun isə bir qədər bəxti də gətirib. Belə ki, başqa futbolçulardan fərqli olaraq, Gerrero çox erkən - cəmi 18 yaşında Avropa klubunun diqqət mərkəzinə düşüb. Özü də, Almaniya nəhəngi "Bavariya”nın. 2002-ci ildə Münhen təmsilçisi Gerreronu 230 min funt-sterlinq qarşılığında heyətinə cəlb edir. Lakin əsas komandada o qədər dünya səviyyəli futbolçu var idi ki, Paolo "Bavariya”nın 2-ci komandasına göndərilir. "Bavariya-2”-nin heyətində aşağı liqalarda ümumilikdə 70 oyun keçirən Paolo, 49 qol vurur. Onun bu məhsuldarlığı Münhen təmsilçisinin əsas komandasının məşqçilər korpusunun diqqətindən yayına bilməzdi. Elə məhz bu səbəbdən Gerrero 2004/05 mövsümündə "Bavariya”nın əsas komandasına cəlb edilir. Lakin həm bu, həm də növbəti mövsümdə Paolo Münhen təmsilçisinin hər iki komandasında paralel olaraq çıxış edir. Gerrero "Bavariya”nın əsas komandasında keçirdiyi 44 oyunda 13 qola imza atır. Lakin Paolo Münhen klubunun yeni Pizarrosu (uzun müddət "Bavariya”da çıxış etmiş perulu hücumçu Klaudio Pizarro) ola bilmir. Klub onu satmaq qərarına gəlir. "Bavariya” təcrübəsi keçmiş milli üzvü üçün uzun müddət klub axtarmağa ehtiyac olmur. Bundesliqa təmsilçisi "Hamburq” 2,5 milyon avro qarşılığında Gerreronu heyətinə cəlb edir.

"Hamburq”da "rekord”
Paolo "dinozavrlar”da keçirdiyi ilk mövsümdə zədə səbəbindən yetərincə şans qazana bilmir. Lakin bu, ona Bundesliqada 20 oyuna 5 qol vurmağa mane olmur. Növbəti mövsümlərdə isə perulu hücumçu komandanın əsas heyətində özünə yer edir. Lakin "Hamburq” karyerası ərzində xoş anlarla yanaşı, xoşagəlməz hadisə də yaşanır. Gerrero 2010-cu ilin aprelində "Hannover”lə matç zamanı etdiyi hərəkətə görə ciddi cəza alır. Belə ki, perulu oyunboyu onu təhqir edən azarkeşlərdən birinin üzünə su butulkası çırpır. Bu hərəkəti Gerreroya baha başa gəlir. "Hamburq” rəhbərliyi futbolçunu klub tarixində rekord məbləğdə (50-100 min avro) cərimə edir. Paolo Almaniya Futbol İttifaqının cəzasından da yaxa qurtara bilmir. Federasiya hücumçunu 5 oyun və 20 min avro məbləğində cərimələyir.
Bu xoşagəlməz hadisəyə rəğmən, "Hamburq” rəhbərliyi Gerreronu klubda saxlayır. Hətta növbəti mövsümlərdə o, komandanın əsas üzvlərindən birinə çevrilir.

Doğma qitəyə qayıdış
2012-ci ildə isə o, Braziliyanın "Korintians” klubuna transfer olur. Latın Amerikası təmsilçisi Gerrero üçün 3,5 milyon avro ödəyir. Paolo Avropada tapmadığını Braziliya klubunda tapır. Klublararası dünya çempionatında "Korintians”ın heyətində çıxış edən Gerrero, komandasının qəhrəmanına çevrilir. Braziliya təmsilçisi çempionata birbaşa yarımfinaldan qatılır. O, həm yarımfinalda "Əl-Əhli”, həm də, finalda "Çelsi” ilə matçlarda komandasının yeganə qoluna imza ataraq, qələbədə mühüm rol oynayır. Beləliklə, "Korintians” klublararası dünya çempionatının qalibi olur.

Gerreronun "Korintians”lı günləri 2015-ci ilə kimi davam edir. O, həmin ildə azad agent kimi Braziliyanın digər klubu "Flamenqo”ya keçir. Bu komandanın da əsas heyət üzvünə çevrilən Paolo, meydana çıxdığı 110 oyunda 43 qol vurub.

Millinin rekordçusu və son anda dəqiqləşən DÇ səfəri

Gerreronun milli ilə tanışlığı 2004-cü ilə təsadüf edib. Maraqlıdır ki, Paolo birbaşa Perunun əsas yığmasının formasını geyinib. O, bu günə kimi yığmanın formasında keçirdiyi 87 oyunda 34 qola imza atıb. 34 yaşlı forvard bu göstərici ilə Peru millisinin tarixi ərzində ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

Peru yığmasının uzun fasilədən sonra mundiala vəsiqə qazanmasında Gerreronun müstəsna rolu olub. Belə ki, Paolo son seçmə mərhələdə Floreslə birgə millinin ən məhsuldar futbolçusu (5 qol) oldu. Lakin seçmə mərhələnin sonu Gerrero üçün heç də yaxşı keçmədi. Argentina ilə matçdan sonra götürülmüş dopinq testdə, onun qanında qadağan olunmuş maddə aşkar edildi. Futbolçu heç bir dopinq qəbul etmədiyini bildirsə də, analizin nəticəsi başqa şey deyirdi. Dünya idmanında bu cür hallar bağışlanmır. FİFA hücumçunu bir il müddətinə cəzalandırır. Bu da o demək idi ki, Gerrero karyerasının son illərində əldə etdiyi fürsətdən - mundialda çıxış etmək şansından məhrum olacaq. Apelyassiya şikayətindən sonra Gerreronun cəzası 6 aya endirildi. Bu cəza Paoloya milli ilə Rusiyaya yollanmağa imkan verirdi. Lakin bu vaxt Beynəlxalq Antidopinq Agentliyinin şikayəti əsasında Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) məsələyə yenidən baxdı. CAS-ın qərarı isə Peru futbol ictimaiyyətini yenidən kədərə qərq etdi. Məhkəmə Gerreronun cəzasını 14 aya yüksəltdi. Paolonun DÇ-ni buraxacağını düşünüldüyü bir vaxtda İsveçrə Ali Məhkəməsindən hamını sevindirən qərar gəldi. Məhkəmə Gerreroya tətbiq edilən cəzanın müvəqqəti dondurulması qərarını verdi. Bu da, 34 yaşlı hücumçunun mundiala yollana biləcəyi demək idi. Gerreronun bağışlanmasında futbol ictimaiyyətinin də böyük rolu oldu. Nəinki Peru futbol ictimaiyyəti və bu ölkənin seçmə komandasının üzvləri, hətta bu yığmanın dünya çempionatındakı rəqibləri Fransa, Avstraliya və Danimarka millilərinin kapitanları belə, FİFA-ya müraciət edərək, Paolonun bağışlanmasını xahiş etmişdilər.

İsveçrə Məhkəməsindən gələn qərar bütün Peru futbolsevərlərini sevincə qərq etdi. Peru Futbol Federasiyası isə sosial şəbəkələrdəki hesabında məhkəmənin qərarını paylaşaraq, bu sözləri qeyd etdi:

"Bütün Peru Paolo Gerreronun sevincini paylaşır. Təbriklər Paolo!”

Oyun tərzi

1,85 m boya malik Gerrero taran tipli hücumçudur. Hündür boyu hava toplarında ona üstünlük verir. Paolonun işlək ayağı sağdır. Gerrero hücumun sivri ucu ilə yanaşı, ikinci hücumçu kimi də çıxış edə bilir. Paolo irəli xətdə dayanıb, top gözləyən hücumçulardan deyil. 34 yaşlı forvard top uğrunda meydanın hər tərəfində mübarizə aparır. Qapını gördüyü istənilən mövqedən isə "çərçivə”yə düşmək onun üçün problem olmur. Taran tipli hücumçu olsa da, texnikası da yaxşıdır. O, meydanda əksər forvardlardan fərqli olaraq, simiclik etmir, lazımi anda komanda yoldaşlarına ötürmə verməkdən çəkinmir.
Hava toplarında üstün olsa da...
Gerrero meydanda hava toplarında nə qədər cəsarətli olsa da, həyatda eyni şey keçərli deyil. Paolunun aerofobiyası, yəni təyyarə ilə uçmaq qorxusu var. Bəlkə də onun Avropada uğurlu karyera qura bilməməsində bu amilin də rolu olub. Futbolçu Almaniyada top qovduğu zaman təyyarə məsələsinə görə dəfələrlə əziyyət çəkmişdi. O, adətən, Perudan Avropaya gəmi ilə getməyə üstünlük verirdi ki, bu da ona əlavə çətinlik yaradırdı. Onda bu fobiyanın 1987-ci ildə, dayısının təyyarə qəzasında həlak olmasından sonra yarandığı deyilir. İstənilən halda, bu fobiya Gerreronun karyerasına mənfi təsir göstərib.

Paolo ailədə yeganə futbolçu deyil. Onun böyük qardaşı Xulio Rivera da futbolçu olub. O, hətta 1992-1997-ci illər aralığında Peru yığmasının da şərəfini qoruyub.
Portret

Gerrero karyerası ərzində heç vaxt yüksək məhsuldarlıq nümayiş etdirən hücumçu olmayıb. Ancaq şərəfini qoruduğu klublarda az qol vursa belə, komandanın əsas üzvünə çevrilməyi bacarıb. Onun əsas üstünlüyü isə məhz komanda oyunçusu olmasıdır. Meydanda olan Gerreronun komanda marağı hər şeyi üstələyir. Komanda naminə çarpışması isə heyətdə olan digər futbolçuların ona böyük hörmətlə yanaşmasını şərtləndiri. Belə deyək, Perunun əsl komanda kimi formalaşması məhz Gerreronun xidmətidir. O, uzaq Rusiyada da özünü ən yaxşı tərəfdən göstərməlidir.
Elnur



banner

Oxşar Xəbərlər