• çərşənbə axşamı, 19 mart, 15:45
  • Baku Bakı 8°C

“İstənilən uğurun əsas sirri özünə inamdır” – Uğur hekayəsi

23.01.17 12:40 4439
“İstənilən uğurun əsas sirri özünə inamdır” – Uğur hekayəsi

Ona görə, istənilən uğurun əsas sirri özünə inamdır. Deyir ki həm öz gücünüzə, həm özünüzə, həm də etdiyiniz fəaliyyətin doğruluğuna inanmalısınız. İnam olandan sonra heç bir qüvvənin insanın qarşısını ala bilməyəcəyini düşünür. Müsahibimiz La Brosse şirkətinin Biznesin inkişafı üzrə meneceri Gülnar Qədirzadədir.


- Slavyan Universitetini qırmızı diplom və Fəxri məzun adı ilə bitirmisiniz. Oxumaq sizin üçün nədir?

- İstər orta məktəbdə, istərsə də ali məktəbdə çox nümunəvi tələbə olmuşam. Anam hər zaman uşaqlıq illərimdən danışanda deyir ki, dərsdən gələndən sonra ev tapşırıqlarımı yazmadan eməyimi yeməzmişəm. Tək təhsil almaq deyil, mütaliə baxımından da oxumaq hər zaman həyatımın bir hissəsi olub. Mən özümü "kitab qurdu” hesab edirəm və mütaliə gündəlik rutinimin ayrılmaz hissəsidir. Hətta özümə gündəlik limit qoymuşam. Hər gün 100 səhifə oxumalıyam. Oxumasam, o günümü itirilmiş hesab edirəm.
Sırf təhsilə gəldikdə isə, məncə, təhsil diplomu əlimizə aldığımız gün bitmir, əksinə başlayır. Diploma qədər olan hissə bizim əldə etdiyimiz nəzəriyyədir. Ondan sonrakı mərhələ nəzəri bilikləri təcrübədə yaşatmaqdır. Əsas və önəmli olan budur. Öyrəndiyimiz nəzəriyyəni təcrübəyə çevirib cəmiyyətə, insanlara və onların həyatını asanlaşdırmağa xidmət edə biliriksə, özümüzü faydalı təhsil almış hesab edə bilərik. Amma bizim biliklərimiz, sadəcə, nəzəriyyədən ibarətdirsə və bu nəzəriyyəni heç kimlə bölüşmürüksə, məncə, o təhsil yoxmuş kimi hesab olunmalıdır.


- Sonuncu ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Məncə, istənilən uğurun əsas sirri özünə inamdır. Həm öz gücünüzə, həm özünüzə, həm də etdiyiniz fəaliyyətin doğruluğuna inanmalısınız. İnam olandan sonra, məncə, heç bir qüvvə insanın qarşısını ala bilməz. Bu gün yaşadığımız hər bir şey nə vaxtsa reallaşmasına inandığımız xəyallardır. İnsan mütləq şəkildə pozitivliyini qoruyub saxlamalı, neqativə köklənməməlidir. Mənim də uğursuzluqlarım olub, amma mən uğursuzluqlarıma fokuslanmamışam. Əksinə, bugünkü uğurlarımı uğursuzluqlarıma borcluyam. Hər bir uğursuzluq qarşınızda böyük imkanlar açır. Çünki siz həmin uğursuzluqdan böyük bir dərs çıxara və ya hər şeyi yarıda qoyub yolun yarısından geri dönə bilərsiniz. İstənilən vəziyyətdə bu, sizin seçiminizdir. Sonda çox sevdiyim türk yazar Ahmet Şerif İzgörenin "Avcunuzdaki Kelebek” adlı kitabından bir hekayəni sizinlə paylaşacam. "Biri var imiş, biri yoxmuş, iki bacı var imiş. Bu qızlar çox ağıllı qızlar imiş. Məktəbdə öyrədilənlər qızlara bəs etmir və bir gün anaları onları dağda yaşayan bilgə adamın yanına aparmaq qərarına gəlir. Qızlar bilgə adama çoxlu suallar vermiş, adam isə qızların bütün suallarını cavablandırmışdı. Qızlar məmnun olmuş və analarından bir müddət bilgə adamın yanında qalmaq üçün icazə istəmişlər. Durmadan bilgə adama suallar verib doğru cavablar almaqdan bezən qızlar bir gün hiylə işlətmək qərarına gəlirlər. Qızlardan biri bir kəpənək tutur və ovcunda gizlədir. Bacısı ilə razılığa gəlirlər ki, bilgə adamdan kəpənəyin ölü və ya diri olduğunu soruşsunlar. Adam ölü cavab verərsə, kəpənəyi buraxacaq, diri cavab verərsə ovcunu sıxıb öldürəcək və beləliklə, bilgə adam suala yanlış cavab vermiş olacaqdı. Qızlar sevincək bilgə adamın yanına gəlirlər. Bacılardan biri qapalı ovcunu adama uzadıb ovcundakı kəpənəyin ölü və ya diri olduğunu soruşur. Bilgə adam qızın gözlərinə diqqətlə baxıb "sənin əllərində, qızım” deyir...”.
Hər şey sizin əllərinizdədir. Həyatda hər birimizin yerinə yetirməli olduğumuz bir missiya var. Heç nə səbəbsiz baş vermir. Hər şeyin mütləq bir səbəbi və nəticəsi vardır. Önəmli olan doğru vaxtda doğru yerdə olmaqdır.

Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər