• cümə axşamı, 28 mart, 17:30
  • Baku Bakı 16°C

“İstəyim hər şeyə qalib gəldi” - Fotolar

14.11.17 12:30 3403
“İstəyim hər şeyə qalib gəldi” - Fotolar
Ötən həftə xaricdə yaşayan azərbaycanlı dirijor Fuad İbrahimovun vətənə gəldiyini eşitdik. Azərbaycanda olduğu müddət ərzində onunla görüşüb söhbət etmək şansı əldə etdik. Müsahibim Heydər Əliyev Fondunun xaricdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirdiyi tədbirlərin, habelə ölkəmizdə təşkil olunan beynəlxalq musiqi festivallarının fəal iştirakçısı və dirijorudur. Beynəlxalq musiqi festivalları ilə bağlı adı və imzasını dəfələrlə eşidəndə, sözün açığı, bir Azərbaycan övladı kimi onunla qürur duyurduq. İndi isə onunla söhbət edir, əldə etdiyi uğurlardan danışırıq.F.İbrahimov Şuşa şəhərində anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını viola ixtisası üzrə, Almaniyanın Köln Ali Musiqi məktəbini əvvəl viola, sonradan dirijorluq ixtisası üzrə bitirib. Fransada H.Berlioz adına festivalın medalına layiq görülüb. 2008-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaranan "Yeni Filarmoniya” gənclər simfonik orkestrinə dirijor təyin olunub və bu orkestrlə Berlində "Young Euro Classic” musiqi festivalında (2009, 2010), İtaliyanın Toskana şəhərində MPF musiqi festivalında (2010) iştirak edib. Həmin il Köln Ali Musiqi məktəbinin "Sinfonietta” tələbə simfonik orkestrinə dirijor təyin olunub. Gənc dirijor kimi müsabiqə yolu ilə Berliner Philharmoniker, Dresdener Staatskapelle, Gewandhaus Leipzig, Konzerthaus Orchester Berlin ilə işləmək hüququ qazanıb. Alman Musiqi Məktəbi və Venesuella "Sistema” birliyi ilə təşkil edilmiş layihəyə (2010) rəhbər təyin edilib. Philharmonie Südwestfalen, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, MDR Sinfonieorkester Leipzig, Kölner Philharmonie Orchester, Kölner Opernhaus, Berlin Camerata və s. orkestrlərlə konsertlər verməkdə davam edir. Yaponiyada keçirilən "Pasific Music Festival”da (2011) çıxış edib. 2014-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrində dirijor vəzifəsində çalışır və Neue Philharmonie München orkestrinin baş dirijorudur.Bundan başqa, gənc dirijor müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestri, London Kral Filarmonik Orkestri, Almaniyanın Berlin, Drezden, Köln, Qürzeniç, Leypsiq, Qöttinqen, Nünberq, Cənubi Vestfaliya orkestrləri, Vyana Kamera Orkestri ilə birgə dünyanın müxtəlif konsert salonlarında tamaşaçılar qarşısına çıxıb. Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə ilə çalışır, hər ay səfərlərdə olur.
- Neçə ildir Almaniyada yaşayırsınız?
- Artıq 14 ildir ki, Almaniyada yaşayıram. Təhsil almaq üçün Almaniyaya getdim. Daha sonra işimi orada davam etdirdim.
- Azərbaycana gələndə ilk olaraq hara getdiniz?
- İlk olaraq ailəmin yanına getdim. Qürbətdə insan torpağı, ailəsi, dostları üçün darıxır. Mən də ailəmlə görüşəndən sonra Azərbaycan Dövlət Filarmoniyasına getdim. Filarmoniya mənim üçün ikinci ailəmdir. Çünki uğurlarımın çoxunu məhz burada əldə etmişəm.
Hər dəfə vətənimə gələndə istəyirəm ki, Şuşaya gedim. Çünki ürəyimin bir hissəsi orda döyünür.
- Neue Philharmonie München orkestrində çalışırsınız. Vəziyyət necədir orada?
- Mən 2014-cü ildən bu orkestrdə baş dirijor vəzifəsində çalışıram. Münhen yeni Filarmonik orkestri bu yaxınlarda Azərbaycanda da çıxış etdi. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının bağlanışında yüksək səciyyədə çıxışımız oldu. Gələcəyə dair də planlarımız çoxdur.
- Nə üçün təhsilinizi davam etdirmək üçün məhz Almaniyanı seçdiniz? Burdakı təhsil sistemi sizi qane etmədimi?
- Xeyr. Məsələ təhsil sistemində deyil. Mənim həyatımda hər zaman qəribə hadisələr baş verib. Qeyri-adiliklər heç vaxt izimi buraxmayıb.
- Nəyi nəzərdə tutursunuz?
- Mən 9 yaşıma qədər Şuşada böyümüşəm, daha sonra məcburi köçkün kimi öz torpağımızı tərk etməli olmuşuq. Müharibə zamanı musiqi ilə məşğul olmağa imkanımız yox idi. Yəni musiqi sahəsini seçməyim və bu sahədə özümü inkişaf etdirməyim mənim öz istəyimdən qaynaqlanır. Müharibə gedən zaman bizim bütün günümüz zirzəmilərdə keçirdi. Ailəm musiqiçi ailəsi olsa belə, ürəyim musiqi ilə məşğul olmaq istəsə belə, musiqi ilə məşğul olmağa heç bir imkanım və şəraitim olmayıb. Bakıya gələndən sonra musiqiyə olan istəyim, həvəsim, sevgim ailəmi məcburiyyət qarşısında qoydu ki, məni musiqiyə yazdırsınlar. Təbii ki, mən onları da başa düşürəm. 90-cı illərdə bir ailə başçısı ola biləcək oğlanın musiqi ilə məşğul olmağı onlar üçün inandırıcı deyildi. İstəyim hər şeyə qalib gəldi və onları inandırdım ki, seçdiyim yol doğru yoldur. 12 yaşımdan musiqi ilə məşğul olmağa başladım. Qısa bir zamanda Konservatoriyaya qəbul oldum və uğurlarım bundan sonra başladı. Özümü şanslı insan hesab edirəm. Çünki hər zaman qarşıma yaxşı və işinin peşəkarı olan insanlar çıxıb. Konservatoriyada çox yaxşı müəllimlərə rast gəldim. Hansı ki, indi mənim musiqiçi kimi inkişafımda böyük rol oynayıblar. O ki qaldı Almaniyada təhsillə bağlı sualınıza, bunun da öz tarixçəsi var. Bir gün məşhur dirijor Mstislav Leopoldoviç RostropoviçBakıya gəlmişdi. Ondan ustad dərsləri aldım və o, məsləhət gördü ki, mən təhsilimi Almaniyada davam etdirim. Bilirsiniz ki, o, dünya miqyaslı, çox məşhur bir musiqiçidir. Onun fikri mənim üçün sıradan bir fikir ola bilməzdi. Niyə də olmasın deyə düşündüm. Bu mənim arzuma çevrildi. Bu arzunun gerçəkləşməsində isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mənə yardımçı oldu. Azərbaycanın Mədəniyyəti Dostları Fondunun təşəbbüsü ilə Almaniyaya yola düşdüm. Daha sonra Heydər Əliyev Fondunun köməyi ilə iki təhsil aldım. Hər ikisini də yüksək səviyyədə başa çatdırdım. Xalq artisti Fərhad Bədəlbəylinin də mənə çox böyük köməyi olub.
- Almaniyada nüfuz qazanmış, tanınmış dirijorlardansınız. Hər iki ölkənin təhsili ilə yaxından bələd olan bir mütəxəssis kimi, bu sistemlərdəki fərqlərlə bağlı nə deyə bilərsiniz?
- Son dövrlər bu fərqi çox az görürəm. Çünki bizdə də, Almaniya da təhsildə boloniya sistemindən istifadə edirlər. Azərbaycanda istedadlı uşaqlar həddindən artıq çoxdur. Çox istərdim ki, bu istedadlı insanların böyük imkanları olsun, beynəlxalq arenalara açıla bilsinlər. Necə ki indi beynəlxalq aləmə çıxışları var. Yeri gəlmişkən, bildirim ki, son zamanlar gənc nəslin beynəlxalq arenalarda özlərini göstərməsi üçün geniş imkanlarının olması məni çox sevindirir. Belə ki, keçirilən beynəlxalq festivallar, simpoziumlar, onların dövlət hesabına xarici ölkələrdə təhsil almaları möhtəşəmdir. Azərbaycanda gənc istedadlara hər zaman diqqət göstərilir. Almaniyada isə gənclərin özündən daha çox şey asılıdır. Əslində bu da çox normaldır. Çünki ölkə çox böyükdür. Dövlət hər bir gəncə ayrı-ayrılıqda diqqət ayıra bilmir. Ona görə də orada yetişən, formalaşan gənclərin məsuliyyəti öz üzərinə düşür. Bu baxımdan bizim gənclərimiz daha şanslıdırlar. Məsələn, Almaniyada çox nadir hallarda diqqət mərkəzində olmaq mümkün olur. Azərbaycanda isə istedadlı insanlara hər zaman diqqət ayrılır.
- Azərbaycandan gəlib, Neue Philharmonie München orkestrinin baş dirijoru işləmək oradakıların qısqanclığına səbəb olurmu?
- Əsla. Belə şey mümkün deyil. Mən hər insanın uğuruna sevinən biriyəm. Oradakılar mənim bu xüsusiyyətimi görüb, mehriban davranır və çox səmimidirlər. Onlar mənə heç zaman aqressiv yanaşmayıblar və yanaşa da bilməzlər. Hər bir insan individualdır. Hər insanın mənfi və müsbət cəhətləri var. Mən deyə bilmərəm ki, mənim mənfi xüsusiyyətim yoxdur və hər kəs məni sevir. Bu belə deyil. Amma elə bir şərait də yaratmıram ki, mənə qarşı daxillərində hansısa kin-küdurət yaransın.
- 14 ildir Almaniyada yaşayırsınız, ancaq Azərbaycan dilində fikirlərinizi səlis və gözəl ifadə edirsiniz.
- Təşəkkür edirəm. Çalışıram ki, danışanda rus sözlərindən istifadə etməyim. Bizdə çox tez-tez görürəm ki, insanlar "uje”, "vobşe”, "vsyo” və bu kimi rus sözlərindən istifadə edirlər. Mən bunu xoşlamıram. Əgər öz dilimdə danışacağamsa, heç bir xarici sözdən istifadə etməyəcəm. Mənim gözəl və zəngin dilim var. Nə üçün xaricilərin sözlərindən istifadə etməliyəm? Mən bunun əleyhinəyəm. Elə təsəvvür etməyin ki, rus dilini bilmirəm. Xeyr, əslində 7 dil bilirəm. Ancaq bu mənə əsas vermir ki, öz dilimə hansısa əcnəbi sözləri əlavə edim. Əgər rus dilində danışırıqsa, səlis rus dilində danışaq.
- Rus və alman dilindən başqa hansı dilləri bilirsiniz?
- İngilis, alman dilini təmiz bilirəm. Rus, polyak, türk dillərində danışmağı bacarıram.
- Fuad bəy, siz saysız beynəlxalq festivallarda çıxış etmisiniz. Hansı ki, həmin festivallarda Azərbaycan bəstəkarlarının əsərlərinə yön vermisiniz. Xaricdə bizim əsərləri necə qəbul edirlər?
- Çox gözəl. Bizim əsərimizin hansısa xarici ölkədə uğur qazanmadığının şahidi olmamışam. Bu, tək məndən asılı olan səbəblərdən qaynaqlanmır. Bizim bir çox gənc, istedadlı, işinin peşəkarı olan dirijorlarımız da var ki, onlar da ölkəmizi beynəlxalq arenalarda təmsil edib və edirlər. Beynəlxalq festivallarda bəstəkarlarımızın əsərləri ilə böyük uğurlar əldə ediblər. Bizim bəstəkarlarımız dünya şöhrətli, tanınmış bəstəkarlardır. Bunun üçün dünya onları çox yaxşı səviyyədə qarşılayır. Xaricdə saysız-hesabsız çıxışlar etmişəm.
- Azərbaycanda bu sahəyə maraq necədir?
- Musiqiyə olan diqqət göz önündədir. İlk dəfə Qəbələ Beynəlxalq Musiqi festivalının keçirilməsi xəbərini eşidəndə, sevincimin həddi-hüdudu yox idi. Çünki Avropada, dünyanın ən çox inkişaf etmiş ölkələrində bu istiqamətdə keçirilən bir neçə festival var. Hansı ki, bu festivallar yayda dağların qoynunda, təbiətdə, həmahəng bir şəkildə keçirilir. Hər zaman bu cür festivallarda iştirak edəndə düşünürdüm ki, Azərbaycanın da çox səfalı təbiəti var, görəsən, bizdə nə zaman belə festivallar keçiriləcək? Düzdür, əvvəllər Şuşada, Cıdır düzündə simfonik orkestr, məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazi Tağızadə gəlib konsert verirdi. O zaman mən uşaq idim. Müharibə illərindən sonra bizdə belə festivallar keçirilmədi. Festival bir hesabatdır, bayramdır. Qəbələ festivalı mövsüm sonunda keçirilir. Sanki mövsümü başa vurur. Ancaq Üzeyir Hacıbəyli adına festival isə yeni mövsümü salamlayır, yeni mövsümə yüksək əhval-ruhiyyə ilə başlayırlar. Bu festivallar çox maraqlı, adına layiq, dərin məzmunlu festivallardır. Üzeyir Hacıbəyli festivalı musiqi ilinin başlanğıcıdır. Hər kəs tətilə festivalla çıxır, tətildən isə festivala qayıdır. Festivaldan söz düşmüşkən, Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalının adını çəkməsəm, günah olar. Bu festivalı ölkəmiz üçün vacib hesab edirəm. Müasir festivaldır. İndi bilirsiniz ki, müasir festival dəbdədir. Bizdə də belə müasir musiqilərin festivalları keçirilir. Rastropoviç festivalı, caz festivalı - festivallarımız çoxdur. Zəngin musiqi həyatımız var.
- Musiqi dinləyərkən məni bir sual düşündürür, görəsən bəstəkar böyükdür, yoxsa dirijor? Dirijor əsəri idarə edən, yön verən və onu tamaşaçıya düzgün şəkildə çatdıran biridir. Bəstəkarla dirijor arasındakı "anlaşma” hər zaman maraq obyektim olub...
- Bunlar tamamilə fərqli şeylərdir. Onları müqayisə etməyi düzgün hesab etmirəm. Çünki onların hər ikisi musiqinin fərqli qollarıdır. Dirijor yazılmış bir əsəri interpretasiya edə bilər. Musiqini elə hala sala bilər ki, bəstəkar həmin musiqini dinləyəndə utanar. Əlbəttə ki, dirijordan çox şey asılıdır. Dirijor ilk növbədə psixoloq olmalıdır. Bilməlidir ki, hansı anda nəyi necə etsin. Nə mümkündür, nə mümkün deyil və s. Onlar çox vacib rol oynayırlar. Bir də çalışmalıdır ki, bəstəkarın məhsulunu düzgün şəkildə interpretasiya etsin, ifa etsin. Dirijorun o qədər imkanı yoxdur ki, oturub bəstəkarla söhbət etsin, bilsin ki, bəstəkar nə istəyir. Ancaq elə etməlidir ki, bəstəkarın məhsulunu korlamasın. Musiqiçisiz, orkestrsiz, bəstəkarsız dirijor yoxdur. Dirijor bütün bunların hamısından asılı olan bir şəxsdir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər