• cümə, 19 Aprel, 07:38
  • Baku Bakı 13°C

İstədiyiniz xarici dili kursa getmədən də öyrənə bilərsiniz, amma... - Araşdırma

17.04.20 11:00 3040
İstədiyiniz xarici dili kursa getmədən də öyrənə bilərsiniz, amma... - Araşdırma
Sahənin peşəkarları bunu etməyin yollarını açıqlayırlar
"Evdəyik, vaxt çoxdur, amma dil biliklərimi inkişaf etdirmək cəhətdən bu imkandan istifadə edə bilmirəm. Ətrafda xarici dili evdə öyrəndiyini deyən adamlar da var, onlara həsəd aparıram. Çünki karantin başlayandan dəfələrlə cəhd etmişəm, 2-3 gün sonra yarımçıq qoymuşam. Evdə öyrənən tanışlardan necə etdikləri ilə maraqlanıram, hərə bir üsul deyir, yoxlayıram, yenə də mənim üçün qəliz olur və yarımçıq qalır”. Bu sözləri bizimlə söhbətində Əfsanə bildirdi.

Ümumilikdə, evdə dil öyrənməyə cəhd edənlər çox olur, ancaq bir müddət sonra çoxu yarımçıq buraxır. İndi karantin günləridir, vaxtımız boldur və bu müddətdən özümüzü inkişaf etdirmək üçün yararlana bilərik. Nəzərə alsaq ki, bir çox şəxs xarici dil öyrənmək istəyir və karantinin vaxt cəhətdən yaratdığı bu fürsəti də o istiqamətdə dəyərləndirməyə çalışır. Başqaları bu işdə bacarıqlı olursa, biz cəhd edirik, amma alınmırsa, bunun da yəqin ki səbəbləri var. Nədir o səbəblər? Evdə xarici dili necə öyrənə bilərik?

Müəllimsiz 3 dil öyrənmişəm
İlk olaraq belə fikirlərlə qarşılaşırıq ki, heç də bütün dilləri evdə, kursa getmədən, müəllim izahı olmadan öyrənmək mümkün deyil. Bizdə ən çox rus və ingilis dillərini öyrənməyə cəhd edilir. Bunları müqayisə edəndə, "ingilis dilini evdə öyrənə bilərsən, rusu yox, çünki çətindir” kimi fikirlər səsləndirilir. Bir neçə dili evdə özü öyrənən, türk polyak və Azərbaycan dillərində dərs keçən Ramin Həbibzadə deyir ki, hansısa dil bir az çox digəri, az vaxt apara bilər, amma hər birini insan özü araşdırıb öyrənə bilər: "İngilis, rus, türk dillərini saymasaq (Orta məktəbdə rus sektorunda oxumuşam, bakalavr təhsilimi isə ingilis dili və ədəbiyyatı fakültəsində almışam), çox yaxşı səviyyədə polyakca, orta səviyyədə isə ispanca və rumınca bilirəm. Hər üç dili özüm öyrənmişəm. Düşünürəm ki, bütün dilləri evdə öyrənmək olar. Çünki biz çox şanslı zamanda – internet əsrində yaşayırıq. İstədiyimiz məlumatı müəllim olmadan da internetdə tapa bilərik. Bütün dilləri öyrənmək üçün sərf edəcəyimiz vaxt eyni olmaya bilər. Məsələn, bir dilə bir ay lazımdırsa, başqasına 3-4 ay lazım ola bilər. Dilin çətinliyi, sənin ana dilinin qrammatikasına yaxınlığına görə fərqlər yarana bilir. Öyrənəcəyin dilin ana dilinlə qrammatik yaxınlığı varsa, bu, öyrənməyə çox kömək edir, daha az vaxt alır”.

Öyrən, sonra kitaba bax

IELTS və "General” ingilis müəllimi Ramin Sayadov deyir ki, inadkar və öyrənmək istədiyi dili sevən hər kəs müəllim olmadan evdə bunu bacara bilər: "Mümkün olmayan iş deyil, hər kəs bacara bilər. Ancaq deyim ki, bu, həmin şəxsdən böyük əzm tələb edir. Çünki evdə öyrənməyə cəhd edirsənsə, daha çoxşaxəli yanaşmaq lazımdır. Məsələn, kitabdan öyrənib sonra praktika etməkdənsə, praktik yollardan istifadə edərək öyrənib sonra onun kitabda necə əks olunduğunu araşdırmaq daha effektiv və məhsuldar olacaq”.

IELTS-ə də özün hazırlaşa bilərsən

"İlkin mərhələni öyrənə bilərsən, amma IELTS-ə hazırlaşmaq üçün mütləq müəllim yanına getməlisən” tipli fikirlərə gəlincə, "Stepbystep English” platformasının qurucusu, ingilis dili müəllimi Leyla Abdıyevabildirdi ki, bunu da insan evdə özü edə bilər: "İngilis dilində 6 səviyyə var. 4-cüsü "intermedite”dir. Bu səviyyədə sərbəst, rahatlıqla fikri ifadə etmək olur. Məsuliyyətli, planlı və məqsədli olsalar, bura qədər hər kəs öyrənə bilər. Ancaq həmin məsuliyyətli, məqsədli və planlı adamların evdə hazırlaşıb IELTS imtahanında yüksək nəticə göstərmələri mümkündür. Şərt deyil ki müəllim olsun. IELTS daha çətin imtahandır, dünya səviyyəsində olan sertifikatdır. Amma o demək deyil ki, insan özü hazırlaşa bilməz. Əsas məqsəddir”.


Evdə dil öyrənmək deyəndə, ən çox istifadə olunan üsullardan biri də dil öyrədən tətbiqlərdir.Ramin Sayadov bunun effektli olduğunu deyir, ancaq burada da diqqət edilməli məsələ var: "Həmin tətbiqlərdən istifadə etməyin də evdə dil öyrənmə zamanı kifayət qədər müsbət təsir etdiyini düşünürəm. Amma gərək davamlı olaraq eyni proqramdan uzun müddət istifadə etməyəsən. Tez-tez fərqli proqramlarda öyrənməyə cəhd etmək faydalıdır. Çünki onlar çalışırlar ki, hər dəfə daha innovativ və produktiv üsulları tətbiq etsinlər. Bu da istifadəçinin xeyrinədir”.

Dil öyrənməyi həyat tərzinə çevirmək lazımdır

Xarici dil öyrənmək deyəndə, həmin dildə filmə baxmağın, hekayə oxumağın önəmi xüsusi vurğulanır. Ancaq bu da bəzən insanları həvəsdən salır. Leyla Abdıyeva deyir ki, burda da diqqət edilməli məqamlar var: "Hekayə oxumaq və filmə baxmaq paralel olaraq iki bacarığı artırır. Dinləmə və oxuma. Təbii ki filmlərə baxmağa başlayanda, şəxs "beginner” və "elementry” səviyyəsindədirsə, hər hansı "pre-intermedite” və "intermedite” səviyyəli filmlərə baxsa, ona çətin olacaq. Sözlərin çox az qismini başa düşəcək, filmi hərəkətlərdən anlamağa çalışacaq və bu, ona sıxıcı olacaq. Tam başa düşmədiyi üçün həvəs də olmaya bilər. Ona görə "beginner” və "elementry” səviyyələrindədirlərsə, cizgi filmləri daha məsləhətlidir. Sözləri, tələffüzləri öyrənsinlər. Sonra digər "pre-intermedite” və "intermedite”yə çatanda filmlərə baxa bilərlər. Təbii ki hər səviyyəyə uyğun filmlərə baxmaq lazımdır.

Hekayələrə gəldikdə şəxs hansı mərhələdədirsə, ona uyğun kitab oxusun. Həm motivasiyadan düşməmək, həm də dilini tədricən inkişaf etdirmək üçün.

Ümumiyyətlə, dili həyat tərzinə çevirmək lazımdır. Hansı dili öyrənirsinizsə, o dildə mahnılar dinləmək, məlumatları o dildə oxumağa çalışmaq, sosial şəbəkələrdə o tipli səhifələri izləmək və s. lazımdır”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər