• çərşənbə axşamı, 19 mart, 08:12
  • Baku Bakı 8°C

“İstəyərəm ki, hamı zəhmətə alışsın” - Gör-götür

15.09.17 10:30 5645
“İstəyərəm ki, hamı zəhmətə alışsın” - Gör-götür
20 ildir jurnalistika, son 5 ildə isə televiziya sahəsindədir. Müqayisə edəndə televiziyanın daha çox vaxt aldığını deyir. Hətta buna görə evdə daha az vaxt keçirir. İşlərin çoxluğu, vaxtın qalmamasından danışanda zarafatla balaca vaxtı oğlu Cavidin "atam bizə gəlib” fikrini xatırlatdı... Müsahibimiz APA TV-nin baş direktoru Vüqar Hüseynovdur.

- Politologiya üzrə təhsil almısınız. Bəs jurnalistika ilə yollarınız necə kəsişib?

- 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi nəzəriyyələr fakültəsinə qəbul oldum. Yüksək bal toplasam da, bu təhsil ocağını sıralamada 9-cu yazmışdım. Həmin il bu fakültəyə 105 nəfər qəbul olmuşdu, onlardan yalnız bir neçə nəfər bu fakültəni birinci sırada yazmışdı. Politologiya ixtisası həmin il ölkəmizdə ikinci ildir tədris olunurdu, dərslik çatışmırdı, mühazirələr köhnə materiallar idi. İnternet dövrü olmadığı üçün əlavə materiallar tapmaq indiki qədər asan deyildi. O çətinliklərə rəğmən, bacardığımız qədər yaxşı təhsil almağa çalışırdıq. Çox aktiv tələbəliyimiz olub. İnstitutu bitirəndən sonra ixtisas üzrə iş tapmaq çətin idi. İnstitut vaxtı bəzi tələbələr mətbuatda çalışırdılar, biz onlara həsəd aparırdıq. Deyirdik ki, institutu bitirməyib, diplomu yoxdur, necə işləyir? Bitirəndən sonra bizim heyətin böyük hissəsi mətbuata gəldi. Çünki mətbuatda kadrlara, xüsusilə siyasət yazarlarına ehtiyac varıydı. Sonra zamanla biz də bu işə başladıq. 20 il ərzində təxminən 10-a yaxın mətbu orqanında çalışmışam. Sonra APA İnformasiya Agentliyinə gəldim, baş redaktor oldum. Asta-asta irəlilədim, bir də gördüm artıq müəyyən bir yerə çatmışam. Onu da deyim ki, biz jurnalistikaya analitika, təhlil üzərindən gəldik. Xəbər jurnalisti də olduq, amma yazılarımın əksəriyyəti təhlil xarakterli olub.

- 20 illik karyeranızın ilk dövrlərində xeyli iş yeri dəyişsəniz də, artıq 10 ildən çoxdur ki, "APA Holding”dəsiniz. Sizi bu qədər vaxt eyni iş yerində saxlayan nədir?

- Noyabr ayında APA-nın təsis edilməsinin 13 ili tamam olacaq. Ondan öncə də 3 il "Xalq Cəbhəsi” qəzetində Vüsalə xanım və Nurşən Quliyevlə bir yerdə çalışmışıq. Agentlik yaranandan sonra bura gəldik. Uzun illərdir burada qalmağımın səbəbindən danışanda çox adam o hissi başa düşmür. Amma belə deyək də, valideyn uşağı müəyyən yaşa çatandan sonra necə ona bağlanırsa, ayrıla bilmirsə, bu da elədir. Bura bizim körpə övladımız kimidir. Biz o vaxt bu agentliyi yaradarkən bu gününü görə, buralara qədər irəliləyəcəyimizi bilmirdik. Amma zamanla agentlik böyüdü, müxtəlif bölmələr yarandı, APA-nın bünövrəsində şaxələnərək holdinqə çevrildi. Burada işlərimiz normal şəkildə gedir, müəyyən hədəflərə nail olmuşuq, daim də bunun üçün çalışırıq. İnsan yerində saymadıqca, hədəfə doğru addım-addım irəlilədikcə davam etmək istəyir. 5-ci ildir ki, APA TV-nin baş direktoru olaraq çalışıram. Televiziya maraqlı və çətin sahədir. Çox mehriban, şən və məsuliyyətli kollektivimiz var. Səmimiyyət var, amma iş məsuliyyəti öz yerində qalır, işdə güzəşt yoxdur. Televiziyanın yeganə çatışmayan cəhəti vaxtdır.

- Vaxt azlığı, gərgin iş rejimindən dolayı bu sahədən uzaqlaşanlar az olmur. Heç mətbuatdan getməyi düşünmüsünüzmü?

- Bizim nəsildən olan jurnalistlərin əksəriyyətinin fikrindən keçən bir şeydir ki, artıq kifayətdir, mətbuatdan uzaqlaşmaq lazımdır. Mətbuatda kifayət qədər çalışmışıq, yaş, ailə məsuliyyəti öz sözünü deyir. Mənim yoldaşım Fatma xanım beynəlxalq jurnalistikanı bitirib, müxtəlif mətbuat orqanlarında, nəşriyyat sahəsində çalışdı. 3 il bizimlə APA TV-də işlədi. İşdəkilərə deyirdim ki, o adam bura istəyərək deyil, mən istəyirəm deyə gəlir. Çünki hamıdan çox ona əziyyət verəcəyimi, iş tapşıracağımı bilir. İşinin öhdəsindən həmişə artıqlaması ilə gəlib, amma məndə hər kəsə qarşı bir tənqidi yanaşma var. Daha yaxşısını istəyə-istəyə 3 il bir yerdə işlədik, axırda qaçdı. Tamam başqa bir sektora dəvət aldı və getdi.

- Ata-ana jurnalist. Birdən övladlar da bu istiqamətə meyillənsə?

- Övladlarımın bu istiqamətə yönəlmələrini istəməmişəm. Böyük qızımın özünün seçim etmək dövrü yaxınlaşır, anası və mən dəfələrlə israrla etiraz etsək də, jurnalist olacağını deyir. Əslində, jurnalistikanı seçmək səbəbini ciddi şəkildə əsaslandıra bilmir, amma deyir ki, yaxşı sənət deyilsə, siz niyə bunu seçmisiniz, niyə burda qalırsınız? Yaxşı qələmi də var, amma bu sahəni seçməyini istəmərəm. Sonrasını zaman göstərəcək.

- İş üçün müraciət edənlər yəqin ki, çox olur. Gənclərdə jurnalistikaya maraq necədir?

- Jurnalistika dinamik sahə olduğu üçün maraq var, amma hələ tam biz istəyən kimi kütləvi şəkildə mediaya gəliş yoxdur. Belə deyək də, əvvəl təcrübə üçün gələnlər arasında 10 nəfərdən 3-ü qalıb bu sənəti öyrənmək istədiyini bildirirdi. O, 3 nəfərin də içərisindən birində müəyyən işartılar olurdu ki, üzərində işlənilsə, jurnalist ola bilər. Bu tendensiya bizim nəsil jurnalistlərin bu sahədə irəliləyişdən əlini üzməsinə gətirib çıxarmışdı. Amma son bir-iki ildə Bakı Dövlət Universiteti və Slavyan Universitetinin jurnalistika fakültələrini bitirib gələnlər içərisində çox istedadlı uşaqlar gördüm. Onu da deyim ki, digər televiziyalardan fərqli olaraq mənim işə qəbulla bağlı tələbim fərqlidir. Mənə görə, jurnalistin səsi də olmalı, montajı da bacarmalı, "Stund up” da etməli, istənilən vaxt efirə də çıxmalıdır. Universal jurnalist istəyirəm, yeri gələndə özü hər işini görə bilsin. Bu cür kadrları isə tapmaq çətindir. Bəzən isə çox yaxşı kadrlar gəlir, vakansiya olmadığı üçün adam təəssüflənir.

- Kollektivinizdə gənclər çoxdur. Gənclərlə işləmək çətin deyil?

- Gənclərlə işləməyin çətinlikləri və üstünlükləri var. Üstünlüyü odur ki, onlara öz təcrübəni danışa bilərsən, maraqla dinləyəcəklər. Hətta olmayan şeyləri, başqasından eşitdiklərini də danışa bilərsən (Gülür). Amma mənimlə eyni vaxtda jurnalistikaya gələn adama necə deyə bilərəm ki, 5 dəfə dağ aşmışdıq? Çünki bir-birimizi çox gözəl tanıyırıq. Qəribə bir məsələ var. Nədənsə, gənclər özlərini inkişaf etdirməyə maraqlı, dinamik deyillər. Bunu da internetə, sosial şəbəkələrə bağlayıram. Gənclərlə işləməyin çətinliyinə gəldikdə, artıq onları müəyyən qədər tanıyıram. Kimin hansı potensiala malik olduğunu müəyyənləşdirə bilmişəm. Hansısa mövzu ortaya çıxanda işdə onu kimin daha yaxşı hazırlayacağını təxmin edə bilirəm. Bəzən rəhbər heyətlə bu mövzuda müzakirəmiz düşür ki, filan mövzunu niyə filankəsə tapşırırsan? Deyirəm ki, mən onun bu işin öhdəsindən digərlərindən daha yaxşı gələcəyini bilirəm. Əksər hallarda bu seçim özünü doğruldur. Ümumilikdə isə gənclərdən gözləntilərimiz çoxdur. Bir adam ki, jurnalistikanı bitirib bu sahəyə gəlirsə, deməli, jurnalistikanın hansısa istiqamətində bacarığı var və onu üzə çıxarmaq lazımdır. Bu vəzifə də rəhbər heyətin üzərinə düşür. Əgər bunu edə biliriksə, deməli, biz də nə isə bacarırıq. Yoxsa, məsuliyyətdən qaçıb, "gənclər heç nə bacarmırlar” deyiriksə, deməli, yaxşı jurnalistlərin yetişməməsində günahın 70 faizi bizdədir.
- Gənclərin özlərini inkişaf etdirmələrindən şikayət edirsiniz. Sizin də yaşınız gənclərinkindən elə də çox sayılmaz. Bəs siz öz inkişafınız üçün nə edirsiniz?

- Əvvəla, gənclərin mütaliəsi yoxdur. Jurnalistə lazım olan bir nömrəli məsələ mütaliədir. Bizdə qəribə bir şey var idi, populyar ədəbiyyatı, hansısa imzaları oxumaq... Amma mən hər şeyi oxumağın tərəfdarıyam. Mənə gələk... 6-7 il əvvəl səhhətimlə bağlı bir problemlə üzləşmişdim. Bu problemin işin gərginliyi ilə bağlı olduğunu, gərgin iş rejimindən uzaqlaşmağı məsləhət bildilər. Çox yaxın bir adam dedi ki, özünə həqiqətən sevəcəyin, səni işdən, hətta dünyadan ayıracaq hobbi kimi məşğuliyyət tap. Dedi ki, kimi musiqi alətində ifa edir, kimi taxta yonur, kimi də rəsm çəkir. Mən uşaqlıqdan akvarium balıqlarını çox sevmişəm. Bakının bu dəqiqə ən yüksək nəticə əldə etmiş akvariumçularından biriyəm, bunu heç kəs bilmir. Yaxud hazırda soxulcan gübrəsi deyilən müasir gübrə növü peyda olub. İndi vaxt olan kimi o haqda, bitkilərə qulluq barədə oxuyuram. 6-cı sinfin botanikasından başlamışam, internetin imkanlarından istifadə edərək daha çox məlumat alıram. Müxtəlif gül növləri yetişdirməyə, ən azı, böyütməyə çalışıram, balıq tuturam. Bunlar hamısı öz yerində, daim nələrisə öyrənmək lazımdır. Bu, ağaca qulluq etmək, bitkiləri, heyvanları sevmək, musiqi alətində ifa etmək, rəqs öyrənmək ola bilər. Amma bunlar da özünü tam inkişaf etdirmək demək deyil. Daim mütaliə etmək vacibdir. İstər bədii, istər texniki ədəbiyyat. Müasir texnologiyaların sayəsində istənilən bir şeyi axtarıb öyrənə bilərik. Gənclərə tövsiyə edərdim ki, kitabı kitabdan oxusunlar, onun gözəlliyi başqadır. 26 ildir Bakıdayam, hələ Mərkəzi Nəbatat Bağında olmamışdım. "Lider” televiziyasında çalışan dostum Elnur Niftəliyev ora gedəndə fotolar çəkib "Facebook” səhifəsində paylaşmışdı. Bakının mərkəzində cənnətin bir guşəsi olduğunu gördüm, uşaqları götürüb getdik, ora vuruldum. Boş vaxt olanda gedib orada heç olmasa bir saat oturub kitab oxuyuram. Bir də optimist olmağa çalışmaq lazımdır. Çətinliklər hamının həyatında olur. Bəzən bizim uşaqların da hansısa çətinlikləri olur. "Hər şey yaxşı olacaq” tipli süni şəkildə ürək-dirək vermirəm, reallıqdan misal çəkirəm. Əvvəlki illərimizdən danışıram, deyirəm ki, 90-cı illərin sonlarında, jurnalistikaya ilk addımlarımızı atdığımız dövrlərdə bəzən aylarla maaş almadan işləmişik. İndi fikirləşirəm ki, necə işləmişik, niyə işləmişik? O çətinlikləri görmüşük. Düşünürəm ki, insanı bu dolaşıqlıqdan özünü inkişaf etdirmək çıxaracaq. Empati hissini cəmiyyət olaraq inkişaf etdirməliyik. Hər kəs özünü qarşısındakının yerinə qoymağı bacarmalıdır, bu zaman problemləri daha tez anlamaq və həll etmək olur. Biz irəli gedirik, bunu danmaq olmaz, amma gənclər özlərini inkişaf etdirməyə daha çox həvəsli olsalar, daha sürətlə irəliləyə bilərik. İstəyirəm ki, inkişaf o qədər yüksək olsun ki, gənclər bizə yol göstərsinlər, biz onlardan görüb-götürək.

- Sizin elə çox yaşınız yoxdur, amma hey gənclər deyə xitab edirsiniz...

- 41 yaş əslində elə də çox deyil, təcrübə cəhətdən yanaşaraq gənclər deyirəm. Bizim məktəb, tələbəlik illərimiz, mediada ilk addımlarımızı atdığımız dövr çox ağır illər idi. Çətin dövrdən çıxmaq üçün insan daha güclü olmalıdır. Çətinliklər insana həm də müəyyən təcrübə qazandırır. Məsələn, yataqxanada qalıb təhsil alanla, öz evindən dərsə gedənlərin çətinliyi başqa olur. Yataqxanada qalan hər işini özü görməklə yanaşı, həm də oxuyur. Biz həyatın çətinliklərini dəf edə-edə zəhmətə alışmışıq. Mən istəyərəm ki, hamı zəhmətə alışsın. "Gənclər” xitabına gəldikdə, artıq övladlarım da böyüyüb, onlara tez-tez məsləhət verirəm deyə, bir az "gənc-gənc” deməyə başlamışam. Amma özümüz də gəncik, heç nə dəyişməyib, balıq da tuturuq, futbola da baxırıq (Gülür).

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər