“İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu” - Fotolar
Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı,
ölkəmizdə qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə "İstehsal və emal sahələrinin
inkişafında qablaşdırmanın rolu”
mövzusunda tədbir keçirilib.
Tədbir
iştirakçıları
əvvəlcə ölkədə qablaşdırma məhsulları istehsal edən 20-yə yaxın şirkətin
məhsullarından ibarət sərgi ilə tanış olublar.
İqtisadiyyat
naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə
ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması,
sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı
müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə
məlumat verib. Qeyd edilib ki, dövlət başçısı tərəfindən sahibkarlıq sahəsində
aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan
fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara
investisiya təşviqi sənədinin verilməsi, yerli istehsalın dəstəklənməsi və
ixracın təşviqi sahəsində mühüm qərarlar qəbul edilib. Vurğulanıb ki, bu
yaxınlarda keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 3-cü ilinin yekunlarına
həsr olunmuş Konfransda Prezident İlham Əliyev digər sahələrlə yanaşı, müasir
standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan
asılılığın azaldılması barədə tapşırıqlar verib. Qablaşdırmanın təşkili, bu
sahədə istehsalın artırılması və dövlət dəstəyi tədbirləri barədə məlumat verən
nazir Şahin Mustafayev qeyd edib ki, qablaşdırma sahəsində müəyyən uğurlarımız olsa da, bu sahənin genişləndirilməsi
vacibdir. Qablaşdırma iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət
göstərir və qablaşdırma sənayesinin məhsullarından digər sektorlarda geniş
istifadə olunur. Hazırda plastik kütlədən tara
materialları üzrə özünü təminat səviyyəsi 63%, kağız və kartondan tara
materialları üzrə 57%, butulka və digər şüşə taralarüzrə 33%-dir. Azərbaycanda sənaye və kənd təsərrüfatının
inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixrac imkanlarının artması
qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir. Nazir Şahin Mustafayev
qeyd edib ki, qablaşdırma sahəsində fəaliyyət göstərən və ya yeni fəaliyyətə
başlamaq istəyən sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən,
həmçinin investisiya təşviqi və digər dəstək mexanizmlərindən yararlana bilərlər. Bu günkü
tədbirin əsas məqsədi də qablaşdırma sahəsinin
inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və qablaşdırma sahəsində
fəaliyyət göstərən sahibkarlarla istehsalçıların əlaqələrinin genişləndirilməsidir.
Tədbir
çərçivəsində təşkil edilən sərgidə nümayiş olunan müasir qablaşdırma məhsulları
sahibkarlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, istehsal olunmuş
məhsulların ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcəkdir.
Nazir
Şahin Mustafayev həmçinin, ixracın inkişafına digər dəstək mexanizmləri barədə
məlumat verib, Belarusda yaradılmaqda olan Azərbaycan Ticarət Evinin layihə
görüntüləri nümayiş olunub. Qeyd edilib ki, Belarusdakı Ticarət Evi yaxın 2 ay
müddətində fəaliyyətə başlayacaqdır. Belə ticarət evlərinin həmçinin, Rusiya və
Ukraynada da yaradılması nəzərdə tutulur. Bununla yanaşı, artıq Azərbaycanın
Rusiyada ticarət nümayəndəsi təyin olunub.
Bildirilib
ki, xarici ölkələrə ticarət missiyalarının təşkili də davam etdirilir. Artıq
Çin, BƏƏ, Almaniya, Pakistan və Əfqanıstana Azərbaycanın ticarət missiyaları
təşkil olunub. Növbəti belə missiya Qətərə təşkil ediləcək. Bundan başqa, Azərbaycan mənşəli qeyri-neft məhsullarını
ixrac edən sahibkarlara 600 min manata yaxın vəsait geri ödənilib.
Tədbirdə
qablaşdırma sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri tərəfindən
təqdimatlar keçirilib. Sahibkarlar istehsal etdikləri qablaşdırma məhsulları
barədə məlumat verib, müasir qablaşdırma istehsalının genişləndirilməsi
tədbirlərinin davam etdiriləcəyini, yerli istehsalçıların tələbatına uyğun
sifarişlərin həyata keçiriləcəyini və bu istiqamətdə sahibkarlar arasında
əməkdaşlığın gücləndiriləcəyini bildiriblər, bu sahənin inkişafı ilə bağlı
təkliflərini səsləndiriblər.
Şərab İstehsalçıları və İxracatçıları, Tikinti
Materialları İstehsalçıları və Arıçılar assosiasiyalarının rəhbərləri isə
çıxışlarında ölkədə istehsal olunan məhsulların bazara çıxarılmasında,
tanıdılmasında və ixracında keyfiyyət ilə yanaşı, müasir qablaşdırmanın önəmini
vurğulayıblar.
Sonda müasir qablaşdırmanın təşkili və bu sahədə
tələbatın ödənilməsinə dair sahibkarlarla müzakirələr aparılıb.