AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İstehlakçıya menyu təqdim olunmayanda...

İstehlakçıya menyu təqdim olunmayanda...

Təfsilat
18 May 2016, 12:21 5606
Restoran və istirahət mərkəzlərində müştərilərə menyu təqdim olunması hallarına həmişə rast gəlinmir. Əlbəttə, özünə və müştərisinə hörmətlə yanaşan ictimai iaşə obyektlərini çıxmaq şərtilə. Yalnız pul qazanmağı əsas meyarına çevirən və bazar qanunları ilə işləyən bəzi obyektlər isə menyu təqdim etməməklə istədiyi formada müştərilərinin ciblərinə girir. Yeyib-içməyə başı qarışan müştəri ofisiantın təqdim etdiyi fantastik qiyməti görüncə ödəməkdən başqa çarəsi qalmır. Təbii ki, obyekti seçərkən yemək sifariş etməzdən öncə menyu tələb etməməsi üzündən o, ikiqat ziyan çəkir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə  800 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir. Bu o deməkdir ki, ölkədə  müştərilərinə menyu təqdim etməyən restoranları böyük cərimələr gözləyir.
"Anadolu” restoranlar şəbəkəsindən adını söyləmək istəməyən xanım müştərilərə təqdim olunan menyunu xidmət mədəniyyəti kimi dəyərləndirdi: "Müştəri seçimində azaddır. Biz menyunu onlara təqdim etməklə həm seçim imkanı, həm də seçim üşün vaxt veririk. Müştərilərə hörmət etməyən restoran həm də öz qazancını itirir”.

Bəs müştərilərə menyunun təqdim olunmamasının arxasında hansı səbəblər dayanır? Nə üçün ictimai iaşə obyektlərinin sahibləri qiymətdə şəffaflıqdan qaçırlar?

Əlaqə saxladığımız iaşə obyektlərindən suala bu və ya digər formada cavab tapdıq.

Son bir ayda restoran üçün menyu tərtib etdiklərini deyən Novxanı "Kalyon” restoranının direktoru Rövşən Əsədovun müştərilərə menyu təqdim olunmamasına reaksiyası qəribə oldu: «Biz adətən masaların üstünə menyu qoymuruq. Müştəri nə zaman istəyirsə, o zaman onlara menyu təqdim edirik. Çünki ailələr uşaqları ilə restorana gəlirlər. Uşaqlar masanın üstündəki menyunu götürüb əzə və ya cıra bilərlər. Çünki menyunu tez-tez dəyişməyə imkanımız yoxdur». Menyuda qiymətlərin də qeyd edilmədiyini bildirən direktor bunu qiymətlərin tez-tez dəyişməsi ilə əlaqələndirdi: «Qiymətlər tez-tez dəyişir. Biz də yeməkləri həmin qiymətlərə uyğun təqdim edirik. Hər dəfə qiymətləri menyuda necə göstərək?».

Əlaqə saxladığımız digər restoranlar isə müştərilərinə menyu təqdim etdiklərini bildirdilər. 

Məsələyə münasibət bildirən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev  qanunvericiliyə görə menyu vasitəsi ilə məlumatların istehlakçıya təqdim olunmasının vacibliyini bildirir. Belə ki, ticarət obyektlərində qiymət kağızları hər bir malın üzərində olmalıdır. İctimai iaşə obyektlərində isə bu funksiyanı menyular yerinə yetirir: "Menyunun hər bir ictimai iaşə obyektində olması və düzgün tətbiq olunması qanunvericiliklə təsdiq və təsbit olunub. Ancaq bəzi hallar da ola bilər ki, hansısa ictimai iaşə obyektində istehlakçı onun xidmətindən istifadə etməyə başlayarkən ona menyu təqdim olunmasın. Belədə istehlakçının menyunu tələb etmək hüququ var. Həmin halda ona menyu təqdim olunmalıdır”. Nazirlik rəsmisinin bildirdiyinə görə, əgər istehlakçının tələbinə uyğun ona menyu təqdim olunmursa, bu, qanun pozuntusudur və həmin ictimai iaşə obyekti qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 800 manatdan 1000 manata qədər cərimə oluna bilər. 

A.Əliyev bildirir ki, yay mövsümündə xüsusən də açıq havada fəaliyyət göstərən istirahət mərkəzlərinin fəaliyyəti artdığı üçün istehlakçılar həmin ictimai iaşə obyektinin xidmətindən istifadə edərkən menyu tələb etməlidirlər: «Menyunun düzgün tərtib olunması da mühüm məsələdir. Menyuda təqdim olunan yeməklərin qiyməti dəqiq göstərilməlidir ki, istehlakçı həmin obyektdə xidmətdən istifadə edərkən necə xidmət alacağını və onun müqabilində nə qədər vəsait ödəyəcəyini bilsin. Menyunun ortaya qoyulması hallarına həddən artıq az hallarda rast gəlinir. Onsuz da istehlakçı həmin iaşə obyektinin xidmətindən həmin obyektin təklif etdiyi xidmətlər əsasında yararlanır. Ona görə də xidmətdən istifadə olunmamışdan əvvəl menyu tələb olunsun və istehlakçı nə istədiyini bilsin». 

A.Əliyev ictimai iaşə obyektlərində, eləcə də satış obyektlərində qiymətlərin göstərilməməsi halları ilə rastlaşan vətəndaşları nazirliyin 195-2 qaynar xəttinə, eləcə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (012) 498-15-01 və (012) 498-15-04 telefonlarına müraciət etməyə çağırır: "Ümumilikdə istehlak bazarına və ictimai iaşə xidməti bazarına monitorinqlər, müayinələr, baxışlar və digər metodlardan istifadə olunmaqla nəzarət olunur. Qanunvericiliyin pozulması halları olanda təbii ki,  qanun çərçivəsində tədbirlər görülür”.

Müştəriyə menyunun təqdim olunmaması hallarını vergidən yayınma və daha çox qazanc məqsədi kimi dəyərləndirən ekspertlər isə bunu qanun pozuntusu adlandırmaqla bərabər, müştəriləri öz hüquqlarını bilməyə çağırırlar.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun bildirdiyinə görə, Nazirlər Kabinetinin 95 saylı qərarı ilə restoranlarda menyunun olması qanunvericiliklə tənzimlənir. Üstəlik menyuda qiymətlər göstərilməlidir. Lazım gələrsə, istifadə olunan mallar da qeyd olunmalıdır. Bu, istehlakçının məlumat almaq hüququnun öncədən təmin olunmasıdır. Bundan əlavə,  2 il əvvəl Azərbaycanda "Turizm ili” elan olunduğundan ictimai-iaşə obyektlərinin yüksək xidməti turizmin inkişafının göstəricilərindın biridir: "Bunun üçün də restoranlarda menyuların olması mütləqdir. Əlbəttə, menyu hazırlanmırsa, gizlədilirsə, bu, restoran sahiblərinin müəyyən məsuliyyətdən yayınması deməkdir. Hökumətin istehsalçılar və biznesmenlər üçün yaratdığı münbit və rahat şəraitdən onlar sui-istifadə edir və istehlakçıların hüquqlarını pozurlar. Digər səbəb isə ölkədə mükəmməl istehlakçı fəaliyyətinin olmamasıdır. Bu, həmçinin məsələ ilə bağlı mövcud siyasəti həyata keçirən dövlət qurumlarının öz vəzifələrini layiqincə yerinə yetirməməsindən irəli gəlir. Əlbəttə, Azad İstehlakçılar Birliyinin də günahı var ki, bu işləri qaydaya salmaq üçün müəyyən təşəbbüsləri zəifdir”. E.Hüseynovun sözlərinə görə, ictimai iaşə obyektlərində menyunu tətbiq etmək üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti bu işlərə nəzarət edən dövlət qurumu olsa da, onların fəaliyyəti çox zəifdir: "Onlar istehlakçıların menyunu tələb etməsi istiqamətində iş aparmalıdırlar. İnsanlar gərək menyu təqdim olunmayan restoranda oturmasınlar”. AİB rəhbərinin fikrincə, menyunun təqdim olunmamasında qanunlardakı boşluqlar və vergidən yayınma halları da rol oynayır: «Yəqin ki, orada müəyyən qiymət gizlətmələri var. Həmçinin malların çeşidləri də rol oynayır. Gündəlik nəzərdə tutulmayan ərzaqlardan yemək hazırlanır. Güman ki, menyunun təqdim olunmamasının mahiyyətində daha çox vergidən yayınma dayanır. Yəni menyu təqdim olunsa, orada malların adı, miqdarı, qiyməti və s. yer almalıdır».

Menyu tərtibini sırf texniki məsələ adlandıran Azərbaycan Turizm Assosiasiyasının sədr müavini  Müzəffər Ağakərimov bildirdi ki, menyu  müştəriləri cəlb etmək, onlarda həmin obyekt haqqında dürüst məlumat formalaşdırmaq, müştərinin cibinə uyğun fəaliyyət göstərib-göstərməməsi barədə və xidmətin yüksək təşkili barəsində təqdimatdır: «Bir var ki, mən hər hansı bir obyektə gedim, yemək sifariş edim və o yeməklərin qiymətləri barədə heç bir məlumatım olmasın. Sonradan xidmət göstərən də desin ki, məsələn, mən kababı 10 manata satıram. Bir də var ki, yemək stoluna oturmadan müştəriyə menyu təqdim olunur və o, istədiyi yeməyi seçir. Bu, sırf xidmət məsələsidir və xidmət mədəniyyətinin təşkili ilə bağlıdır. Təbii ki, müştəriyə menyu təqdim etməyən obyekt özü üçün mənfi imic qazana bilər. Yəni müştəri getdiyi obyektdə ona menyu təqdim edilmədikdə orada oturmaya bilər. Bu, həmin obyektin müştərilərinin sayının azalmasına, ümumilikdə fəaliyyətinə mənfi təsir göstərə bilər. Bəzi insanlar da var ki, belə məsələlərə ümumiyyətlə, əhəmiyyət vermirlər. Ancaq əksər müştərilər ona əvvəlcədən hansı xidmətin göstəriləcəyini və ödəyəcəyi pulun qədərini bilmək istəyirlər”. 

Müştəri həmişə haqlı olduğundan bəlkə onun tələbi məsələnin həllinə kömək edər. Ən azı özümüzün aldanmamağımız, min bir zəhmətlə qazandığımız pulun qənaətcil və ədalətli sərfi üçün...


Təranə Məhərrəmova