İstehlakçının hüquqlarını qoruyan Xidmət, yoxsa...
"İrşad
Electronics”dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem
yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün
müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra
çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki,
telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək”.
Bu
statusu jurnalist Natiq Muxtarlısosial şəbəkədəki profilində paylaşmışdı. Həmin vaxt problemlə bağlı "Kaspi”
qəzetində yazı dərc etmişdik. Məsələyə ekspertlərin mövqeyini öyrənmişdik.
Ekspertlər həmkarımıza məsləhət görmüşdülər ki, İqtisadiyyat
Nazirliyini yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətinə müraciət etsin. Məsələnin nə yerdə qaldığını
öyrənmək üçün Natiq Muxtarlı ilə əlaqə saxladıq. Həmkarımız bildirdi ki,
ekspertlərin tövsiyəsini nəzərə alaraq, məhkəməyə üz tutmazdan əvvəl Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət
edib. Ancaq Dövlət Xidmətinin məsələyə yanaşma tərzi jurnalisti məyus edib: "Dövlət
Xidmətinə 27.03.2019-cu il tarixdə
etdiyim müraciətə 29.03.2019-cu il tarixdə rəis müavini İlqar Sadıqovun imzası
ilə cavab verildi. Bildirilirdi ki, məsələ araşdırılacaq və əlavə məlumat
veriləcək. İlqar müəllimin məktubunu "İrşad Elektronics”ə göndərdim və
bildirdim ki, məsələ araşdırılana qədər kreditin ödənişini dayandırıram. Ancaq
üstündən bir aydan da artıq vaxt keçməsinə baxmayaraq Dövlət Xidməti əlavə
məlumat vermədi. "İrşad Elektronics” isə bizə bildirdi ki, mütləq krediti
ödəməlisiniz, ödəməyəcəyiniz təqdirdə, əlavə cərimə hesablanacaq. "İrşad
Elektronics” rəsmi qurumun mövqeyini gözləmədən istehlakçını şantaj etməsindən
sonra – mayın 6-da yenidən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətinə müraciət etdim və cavabın niyə bu qədər gecikdirildiyini
öyrənmək istədim. Bu müraciətdən 20 dəqiqə sonra Dövlət Xidməti aprelin 29-da
imzalanmış məktubu mənim elektron ünvanıma (mayın 6-da) göndərdi.
Məktubdan aydın oldu ki, Xidmət heç bir araşdırma
aparmayıb, sadəcə, "İrşad Elektronics”in mənə verdiyi cavabı yenidən mənə
göndərib.
Mən məhz "İrşad Elektronics”in o cavabından
narazı qaldığım üçün Dövlət Xidmətinə müraciət etmişdim və sadəlövhcəsinə
inanırdım ki, şikayətim ətraflı şəkildə araşdırılacaq.Ancaq düşündüyüm kimi olmadı. Görünən
odur ki, bu qurum şikayətimizlə bağlı mağazaya sorğu göndərmiş və onların
verdiyi cavabla da kifayətlənib. Yəni şikayətlə bağlı araşdırma, tədqiqat işi
aparılmayıb”.
Bəs,
proses əslində, necə olmalı, Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işə necə
yanaşmalı idi?
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov bildirdi ki, dövlət qurumu lazımı işlər görərək vətəndaşın
hüquqlarını qorumalı idi: "Mən bunu
dəfələrlə demişəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azad İstehlakçılar Birliyinin əlil balasıdır.
Çünki bizim birlik 1997-ci ildə, həmin qurum isə 2009-cu ildə yaranıb. Bu qurum
yarananda çox sevindim. Lakin onlar 144 ştatla, 9 mərtəbəli binada oturub heç
bir iş görmürlər. Gəncədən bir vətəndaş nazir Şahin Mustafayeva hüquqlarının
qorunması barədə rəsmi məktubla müraciət edib və həmin məktub mənə göndərilib.
Maraqlıdır, 144 ştatla Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nə iş görür, onlar nə üçün maaş alırlar?
Onu da qeyd edim ki, bu hal ilk deyil, N sayda şikayətlərin hamısı onlar
vasitəsilə məhkəməyə göndərilir. Bir dəfə olsun həmin qurum özü iddia qaldırıb
istehlakçıların hüquqlarının qorunması ilə bağlı iş görməyiblər. İşlər yanlış
istiqamətdə aparılır. Adı çəkilən qurum İqtisadiyyat Nazirliyinin tərkibindədir.
Cənab Prezident keçən il həmin qurumun müstəqil fəaliyyət göstərməsi ilə bağlı
fərman verdi. Lakin çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini
tapmayıb, yeni qurumun formalaşdırılması ilə bağlı bir iş görülmür. Əslində,
dövlət qurumu lazımı işlər görərək vətəndaşın hüquqlarını qorumalı idi”.
Sədr istehlakçıya hazırkı vəziyyətdə iqtisadiyyat
naziri Şahin Mustafayevin qəbuluna gedib, hüquqlarının qorunmasını tələb etməyi
məsləhət gördü. O qeyd etdi ki, bütün
hallarda, məhkəmə ən sonuncu variantdır.
Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, telefona ilkin baxış alıcının iştirakı ilə həyata
keçirilməli idi: "Bu kimi vəziyyətlərdə alınan malda olan qüsurun istehlakçıdan
yox, satan qurumdan qaynaqlandığı sübut olunarsa, bu zaman malın qarantiya
müddəti çərçivəsində mağaza cavabdehlik daşıyır. Bu məqamda alıcının da
hüquqları yaranır. Əşyada qüsurun səviyyəsi və ya ümumiyyətlə, problemin nə
olduğunu müəyyənləşdirmək üçün alıcının iştirakı ilə baxış keçirilib akt tərtib
edildikdən sonra telefon götürülməlidir. Yəni həmin aktda telefonun hansı halda
qəbul edildiyi qeyd olunmalı idi. Mağaza hansı arqumentlə telefondakı problemin
alıcıdan qaynaqlandığını deyirsə, onu ilk başda telefonu yoxlanış üçün
götürəndə aktda yazmalı idi. Əgər bu cür qeydiyyat olmayıbsa, buna görə satışı
edən tərəf məsuliyyət daşıyır”.
C. Cəfərli indiki halda artıq məhkəməyə
müraciət etməyi məsləhət görür: "Dövlət qurumunun işinə gəlincə isə Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir nəfər
üçün yox, şikayətlər kütləvi xarakter alanda ümumi iddia qaldırır. Əslində, bəli,
müəyyən araşdırma işləri aparılmalı idi. Amma digər tərəfdən də həmin qurumun
məcbur etmək hüququ yoxdur. Görünən odur ki, onlar telefon mağazasına sorğu
göndəriblər və aldıqları cavabla qane olub, onu istehlakçıya yönləndiriblər. Yaxşı
olar ki, istehlakçı məhkəməyə müraciət etsin. Bu zaman məhkəmənin qərarı ilə telefon
texniki ekspertizadan keçiriləcək, nəticə olaraq problemin kimdən və nədən
qaynaqlandığı bəlli olacaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev dəfələrlə bildirib ki, bütün dövlət qurumlarının əsas vəzifəsi xalqa
xidmətdən ibarət olmalıdır: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar
üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət
edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli
məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət
etməkdir”.
Prezident çıxışlarında ictimai nəzarətin
vacibliyini də dəfələrlə vurğulayıb. Cənab Prezident hesab edir ki, harada ki,
insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar
deyilməlidir: "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara
vicdanla xidmət etməlidirlər”.
Ölkədə aparılan köklü islahatlar nəticəsində
son vaxtlar dövlət qurumlarının da fəaliyyətində yenilənmə, vətəndaşların
şikayətlərinə həssas yanaşma hiss olunur. Ancaq təəssüf ki, hələ də bəzi dövlət
qurumları bu islahatlarla ayaqlaşa bilmirlər. Buna görə də, vətəndaşların haqlı
şikayətləri araşdırılmır və ya onlara başdansovdu cavablar verilir.
Günel