• cümə axşamı, 18 aprel, 05:30
  • Baku Bakı 15°C

İstəyiriksə, bacaracağıq! - Reportaj

19.10.18 16:00 1348
İstəyiriksə, bacaracağıq! - Reportaj
Əsa yerimək, addımlamaq üçün köməkçi bir vasitədir. Əsa həm də məcazi mənada hədəfə çatmaq üçün bir tramplindir. Bir ƏSA da var. O, bir teatr, yaradıcı ocaqdır. Bu ocaqda nə qədər fiziki məhdudiyyətli insan sərbəst addımlamağı bacarıb. Artıq 2 yaşını qeyd edən müstəqil ƏSA Teatrı özünəməxsus bir missiya yerinə yetirir və qarşısına qoyduğu hədəfə addım-addım yaxınlaşır. Kollektivində fiziki məhdudiyyətli aktyorlar, eləcə də xalq və əməkdar artistlər, peşəkar aktyorların da cəm olduğu teatr bir yaradıcı emalatxana rolunu oynayır.

ƏSA Teatrı yarananda ondan gözləntilərimiz o qədər də böyük deyildi. Düşünürdük ki, fiziki məhdudiyyəti olan insanlar necə tamaşa hazırlaya bilər? Uzağı, 4-5 aya bu teatr bağlanar. Axı peşəkar aktyor olmayan fiziki məhdudiyyətli insanları səhnə necə qəbul edəcəkdi?
Amma bu gün ötən 2 ildə kifayət qədər sözünü demiş və tərkibində istedadlı aktyorların da cəm olduğu bir komanda mövcuddur. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, onları nəinki teatr, incəsənətin digər sahələri ilə də məşğul olmaq üçün təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranma səbəbi idi. Teatr qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana bilib və əlilliyi olan digər şəxslərə motivasiya verib. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrının indi 20-dən çox aktyoru var.

"Teatr maddi tələbatlarımızı qarşılamır”
Biz teatrda qonaq olarkən teatrıntəsisçisi, rəhbəri NihadQulamzadə yeni tamaşanın məşqlərinə başlamışdı. Gərgin məşq prosesində rejissorla danışmaq üçün fasilənin olmasını gözlədik. Nihad Qulamzadə bizi teatrla tanış edib, söhbətə başladı. İlk olaraq bizdən burada çalışan aktyorlara "fiziki qüsurlu deyil, fiziki məhdudiyyətli” deyə müraciət etməyimizi xahiş etdi. Bildirdi ki, onların bizdən heç bir fərqi yoxdur. Onların hər biri ayrıca bir fərddir.

Teatrın yaradıcı prosesindən söz açan müsahibimiz deyir ki, tamaşa hazırlamaq çətin prosesdir, ancaq bu iş komanda işi olduğu üçün onlardan dəstək alır: "Aktyorluğun özü çətin sənətdir, belə ki, cəmiyyətimizdə aktyorlara təlxək kimi baxanlar, onları ucuz tutanlar az deyil. Prosesin içində olanlar bilir ki, bunun hansı çətin mərhələləri olur. Teatr prosesi ilə məşğul olmaq həm maddi, həm də mənəvi cəhətdən çətindir. Teatr bizim maddi tələbatlarımızı qarşılamır. Mənəvi olaraq müəyyən tələbatları qarşılayır. Amma maddi tələbatın qarşılanmaması yenə də mənəvi problemlərə gətirib çıxarır. Digər teatrlara baxanda ƏSA Teatrında vəziyyət çox fərqlidir. Sevindirici haldır ki, bu gün Azərbaycanda müstəqil teatrlar yaranır və onlar öz inkişaf mərhələsini yaşayır. Biz özümüzü passiv fəaliyyət göstərən teatrla deyil, aktiv fəaliyyət göstərən dövlət teatrları ilə müqayisə edirik. Tamaşalarımız mütəmadi şəkildə, tez-tez oynanılmasa da, bizim emalatxanamızda daim iş gedir”.

N.Qulamzadə deyir ki, onların fiziki məhdudiyyətli insanlara yazığı gəlmir: "Təbii ki, burada da bir rəqabət olmalıdır. Əlilliyi olan şəxs nə iləsə seçilməlidir. Teatra sevgisi olan, teatrla məşğul olmaq istəyən, bu işi ikinci plana atmayan, tanınmaq fikrində olmayanları qəbul edirik. Teatra sevgisi olan insanları cəlb edirik. Çünki teatr sevgi işidir. Təbii, istəyərik ki, teatrımızın fəaliyyəti daha da güclənsin və şəraitimiz olsun ki, laboratoriyalar yaradaq. ƏSA Teatrı həvəskarlardan ibarət teatr truppası deyil. Biz inklüziv teatrıq”.
Teatrda Moris Meterlinqin "Göy qurşağı” tamaşasının məşq prosesi gedirdi. Tamaşada 20-ə yaxın aktyorun iştirak etdiyini görürük. Tamaşaya N.Qulamzadə rejissorluq edir. O bildirir ki, bu tamaşada hazırda məşq prosesində olmayan xalq artisti Mehriban Zəki, əməkdar artist İlham Hüseynov və digər aktyorlar da iştirak edir.

Peşəkarlar...
Fasilə zamanı teatrın istedadlı aktrisası Könül Şahbazova Qasımova ilə çay süfrəsində söhbət edirik. Aktrisa deyir ki, mart ayından bu teatrda çalışır. İlk dəfə teatrda Mirzə Fətəli Axundovun "Müsjö Jordan və Dərviş Məstəli şah” komediyasının motivləri əsasında hazırlanmış "Paris partladı” tamaşasında Şəhrəbanı obrazı ilə çıxış edib: "Bilirsiniz ki, uzun müddətdir peşəkar səhnədə çalışıram. ƏSA Teatrı mənim üçün bir yenilik oldu. Mən bundan öncə də studiyada uşaqlarla işləmişəm, ona görə də burada heç bir çətinlik çəkmədim. Teatrımızın aktyorları çox pozitivdirlər və öz qüsurlarına da pozitiv yanaşırlar. Qüsursuz insanlardan qat-qat şən və mehribandırlar. Səhnədə peşəkar olmadıqlarına görə bir qədər çətinliklərimiz olsa da, bir-birimizi çox gözəl başa düşürük. Verdiyimiz məsləhəti müsbət qəbul edirlər. Çox həvəslidirlər. Hər kəsə öz bədəninin bacarığına görə rollar verilir. Rejissor tamaşanı hazırlayarkən məcburdur ki, hamının vəziyyətini nəzərə alsın”.
Bu zaman teatrın daha bir istedadlı aktyoru Niyaz Qasımov gəlir və çayımıza şərik olur. Könülün eyni zamanda həyat yoldaşı olan Niyaz mövzumuzla bağlı fikirlərini bildirir. Mətbəxdə müzakirə olunan mövzunun ona yad olduğunu deyir: "Mən də mart ayından bu teatrda işləyirəm. ƏSA Teatrının yeri mənim üçün ayrıdır. Fiziki məhdudiyyətli insanlar çox həvəslidirlər. Peşəkar səhnə görməyiblər deyə bir qədər çətinlik çəkirik. Ancaq öyrənməyə həvəslidirlər və öyrənməyə can atırlar. Burada çalışmaq maraqlıdır. Bütün bunların fövqündə insan faktoru dayanır. Hamımız bərabərik. Əgər istəyiriksə, niyə də bacarmayaq”.

"Sözümüzü deməyə bir meydanımız var”
Teatrın peşəkar aktyorları ilə söhbətimizi yekunlaşdırırıq. Artıq səhnədə məşq prosesi bitmişdi. Qarşımıza teatrın aktyoru Əsgərov Elşən çıxır. Elşən bu teatrın onun həyatına qatdığı mənadan danışır. Deyir ki, iki ilə yaxındır teatrda çalışır: "İlk dəfə ƏSA Teatrında "Yuxum” tamaşasında Aberon rolumu oynamışam. Daha sonra "Adamlar və siçanlar” tamaşasında rol aldım. Hazırda isə məşq prosesinə şahidlik etdiyiniz tamaşada sadiq bir it olan Tilonu canlandırıram. Bundan əvvəl nümayiş etdirdiyimiz "Paris partladı” tamaşasına rejissorluq etmişəm, özüm də orda obraz canlandırmışam”.

Elşən deyir ki, ƏSA Teatrı onlara böyük bir stimul verir: "Bu teatrı cəmiyyətimiz üçün böyük bir hadisə, əlamətdar bir proses kimi qiymətləndirirəm. Biz burda yaxşı dostlar qazandıq. Artıq sözümüzü deməyə bir meydanımız var. Teatrın verdiyi enerjini, sevgini, ruhu, o hissləri heç nə vermir. Səhnəyə çıxanda çox böyük həyəcan keçirirəm. Ancaq bu çox gözəl həyəcandır. Pərdə bağlı olanda zalda əyləşən tamaşaçılar pıçıltı ilə danışırlar. Bütün pıçıltılar bir-birinə qarışır. Bağlı pərdənin arxasına elə bir gurultu gəlir ki, onun səsini eşitmək möhtəşəmdir və pərdə açılır sən səhnəyə atılırsan”.
Hazırlanan tamaşada Pəri rolunu canlandıran Günay Məmmədova ƏSA Teatrında çalışmaq üçün özünün müraciət etdiyini bildirir: "Görməyən bir insan üçün nəyisə arzulamaq bir az çətindir. Mənim bu teatrda iştirakım təsdiqlənəndə çox sevindim. 4 ildir heç nə görmürəm. Bundan əvvələ qədər hər şeyi görmüşəm. Hər hansı bir obraz oynamaq üçün məşq etməli, əziyyət çəkməli, öz üzərində işləməlisən. Təbii ki, məşqlər də zaman aparır. ƏSA Teatrının yeri mənim üçün bir başqadır, heç nə ilə müqayisə olunmur. Bura girdinsə, çıxmaq çox çətindir. Teatrda çalışmaq üçün gərək onu sevəsən. Bizdə hazırlanan tamaşalar çox maraqlıdır. Bizim teatrı başa düşən, sevən tamaşaçıları var”. Teatrda Xanpəri və Pəri obrazlarını canlandırdığını deyən müsahibimiz bundan öncəki tamaşasında Könül xanımla birlikdə səhnəyə çıxdığını və ondan dəstək aldığını bildirir: "İndi heç bir dəstəksiz, tək səhnəyə çıxacam. Nihad bəyin köməyi ilə gördüm ki, bu məndə alınır. Peşəkar aktyorlar da öz məsləhətlərini əsirgəmirlər və bu işdə bizə dəstək olurlar. Davamlı olaraq məşq etməsəm, alınmaz”.

"Evdən çıxmağa səbəbimiz var”
Beyin iflici keçirsə də, daxilində teatr sevgisi yaşadan Fərid Əliyev bizə yaxınlaşıb, "teatra gələsiniz və mənim fikirlərimi almayasınız?” deyə yarızarafat söz atır. "Niyə də olmasın? Nədən danışmaq istəyirsiniz?” - deyə müraciət edirik: "25 yaşım var. Hazırlanan tamaşada Şəkər obrazını canlandırıram, çünki mən özüm də şəkər kimi oğlanam (gülürük). Şəkər qoymur ki, insanlar dalaşsınlar, hər zaman sülhün tərəfdarı olur. Bu teatr əlilliyi olan bizim kimi gəncləri özünə qapanmağa qoymur, evdən çıxmağa bir səbəbimiz olur. Biz burda fərqli bir gün keçiririk. Heç zaman ağlımın ucundan keçməzdi ki, bir gün səhnəyə çıxaram. Çünki mən polis olmağı arzulamışam. Bir gün bir kinoya baxdım, gördüm ki, bir aktyor əlildir, amma gözəl obraz canlandırır. Düşündüm ki, mən də onun kimi obraz canlandıra bilərəm və bu teatra müraciət etdim. Mənə çox şey qadağa qoysalar da, özümü inkişaf etdirmək istəyirəm. Nihad bəy məni teatra qəbul etməkdə tərəddüdlüydü. Bir ay inad etdim, gecə-gündüz teatra gəldim. Dedim ki, mən bu teatrda işləməsəm, sizdən əl çəkməyəcəm. İstədiyimə nail oldum. İçimdə bir inam var. Əgər bir şeyi ürəkdən istəyirəmsə, ona heç bir məhdudiyyət, əngəl mane ola bilməz. Beyin iflici keçirən heç bir insan gəzə bilmir. Ancaq mən gəzirəm. Çünki inadkaram, sərbəst gəzirəm. 6 yaşımdan danışmağa başlamışam”.
Aktyorlarla söhbətimizi yekunlaşdırıb rejissora tamaşanı harada izləyə biləcəyimizi soruşuruq. Rejissor deyir ki, tamaşalarını nümayiş etdirmək üçün teatrlardan icarəyə səhnə götürürlər. Bacardıqları qədər böyük tamaşaçı zallarına müraciət edirlər. İldə 6 tamaşa oynayırlar, 600-700 tamaşaçıları olur.
ƏSA Teatrının yaradıcı heyəti ilə bir gün keçirmək həqiqətən də insana stimul verir və insanda yaşam sevgisini gücləndirir. Bizə isə tutduqları bu yolda onlara bol tamaşaçı sevgisi və uğurlar arzulamaq qalır.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər