Istehlakçıların maarifləndirilməsi və dövlət satınalmaları mövzusunda tədbir keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sentyabrın
23-də Beyləqan rayonunda istehlakçıların
hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri
çərçivəsində növbəti konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət
qurumlarının, ictimai təşkilatların nümayəndələri və 130-dən çox istehlakçı
iştirak edib.
"Hər bir
istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən
tədbirdə Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov ölkə iqtisadiyyatının möhkəm
təməllər üzərində qurulduğunu və inkişaf etdiyini, aparılan məqsədyönlü siyasət
nəticəsində ölkədə işgüzar fəallığın artdığını, istehlakçıların hüquqlarının
qorunmasına dövlət qayğısının yüksəldiyini, bu sahədə etibarlı təminat
sisteminin yaradıldığını və dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb.
Konfransda Dövlət
Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş
işlər və qarşıda duran vəzifələr”, "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”,
"Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış
edərək, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində
mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər
barədə məlumat veriblər. İstehlakçı hüquqlarının müxtəlif aspektlərini əhatə edən
məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı
hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin
vəzifələri barədə tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılara
istehlakçı hüquqlarına dair 18 adda maarifləndirici bukletlər paylanılıb.
Tədbir çərçivəsində
həmçinin, "Dövlət
satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda təlim
keçirilib. Təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri)
dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak ediblər.
İştirakçılar dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları
sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, şəffaflığın təmini,
satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində
həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, təlim kurslarının təşkil olunmasında məqsəd dövlət vəsaitlərindən
daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan
mütəxəssislərin nəzəri biliklərinin artırılmasıdır.