İstiqlal və istiqbal şəhidi
Əvvəlki məqalələrimdən birində də qeyd etmişdim ki, romantik
yazarların əksəriyyətinin taleyi çox acınacaqlı olmuşdur. O, cümlədən, cəmi 22
bahar yaşamış Səid Səlmasinin də. İran inqilabının ən fəal xadimlərindən olmuş,
xalqın azadlığı, tərəqqisi, səadəti naminə canını qurban vermiş S.Səlmasi də
bir çox məsləkdaşları kimi bir parça çörək yox, böyük ideyalar uğrunda şəhid
olmuşdur.
"Düşmən onu görsün, deməsin
ki, ehtiyacdan döyüşürəm”
S.Səlmasi haqqında tədqiqatlardan birində yazılır: "Azərbaycan şairi
Səid Səlmasi düşmənlərlə döyüşə getməzdən qabaq barmağına anasının çox qiymətli
brilyant üzüyünü taxır. Deyir ki, sağ qalsam, qaytararam, ölsəm, qoy düşmən onu
görsün, deməsin ki, ehtiyacdan döyüşürəm, bilsin ki, vətən qeyrəti üstə ölümə
getmişəm”. Məşrutə hərəkatının ən fəal döyüşçüsü olan Səid Səlmasi xalqının, vətəninin
azadlığı, istiqlalı, xoşbəxtliyi uğrunda həm qələmi, həm də silahı ilə döyüşdü.
Azərbaycan ədəbiyyatında və mətbuatında şair-publisist kimi tanınan füyuzatçı
Səid Səlmasi yeni Azərbaycan ədəbiyyatında sonet yazan və çap etdirən ilk
şairdir. O, şair ki, "Səid” təxəllüsünü götürməklə (ərəbcədən tərcümədə - xoşbəxt
olmaq) xoşbəxt, bəxtiyar olacağına inanırdı. Əslində Səid Səlmasi amalları
uğrunda mübarizə apararaq canını qurban verməklə, xoşbəxt oldu! Çünki o öz xoşbəxtliyi
uğrunda deyil, xalqın, vətənin xoşbəxtliyi uğrunda mübarizə aparırdı. 20-ci
yüzilliyin əvvəllərində fəaliyyətdə olan dövrü mətbuatımızdan "Səid Səlmasi”
imzası ilə tanıdığımız şair-publisist Səid Səlmasi əslində kim idi?
Ədəbiyyatşünas və mətbuatşünas alimlərin tədqiqatlarından belə aydın olur ki, onun
əsl adı Ağabala, atasının adı isə Məşədi Xəlil olub. Tədqiqatlarda soyadı həm
"Xəlilzadə”, həm də "Haqverdiyev” kimi yazılan Səid Səlmasi ən yaxın dostu
mollanəsrəddinçi Əliqulu Qəmküsara yazdığı məktubda imzanı "Səid Xəlilzadə
Səlmasi” kimi yekunlaşdırıb. Soyadı kimi təvəllüdü haqqında da bir-birini inkar
edən fikirlər söylənilir. Amma burada da yenə Səid Səlmasinin yaxın dostu
Ə.Qəmküsarın "Tərəqqi” qəzetinin 7 aprel 1909-cu il tarixli, 70-ci sayında dərc
etdirdiyi "Şəhidi-mərhum Səid Səlmasinin tərcümeyi-halı” sərlövhəli məqaləsinə
əsaslanaraq, onun 1887-ci ildə İranın Salmas şəhərində anadan olduğunu söyləyə
bilərik.
Professor Cəfər Xəndanın " S.Səlmasi yoxsul bir kəndli ailəsində
anadan olmuşdur” yazmasına baxmayaraq, əksər mənbələr bu faktı təkzib edir.
Məsələn, görkəmli tədqiqatçılardan Məhəmməd Müin, Rza Həmraz Təbrizi, Məmmədəli
Müsəddiq, Səməd Sərdarniya əsərlərində yazırdılar: "Səidin ata-babası Qafqazda
ticarətlə məşğul olmuşlar. Ticarətləri xüsusilə, Bakıda neft mədənləri ilə
bağlı idi. Onların Bakıda mülkləri var imiş. Neft sənayesi ilə əlaqədar
sahibkar olmuşlar”.
Düşdüyü mühit onun
dünyagörüşünə çox böyük təsir edir
S.Səlmasinin Bakıda böyük mal-mülk sahibi olmasını filologiya üzrə
elmlər doktoru Hüseyn Həşimli "Səid Səlmasi” adlı monoqrafiyasında da təsdiqləyir.
Görkəmli alim Kərbəlayi Vəli Mikayılovun "Azadiyi-qələm” məqaləsinə (bu məqalə
1911-ci ildə Bakıda nəşr olunan "Şəhabi-saqib” jurnalının 19 fevral 1911-ci il
tarixli sayında çap edilib) istinad edərək yazır: "Məqalədən belə anlaşılır ki,
Səid Səlmasi Bakıda ata-babadan qalmış mal-mülk üzərində vərəsəlik hüququnu
bərpa etdikdən sonra əlində əhəmiyyətli miqdarda pul toplanmışdı. Bu vəsaitlə
o, bir müddət sonra mətbəə avadanlıqları alaraq Güney Azərbaycana aparmışdı.
Səidin Orucovların müəssisəsində orta hesabla bir il çalışdığını da nəzərə
alsaq, ehtimal etmək mümkündür ki, Orucovlarla onun arasındakı belə səs-küylü
hesab, bəlkə də, əmək haqqı müstəvisində ola bilməzdi. Ya Səid onlara borc
vermiş, sonra ala bilməmiş, yaxud da bu hesab əmlak məsələləri ilə əlaqədar
olmuşdur. Hər halda, həmin mübahisə ciddi xarakter daşımış, mühitdə geniş
əks-səda doğurmuşdur”.
Deməli, Səid Səlmasi Bakıya yalnız təhsil almağa, işləməyə deyil həm
də əlindən çıxan mülk-malını geri qaytarmağa gəlmişdir. Əliqulu Qəmküsar yazır
ki, kiçik yaşlarında atasını itirən Səlmasinin əmisi Hacı Qənbər imanın-dinin
pula satan mollaların əlilə bir neçə əlahiddə şahid tutaraq, babadan qalma
təxtixabın və irsin ondan bir hissəsini o biçarəyə verməklə, ondan qəbz vüsul
və tərki-dava almışdır: "Bu binəva həddi-buluğa çatar-çatmaz əmisinin onun
haqqında elədiyi xəyanəti düşünüb Bakıda olan baba mülklərinə rus dövlətinin
qanunu mövcibincə şəri varis və ürfi varis olduğunu sübuta yetirib, öz qəsb
olunmuş hüququnu geri əldə etmişdir”.
Təbiətən çox zabitəli qadın
olan Əzəmət xanım oğlu Səidin təlim-tərbiyəsi ilə çox ciddi məşğul olmuşdur.
İlk mədrəsə təhsili alan Səlmasi fitri qabiliyyəti və ciddi mütaliəsi sayəsində,
Azərbaycan dilindən başqa, fars, türk, ərəb, sonralar fransız və rus dillərini
də yaxşı öyrənmiş, ictimai elmlərə, xüsusən tarix və ədəbiyyata maraq
göstərmişdi”.
Təxminən 1906-cı ilin sonları, 1907-ci ilin əvvəlləri Bakıya gələn
Səid Səlmasinin burada Seyid Hüseyn, Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Əli Paşa
Hüseynzadə ilə münasibətdə olması onu ədəbiyyata, mətbuata, şeirə meylləndirir.
Düşdüyü bu mühit onun dünyagörüşünə çox böyük təsir edir. Onda vətənpərvərlik,
azadlıq duyğuları baş qaldırır. İlk olaraq "Füyuzat” jurnalı ilə əməkdaşlıq
etməyə başlayan S.Səlmasi vaxtının çoxunu Orucov qardaşlarının mətbəəsində
kecirir. Daha çox tərəqqiyə meylli olan S.Səlmasi Avropa və Asiyanın bir sıra ölkələrinə
səyahətə çıxır. Macarıstanda, Fransada, dəfələrlə Türkiyədə olur.
S.Səlmasinin səyahətləri haqqında
tədqiqatçı alim Məmmədəli Müsəddiq yazırdı: "Avropanın iqtisadi, elmi-texniki
və mədəni inkişafını görmək, o qitədə yaşayan xalqların həyat tərzi ilə,
xüsusilə xalqların azadlıq hərəkatı və mütərəqqi fikir inkişafı ilə tanış olmaq
Səidin ictimai və siyasi məlumatını artırmış, onun dünyagörüşünün
təkmilləşməsinə kömək etmişdir. Səid Parisdə olarkən Fransanın məktəblərini və
Fransa maarif məsələlərini öyrənmişdir”.
Evini və mətbəəsini qarət
etdilər
Odur ki, vətəninə qayıdan kimi ilk olaraq "Səidiyyə” adlı müasir
tipli məktəb açmış və bütün xərcləri öz üzərinə götürmüşdür. Elə məktəblə
yanaşı " Üsküdar” adlı yeni tipli kitabxananın da təşkilinə nail olmuşdur.
Bütün varlığı ilə xalqının savadlanmasına, azad olmasını çalışan S.Səlmasi
Avropadan qayıdarkən öz vəsaiti ilə müasir tipli mətbəə avadanlıqları da alıb
gətirmiş, Təbrizdə Məcidiyyə xiyabanında "Ümidi-tərəqqi” adlı mətbəə təşkil
etmişdir. Bu, İranda yığma üsulu ilə fəaliyyət göstərən ilk mətbəə idi. Avropada
mətbuatın gücünü görən S.Səlmasi tezliklə Təbrizdə, Xoyda, Səlmasda, Urmiyada
bir necə qəzetin nəşrə başlamasında yaxından iştirak edərək, "Şəfəq”, "Fəryad”,
"Şurayi-İran” qəzetlərinin həm təşkilatçısı, həm də ən fəal yazarı olur.
Görkəmli tədqiqatçı Qulam Məmmədlinin yazdığına görə, o, "Şurayi-İran”
qəzetinin nəşri ilə mətbuat aləmində ad qazanmışdır. Azadlıq və tərəqqiyə qənim
kəsilən bədxahlar ilk olaraq Səlmasinin evini və mətbəəsini qarət etdilər.
Sonra məktəbi, kitabxananı dağıtdılar. Məşrutə hərəkatının ən fəal döyüşçüsü
olan Səid Səlmasi 1909-cu ilin fevral ayının 24-də Səidabad müharibəsində şəhid
olub.
Cəmi 22 bahar yaşamış bir tərəqqipərvər,
vətənpərvər gənc özü dediyi kimi "bir parça çörək yox, xalqının istiqlalı və
istiqbalı yolunda” uf demədən canını fəda etdi. Dahi Əli bəy Hüseynzadə demişkən:
"Mənim hədəfi-eşqim Vətən idi. O məşuqə isə məni tari-cəfasına hədəf etdi”.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist