AZE | RUS | ENG |

“İstirahətimi işdə edirəm” - Fotolar

“İstirahətimi işdə edirəm” - Fotolar
Azər Süleymanlı: “Bir canlı üçün hava, su, torpaq nə qədər mütləqdirsə, aparıcı üçün də onun səlis nitqi, yüksək danışıq qabiliyyəti o qədər vacibdir”

Bu gün efirə çıxmaq, tamaşaçı ilə ünsiyyət qurmaq adi bir haldır. Amma bəzən efirdə aparıcıların nitq qüsurlarının olduğunu və dəvət edilmiş qonaqlarla ünsiyyət qurmaqda problemlər yaşadığını müşahidə edirik. Bu kimi hallar, təbii ki, tamaşaçını efirdən uzaq salır. Və bəzən qurunun oduna yaşı da yandırır. 

Biz də bu və digər məsələləri nəzərə alıb, 5 ildir ki, İctimai Televiziyanın səhərini açan, "Yeni gün” verilişinin aparıcısı Azər Süleymanlı ilə görüşdük. Onunla gündəmin əsas mövzularına toxunduq. Səlis nitqi və danışıq tərzi ilə seçilən müsahibimizi son illərin "Eurovision” mahnı yarışmasının şərhçisi kimi də tanıyırıq. 
 
 
 
- Azər bəy, səhər verilişi ilə tamaşaçıların qarşısına çıxmağın məsuliyyəti böyükdürmü?
- Əvvəla ondan başlayım ki, səhər - günün müqəddəratının daha çox həll olunduğu vaxtdır. Günə necə, hansı şəkildə başlamağımız çox vaxt onu nə cür tamamlayacağımızın mənzərəsini özündə əks etdirir. O ki qaldı səhər verilişinə... Hamımız bilirik ki, erkəndən oyanmaq sağlamlıq, gümrahlıq baxımından faydalı olsa da, çox çətindir. Düzgün, rejimli bir həyat tərzi yaşamalısan ki, vaxtında yatıb vaxtında oyana biləsən. Hər şey təbii ki, bununla bitmir. Kimilərinin hələ şirin yuxuda olduğu, kimilərinin də əziyyətlə günə köklənməyə çalışdığı bir vaxtda, sən artıq saçın, paltarın tam yerli-yerində, üzün gülər, dilin iti, beynin işlək şəkildə milyonların qarşısında dayanmalısan. Nəzərə alaq ki, efirimizdə fərqli xarakterli süjetlər, rubrikalar ilə yanaşı, 5-6 mövzu ətrafında ən müxtəlif sahələrdən qonaqlarımız olur və biz onlarla dialoqlar qururuq. Hər sahənin nümayəndəsinə, mütəxəssisinə mövzuya dair məntiqli, ifadəli, gərəkli sual vermək üçün müsahiblərimizin sahib olduqları biliklərin ən az yarısı qədər məsələdən hali olmaq lazımdır. Beləcə, bütün bunların yaşandığı 3 saatlıq səhər proqramını aparıcı kimi icra etmək üçün 3 saat deyil, bəzən 6-7 saat oxumaq, mövzulara hazırlaşmaq gərək olur. İndi mən bütün bunları nə qədər məsuliyyətlə yerinə yetirirəm, nə dərəcədə işimi, izləyicimi sevirəm, gəlin bu barədə çox danışmayım. Sizin ədalətli oxucunuz, bizim dürüst tamaşaçımız onsuz da bunu bilir. Sadəcə, bir onu deyə bilərəm ki, yaxınlarım, qohumlarım yaxşı bilir ki, əksər hallarda efir günüm öncəsi gec saatlaradək nə bir məclisdə iştirak edərik, nə qonaq gedərik, nə də qonaq qəbul edərik (gülür).
 
 

- Oxucular elə zənn edər ki, qonaq qəbul etməyi sevmirsiniz. 
- Nə qədər qonaqsevər olduğumu da o insanlar yaxşı bilir (gülür). Sadəcə, efirdə minlərlə insanın evinə "qonaq gedirəmsə”, nə qədər insanı verilişdə qonaq qəbul edirəmsə, bəlli saatlarda və vaxtlarda o insanların görüşünə yaxşı çıxmaq üçün bunu etməyə məcburam. Diqqətlə düşünsək görərik ki, bütün bunlar elə qonağı çox sevdiyim və qonağa böyük hörmət etdiyim üçündür. 
 
 

- Bu gün aktual məsələlərdən olan aparıcı nitqi ilə bağlı danışmaq istərdim. Ümumiyyətlə, aparıcı üçün onun nitqi, danışıq qabiliyyəti nə dərəcədə önəmlidir?
- Bir canlı üçün hava, su, torpaq nə qədər mütləqdirsə və önəmlidirsə, aparıcı üçün də onun səlis nitqi, yüksək danışıq qabiliyyəti o qədər vacibdir! Efirə çıxmaq fürsətinə sahib olmaq, bəlli bir vaxt ərzində hər hansı verilişi "aparmaq”, hələ aparıcı olmaq deyil. Bir müdrikin gözəl fikri var, deyir ki: "Bəzi qadınlar nədənsə elə fikirləşir ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Antalogiyanı təkrarlasaq, belə çıxır ki, pianoya sahib olmaqla, pianoçu olmaq eyni şeydir”. 
 
 
 
- Verilişlərinizdə bayağı ifaçıları görmürük. Bu nədən qaynaqlanır?
- İctimai Televiziya daim sənəti, sənətkarı təbliğ edib. Əgər söhbət sırf ifaçıdan, mahnılardan gedirsə, elə təkcə onu deyim ki, bir millətin, bir cəmiyyətin kimliyini, necəliyini bilmək üçün onun musiqisini dinlə - deyib aqillər! Bu mənada, sözügedən məsələyə də həmişə həssaslıqla yanaşmışıq. Biz mötəbər mədəniyyət xəzinəsinə, tükənməz sənət nəhənglərinə sahib xalqıq. Bunu yalnız dünyaya deyil, elə öz tamaşaçımıza da daim xatırlatmalıyıq, aşılamalıyıq! Yeni doğulan körpələrin qulağına, ruhuna bu sehrli səsin toxunmasını vacib hesab edirəm. Yetişən nəsil bu dəryadan qidalanmalıdır! İzləyicimiz, gələcək nəsillərimiz həm də zəngin musiqimizlə, keyfiyyətli nəğmələrimizlə təmasda olmalıdır, deyə düşünürəm. Ona görə efir boğçamızı, səhər səfamızı gözəl sənətkarlarımızla, yaxşı ifaçılarımızla bəzəyirik. 
 
 
 
- "Yeni gün” verilişi artıq bir neçə ildir ki, istirahətsiz fəaliyyət göstərir. Bu sizi yormurmu?
- Bir dəfə teleradio günündə "İnstagram”da paylaşdığım şəklin altına belə bir cümlə yazmışdım: "Mən televiziyada işləmirəm, mən televiziyada yaşayıram”. Televiziya mənim işim deyil, həyat tərzimdir, vazkeçilməzimdir. Tezdən oyanmaq nə qədər çətin olsa da, hər dəfə efirə hazırlaşmaq - saatlarla oxumaq, məlumatlanmaq, qonaqlarla, mövzularla bağlı araşdırma aparmaq vaxt və enerji alsa da, əksər təşkilatlarda çalışanların bayram günlərində evdə, istirahətdə olduğu bir vaxtda işdə olmaq lazımdırsa və sizin sözlərinizlə desək, bütün bunlardan nə qədər yorulsam da, işimə məsuliyyətlə yanaşıram və ən böyük istirahətimi də öz işimdə edirəm.
 
 
 
- Uzun müddətdir ki, eyni ampluadasınız. Özünüzü fərqli bir proqramda sınamaq istəyərsinizmi?
- Sentyabr ayında 5 il tamam olacaq ki, İctimai Televiziyada çalışıram və "Yeni gün” verilişini aparıram. Bu, az müddət olmasa da, çox vaxt da deyil. Onu da nəzərə alaq ki, bizim verilişin xarakteristikası çox müxtəlifdir, yəni janr etibarilə onsuz da fərqlidir. Bir proqramda həm tibdən, həm təhsildən, həm sənətdən, həm siyasətdən, həm də idmandan, havadan, sudan - bir sözlə, ən müxtəlif mövzulardan danışırıqsa, dediyiniz o ampluamız da, müəyyən mənada aparıcılıq üslubumuz da buna uyğun şəkildə dəyişir. 
 
 
 
- Ana xəbər aparıcısı olmaq arzunuz necə, olubmu?
- Öncə qeyd edim ki, arzumun ən böyüyü elə daşıdığım peşəm və izləyicilərimdir. Qarşımda kamera olsun, onun da digər üzündən mənə baxan bir cüt göz. Tamaşaçım üçün uşaq verilişi də apararam, xəbərlərə də çıxaram. Amma yaxşı komanda və yaxşı tərtibatla... İndi bu barədə qəti bir istəyim və ya seçimim yoxdur. Ola bilər ki, gələcəkdə xəbər aparıcısı kimi də çalışım, efirə çıxım.
 
- Artıq bir mövsümün də sonuna gəlirik, sizi yeni mövsümdə hansı layihələrdə görə biləcəyik?
- Deyirlər, "ürəkdə olanlar ürək üçündür”. İndi, bu ahəngdə əlavə edim ki, gələcəkdə olacaqlar da gələcək üçündür (gülür). Sözün düzü, hələ bu barədə qəti nəsə deyə bilmərəm. Mövsümün sonu çatsa da, hələ də bütün enerjimizi, fikrimizi cari proqrama kökləmişik. Amma əlbəttə ki, yeni mövsümdə yeniliklər qaçılmaz olacaq. O zaman yeni bir müsahibə edib bunları daha dəqiq xarakterizə edərik. 
  
- Siz, eyni zamanda "Eurovision” musiqi yarışmasının şərhçisisiniz. Son illər bu layihəyə marağın əvvəlki səviyyədə olmadığının şahidi oluruq. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- "Eurovision” əslində tək musiqi yarışması deyil, ən fərqli mədəniyyətlərin, millətlərin bir araya gəldiyi dünyanın ən böyük teleşousudur. Kənardan necə görünsə də, 63 ildir ki, bu şou yaşayır və öz orijinallığını saxlayır. Hər bir işdə uğurla yanaşı nöqsanlar olduğu kimi, yüksəlişlə yanaşı müəyyən məqamlarda səngimələr də olur. Amma bu o demək deyil ki, sözügedən müsabiqə marağını itirib. Sadəcə, illər keçdikcə, insanların maraq dairələri daha da genişlənir, həyatımız işıq sürətilə yeniliklərlə təzələnir. Nəticədə diqqətimiz, münasibətimiz paylanır. Son 3 ildir ki, "Eurovision” müsabiqəsinin keçirildiyi ölkələrdən tamaşaçımıza şərh edirəm. Müşahidələrim əminliklə deməyə əsas verir ki, şounun bu gün də saysız-hesabsız fanat ordusu var. Onlar yarışmanın harada keçirilməsindən asılı olmayaraq, həmin ünvana üz tutur, nəyin bahasına olursa-olsun, biletlər alır, saatlarla arena qarşısında növbədə qalırlar.

Xəyalə Rəis 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191