• cümə, 26 Aprel, 09:38
  • Baku Bakı 12°C

İsti havaya soyuqqanlı yanaşmaq lazımdır

30.07.15 12:48 2719
İsti havaya soyuqqanlı yanaşmaq lazımdır
Günvurma və istivurma halları təxirəsalınmaz tədbirlər tələb edir
Hər yay tibb işçiləri havanın isti keçməsi ilə əlaqədar əhaliyə xəbərdarlıq edir və insanları diqqətli olmağa çağırırlar. Çünki isti hava insan sağlamlığına böyük zərbə vura, hətta ölümə də səbəb ola bilər. Bu il də bir müddət hava sərin keçsə də, yenə də qızmar istilər başlayıb. Artıq ətrafdakı insanların havadan çox narahat olduğunu hiss edirik. Hətta təcili tibbi yardımın köməyinə ehtiyac duyulan məqamlar da çox olur.
İstidən yaranan problem elədir ki, burada həkim gələnə qədər insana ilkin tibbi yardım göstərilməsinə ehtiyac var. Bir çox insanlar isə belə məqamlarda hansı üsulların effektli olacağını bilmir, həkim çağırmağı yeganə çıxış yolu olaraq görürlər. Bəs bu kimi məqamlarla üzləşməmək üçün nələri etməliyik? Əgər üzləşmişiksə, hansı ilkin yardım göstərməliyik?
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, may ayından etibarən Təcili Tibbi Yardım Stansiyasına cəmi 35 müraciət daxil olub. Onlardan 11-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, qalanlarına isə ilkin yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb. Ona görə də xəstəxanaya yerləşdirməyə ehtiyac qalmayıb: “Ən son müraciət Maştağa qəsəbəsində qeydə alınıb. Orta yaşlı bir insandır, isti havada özünü qorumadığı üçün problemlə üzləşib. Amma nəzərəçarpacaq, ajiotaj yaradacaq bir hal gündəmdə yoxdur. Müraciət edənlər daha çox ortayaşlı insanlardır. Bir-iki halda uşaqlar da var. Onlar isə çimərlikdə özlərini qorumayanlardır. Şükürlər olsun ki, ağır nəticələr yoxdur”.
R.Nağıyev deyir ki, günvurma problemi ilə insanlar daha çox istirahət zamanı üzləşirlər. Xüsusilə də dənizə gedənlər: “Bizə daxil olan 35 müraciətə əsasən deyə bilərəm ki, bu problemlə üzləşənlər istirahətdə, gəzməyə gedəndə, çimərlikdə özünü qorumayan insanlardır. İş şəraitində hər hansı problemlə üzləşənlə rastlaşmamışıq. Ümumən insanların sağlamlıqlarına diqqətli olmamaları və ehtiyatsızlıqlarından baş verən hadisələrdir. Təbii ki, bu cür isti havada iş şəraitində sərinlik təmin olunmalıdır. Əgər bu mümkün deyilsə, işi fasilələrlə qurmalıdırlar. Əmək Məcəlləsində havanın temperaturu 41 dərəcədən yuxarı olduqda iş şəraitinin tənzimlənməsi qaydaları var. Çox güman ki, bütün müəssisələr bunu edir. Bizə daxil olan 35 müraciətdən heç birində iş yerində, əməklə məşğul olan insanlarda bu hal qeydə alınmayıb”.
Baş həkim bildirdi ki, bu cür isti havada sağlamlığı qorumaq üçün səhər saat 11.00-dən axşam saat 17.00-dək günəş şüasi altında olmamağa çalışmaq lazımdır. Bu vaxt limiti dənizə gedənlərə də aiddir: “Qeyd etdiyim saatlarda çimərlikdə, açıq günəş altında durmaq olmaz. Su, maye lupa kimidir. Günəş şüası suya düşən kimi sınır və onun təsir dərəcəsi daha da güclənir. Ona görə də açıq günəş altında çimmək məsləhət deyil. Günəş şüalarından uzaq durmağa çalışsınlar, sərinləşdirici içkilərdən istifadə etsinlər. Geyimlər də burada önəmlidir. Təbii materiallardan biçilmiş geyimlərdən istifadə edilməlidir. İş şəraiti sərinləşdirilmiş otaqda olmalıdır. Uşaqlar, yaşlı, xəstə insanları qorumaq lazımdır. Əgər məcburən müvəqqəti günəş altına çıxmalıdırlarsa, baş örtüyündən istifadə etsinlər. İnsanın orqanizminin havanın temperaturuna cavab reaksiyası var. Bir balaca özünü narahat hiss edəndə baş ağrısı, tərləmə baş verir. Bədənin cavab reaksiyası olanda insan özünü qorumağa başlayır, oturur, çox hərəkət etmir. Qida rejimində isə kalorili olanlardan uzaq durmaq məsləhətlidir. Yüngül qidalar qəbul etmək daha yaxşıdır”.
R.Nağıyev deyir ki, əgər insan istivurma ilə üzləşibsə və yanında ona kömək edəcək şəxs yoxdursa, özünə ilkin tibbi yardım göstərməyə çalışmalı və təcili tibbi yardım çağırmalıdır: “Evdə tək olanlar tibbi yardım gələnə qədər bütün bədənlərini soyuq su ilə isladılmış parça ilə büksünlər, sərinləşdirici sular qəbul etsinlər, alınlarına soyuq suda isladılmış dəsmal qoysunlar. Çünki problem istidən yaranıb və bədənin soyumasına ehtiyac var. Amma təcili yardım da çağırsınlar ki, onlara mütəxəssis köməyi edilsin. Biz hamının sağlamlığının keşiyində dururuq. Hər kəsə xidmət etməyə borcluyuq və hazırıq”.
Tibb eksperti Adil Qeybulla deyir ki, bədənin özünü istidə tənzimləmə mexanizmi var. Günəş şüası altında çox qaldıqda o mexanizmin funksiyası pozulur və insan həyatı üçün təhlükə yaranır: “Uzun müddət qızmar günəş altında qalmaq günvurma və istivurma deyilən hadisələrə gətirib çıxarır. Burada həm ultrabənövşəyi şüaların təsiri, həm də bədənin istilik tənzimləmə mexanizminin pozulması nəticəsində biokimyəvi proseslərin kəskin pozulması baş verir. Bu proseslər həyatla bir araya sığmayanda ölümə də gətirib çıxara bilir. Bədəndə istiyə davamlılıq istilik tənzimləmə mexanizmi tərəfindən həyata keçirilir. Damarların genişlənməsi, dəri ilə buxarlanma, daxili orqanların özündə gedən dəyişikliklər və s. istiliyin orqanizmdə yüksəlməsinə imkan vermir, temperaturun 36-37 dərəcə arasında qalmasını təmin edir. Amma bu, uzun müddət baş verə bilməz. Orqanizmin su ehtiyatı tükənir, uzun müddət damarlar geniş qalır və s. səbəblərdən tarazlığı çox qoruya bilmir. Nəticədə bu mexanizmlər tükənir və bədənin temperaturu yüksəlməyə başlayır. İstidə artıq kimyəvi proseslər gedə bilmir, bu da ölümə qədər gətirib çıxaran çox ciddi problemlərə səbəb olur”.
A.Qeybulla deyir ki, bədənin istiyə davamlılığına arxayın olub uzun müddət isti havada qalmaq düzgün deyil. Xüsusilə yaşlı adamlar, hamilə xanımlar, uşaqlar buna diqqət yetirməlidir. Eyni zamanda, gün ərzində çoxlu maye qəbul etməli, sərin yerdə olmalı, günəş istisi altında uzun müddət qalmamalıdırlar. Ekspertin sözlərinə görə, əgər günvurma, istivurma baş veribsə, həmin şəxsi dərhal sərin yerə keçirməli, bütün bədən soyuq dəsmalla örtülməli, temperaturun aşağı salınmasına nail olunmalıdır. Daha sonra həkim çağırıb, müvafiq tədbirlər görülməlidir: “Bayılma baş veribsə, naşatır spirti iylətməli, huşu özündədirsə, sərin maye qəbuluna şərait yaradılmalıdır. Xidməti vəzifəsini günəş altında yerinə yetirən şəxslər də vəzifə təlimatları alırlar. Onlar da uzun müddət günəş altında qalmırlar. Növbəli iş rejimi ilə çalışmalıdırlar ki, sağlamlıqlarını da qorumuş olsunlar. Həddindən artıq isti olanda bununla bağlı müvafiq tədbirlər görülməli, növbə rejiminə ciddi şəkildə əməl edilməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər