AZE | RUS | ENG |


“İstər evdar, istərsə də işləyən qadın ilk növbədə vaxtını düzgün idarə etməyi bacarmalıdır” - Gənclərə məsləhət

“İstər evdar, istərsə də işləyən qadın ilk növbədə vaxtını düzgün idarə etməyi bacarmalıdır” - Gənclərə məsləhət
"Gənclərə məsləhət” rubrikamızın qonağı Lent.az informasiya agentliyinin redaktoru Səbinə Əvəzqızıdır. Müsahibimiz həm ev, həm iş qadınıdır. Səbinə xanım mediada xoşbəxt ailəsi olan və ailəni idarə etməkdə seçilən qadınlardan biri kimi tanınır. Biz də həmsöhbətimizdən evdar qadınlara öz vaxtlarını necə keçirmələri ilə bağlı məsləhətlərini aldıq.

Deyir ki, istər evdar, istərsə də işləyən qadının səhər süfrəsi mütləq qaydasında olmalıdır: "Qadın mütləq səhər tezdən oyanmalıdır ki, vaxtını düzgün idarə edə bilsin. Ana az yeyən uşağını yedirtdiyi kimi, çox yeyən uşağına da nəzarət etməlidir. Mən qızımı zorla yedirdirəm. Səhərlər qızın qarşısına çörək yığıram, oğlumun əlindəkiləri isə alıram ki, sənə çox oldu. Eyni zamanda, gözüm həyat yoldaşımda olur ki, çayına çox şəkər tozu tökməsin. Ən azı 4-cü qaşıqda deməlisən ki, day bəsdir, yoxsa 9-cu qaşığa kimi gedə bilər. Hə, bütün bunları edərkən özün də tez yeməlisən ki, işə gecikməyəsən”.
 


Müsahibimiz deyir ki, hər bir evdar qadının özü üçün ayırdığı özəl saatlar olmalıdır: "Gün ərzində özün üçün ayırdığın özəl saatın olmalıdır ki, bu yalnız sənə aid olsun. Kitab oxumağı, nələrsə yazmağı, filmə baxmağı, özünə qulluq etməyi və s. seçə bilərsən. Yetər ki, bu yalnız sənə aid olan bir saat və ya saatlar olsun. Belə olmasa, məncə, insan özü öz həyatını digərlərinin kölgəsinə atar”.

Evdar qadınların işləyib, həm evdə, həm də işdə uğur qazanması məsələsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, bir qadının nə qədər böyük gücə sahib olduğunu çoxları təsəvvür edə bilmir: "Qadın nələrisə səmimi qəlbdən etmək istədisə, onun qarşısında heç kim, heç nə dayana bilməz. Hətta o bu istəklərini ən qısa zaman ərzində belə edə bilər. Hərənin bir uğur formulası var. Şəxsən mənim formulam bütün məsələlərə sevgi ilə yanaşmaqdır. Adi bir misal çəkim, əsəbi, gərgin vəziyyətdə, içinizdə paxıllıq daşıdığınız halda təmizlədiyiniz ev, bişirdiyiniz yemək, üzərində çalışdığınız hər hansı bir layihə uğurlu ola bilərmi? Peşənə, evinə, ailənə, dostlarına, həmkarlarına belə sevgi ilə yanaşsan, yalnız qarşında qoyduğun hədəfə doğru irəliləməyə çalışsan, mütləq uğur qazanacaqsan. Desəm ki heç bir əngəl olmayacaq, yalan danışmış olacam. Onlar da mütləq olacaq. Çünki ətrafda sənin sahib olduğuna nail ola bilməyən və bunun üçün paxıllıq hissi ilə əziyyət çəkən kifayət qədər insan tapılacaq. Onlar bu yolda əl-ayağına dolaşacaq, hamar yolunun üstünə daş-qalaq yığacaq. Heç nə edə bilməyəndə, ən azı səni gərginləşdirməyə çalışacaqlar. Düzdür, bəzən haqsızlığa dözmək çox çətin olur, amma bu zamanlarda doğru qərar verərsənsə, istər ailəndə, istərsə də işində uğur qazana bilərsən. Uğurlu xanım olmaq üçün əvvəlcə özün-özünə bir sual ünvanlayıb, o suala doğru cavab verməlisən: "Mən həyatımdan razıyam?” Razı deyilsənsə, narazı qaldığın bütün məqamları aradan qaldırmalısan. Bu yolda ərincəklik, tənbəllik edəcəksənsə, uğurlu ola bilməyəcəksən. Məmnuniyyət hissi əslində hisslərin ən böyüyüdür. Həyatından məmnun deyilsənsə və bunu düzəltmək üçün çalışmırsansa, uğuru unut”.

Müsahibimiz deyir ki, qadın üçün baxımlı olmaq çox vacibdir: "Qadının evdarı və işə gedəni fərqli olmamalıdır. Ailə məclislərində, toylarda, şənliklərdə, dostlarla bir araya gələndə, gəzintilərə çıxanda qadının üzərində etiket olmur ki, bu, evdardır, ya yox. Özünə baxmayan qadın bayaq dediyim kimi, məmnun olmayacaq. Məmnun olmayan qadın isə, artıq heç kimə faydalı ola bilməz. Baxımlı olmalısan ki, uşaqların da, həyat yoldaşın da yanında bir qadın olduğunu hiss eləsin. Və bununla sən evdəki uşaqlara belə örnək olmalısan. Baxımlı qadının ən böyük üstünlüyü odur ki, özünə güvənir. Özgüvən uğura aparan yolda sənə çox lazım olan bir amildir. Baxımlı qadını həyat yoldaşı da, uşaqları da öz ətrafına çox böyük məmnunluqla təqdim edir. Yəni baxın, bu mənim xanımımdır və ya mənim anamdır. Bu o demək deyil ki, baxımlı olmayan qadınları övladları sevmir. Yox, sevgidən heç nə əskilmir. Lakin inanın ki, həmin ananın baxımlı olması o övladı, onun həyat yoldaşını daha çox sevindirir”.

Müsahibimizin evdar qadınlarımızda görmək istədiyi xüsusiyyətlərə gəlincə isə, həmsöhbətimi deyir ki, evdar qadınlar özlərini iş xanımlarından fərqli hiss etdikləri üçün özlərinə güvənmirlər: "Qadınları evdar, işləyən qadınlara bölməyə qarşıyam.Amma təəssüf ki, ətrafımızda xeyli evdar qadınlar var və onlar özlərini iş xanımlarından çox fərqli hiss edirlər. Belə hiss etdikləri üçün də günü-gündən fərqi, uçurumu dərinləşdirirlər. Ümumiyyətlə, nəinki qadın, hər bir insan ən birinci, şəxsiyyət olduğunun fərqində olmalıdır. Evdar xanımlarımız bir az mütaliə etsələr, baxımlı olsalar, çox yaxşı olar. Bu zaman onlar ailələrinə də daha xoş görünərlər. Bundan başqa, evdən çıxmaq üçün mütləq səbəblər tapsınlar, ən azından övladları ilə birgə əyləncələr təşkil etsinlər. İnanın ki, bu zaman ana və övladları bir-birlərini daha çox tanıyır və bağlanırlar”. 
 
Aygün Əziz


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001