İstedadsızlar istedadlıların yerini tutub

İstedadsızlar istedadlıların yerini tutub

Müsahibə
07 Yanvar 2013, 10:12 1949
Şair Əli Əmirov özünü həvəskar saysa da, əslində, poeziya ilə ciddi maraqlanır. Müxtəlif janrlarda şeirlər yazır. Eyni zamanda əruz vəzni barədə maraqlı araşdırma müəllifidir. Əli müəllimin “Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə” adlı elmi məqaləsi son illərin dəyərli araşdırmalarındandır. O yazıda Əli müəllim əruz vəznini olduqca sadə yolla təhlil edir və o qədər asanlaşdırır ki, sanki illərdən bəri yaradıcı insanların qorxusuna çevirələn əruz vəzni hamının malına çevrilir. İxtisasca texniki sənət sahibi olsa da, o riyazi biliklərini poeziyaya olduqca uğurla tətbiq edir. Klassik və müasir əruz vəzni, eləcə də əruz vəzninin sadələşdirilmiş variantı barədə, həmçinin müasir poeziyamız barədə Əli müəllimlə söhbətləşmək maraqlı idi.

– Avropa dillərinin əsaslılıq dərəcəsi artandan və biz rus-ingilis-fransız dillərini mənimsəyəndən sonra ərəb-fars dili qismən kölgədə qaldı. Bununla da əruz vəznində olan əsərlərə meyil sanki bir qədər azaldı. Bu gün ədəbi mühitə nəzər salsaq əruz vəznində yazan az şair görmək olar. Gənclərin isə təsadüfən bu janra müraciət etdiyini görürük. Sizcə, əruz vəzninə müraciət edən şairlərin sayı niyə bu qədər azdır?
– Siz çox düz vurğuladınız. Amma təbii ki, heç nə səbəbsiz deyil. Bütün bunların səbəbi var. Əvvəla deyim ki, əruz vəznində şeir yazmaq çox çətindir. İndi müasir tendensiyanı görürəm ki, nəinki sərbəst şeirlərdə nöqtə-vergüldən, heç böyük hərfdən də istifadə edilmir. Bugünki mənzərəyə baxaq, gənc bir oğlan şeir yazmaq istəyir, heç bir qayda tanımayan sərbəst şeirdə, yoxsa başdan-başa qayda-qanunlarla dolu olan əruz vəznində yazar? Sözsüz ki, sərbəst vəzndə yazacaq. Bugünki sərbəst şeirdə nəinki sərbəst vəzn qanunları gözlənilmir, hdilin qanunlarının da hər addımda pozulması halları müşahidə olunur.
İkincisi isə sərbəst şeir xarici dillərə asan tərcümə olunur. Müasir dünya ədəbiyyatında da sərbəst şeirin məkanı böyükdür. Amma əruzu bu gün nə orta məktəb şagirdləri, nə də ali məktəb tələbələri düz-əməlli bilmirlər. Hətta ədəbiyyat müəllimlərinin çoxu bu vəzni dəqiq bilmirlər Ən uzağı ümumi təsəvvürləri ola bilər. Bu qəlibli vəzində sərbəst fikir ifadə etmək çox çətindir. Ona görə də hər adam əruz vəzinində şeir yaza bilməz. Əruz vəznində şeir yazmaq Azərbaycan dilində də mümkündür, çox adam hələ elə bilir ki, əruzda yazmaq üçün mütləq çətin ərəb-fars ibarələrindən istifadə etməlisən. Xeyr. Amma o başqa söz ki, əruz vəzninin nəzəriyyəsini ərəblər yaradıb, sonra fars dilli xalqlara keçib, sonra da türk xalqlarına və digərlərinə. Bu gün əruz vəzninin asan öyrənmə yolunu gənclərə başa salan olsa, əminəm ki, gənc şairlər bu vəznə böyük maraq göstərəcəklər.
– Əruz vəzninin modelləşdirməsi janrın kütləviləşməsinə xidmət edə bilərmi?
– Əvvəla deyim ki, mən əruzun gözəl bilicisi deyiləm. Sadəcə heca vəznində şeirlər yazırdım, ara-bir də qəzəllər. Qəzəl.az saytında çap olunan qəzəlləri isə daim oxuyurdum. Orda yazılan şərhlərə baxırdım ki, “sən qəzəli sındırdın, düz deyil” və s. Amma bu izahatları normal əsaslandırmırdılar ki, oxuyanda nəyin səhv, nəyin düz olduğunu qanasan. Mən maraq göstərdim ki, bu əruz vəznini necə asanlaşdırmaq olar ki, hamı başa düşsün. Ədəbiyyat nəzəriyyəsi kitabında normal, geniş məlumat yoxdur ki, oxuyub nələrdənsə xəbərdar olasan. Əkrəm Cəfərin əruz vəzni haqqında olan kitabı da, ancaq Mirzə Fətəli Axundov adına Milli Kitabxanada var. Deməli, əruz vəznini ancaq kitabxanalara qapadıblar. İnternetdə material tapmaq mümkün deyil. Bu arada əlimə əruz barədə bir kitab düşdü. Müəllifi Ədilli Şirvanidir. Kitabın adı beləydi “Azərbaycan əruzununu sadələşdirilmiş qəlbləri”. O kitabı oxudum. Çox xoşuma gəldi. Həmin kitabdan özümçün nə tapdım, nəyi aşkarladım? Sən demə, əruz vəzninin əsas məğzi uzun və qısa hecalardan ibarətdir. Hər misrada uzun və qısa hecanın müəyyən kombinasiyası, ardıcıllığı var. Şeir elə yazılmalıdır ki, birinci misrada şeir necə yazılırsa, digərlərində də eynən olsun. Yəni uzun və qısa hecaların ardıcıllığı pozulmamalıdır və müəyyən xoşagəlimli ritm yaratmalıdır. Bütün bunları bilmək mənə bəs elədi. Mən bir mühəndis kimi informasiyanın kodlaşdırması ilə məşğul olmuşam, əruzu sadələşdirmək də ikilik say sistemi tətbiq etməklə reallaşır. Bütün kompyuter texnologiyası həmin ikilik say sisteminin üzərində qurulub. İkilik say sistemini qəzəllərin bəhrilərinə tətbiq etdim və gördüm ki, bu üsul özünü çox gözəl doğruldur. Bu yolla bir-iki saata Azərbaycan dilində hecalamağı bacaran hər adama əruz vəznini anlada bilərərəm.
Amma orası da var ki, əruz vəznində müəyyən istisnalar da var. Həmin istisnalar nədir? Məsələn, “Məni candan usandırdı, cəfadan yar usanmazmı?” Bu qəzəldə “məni:” sözündəki uzanma düzgün deyil, çünki “məni” sözü qısa hecalı sözdür. O vaxt Azərbaycan dili tam formalamadığına görə qəzəl janrında bu tip şeylər çox da yaxşı qəbul edilməsə də, hər halda qəbul olunurdu. Bundan başqa da istisnalar var. Mən onları rəqəmlərlə kodlaşdırmışam, uzun hecaları 1 qısa hecaları 0 ilə işarələmişəm, belə olanda qəlib yadda daha yaxşı qalır. Yəni ərəblər onu hərflərlə işarələyirdilər. Ədilli Şirvani isə qısa hecanı “da”, uzun hecanı “dah” kimi göstərir, bu da asan yoldur, amma ən asan yol mənim tapdığımdır. Dünyada ikiadlı bir şeyin iki rəqəmlə – ikilik say sistemi ilə yəni 0 və 1 lə kodlaşdırmasından asan nə ola bilər ki? Mümkün deyil. Bu ən qısa yoldur. Bunları bilmək üçün yaratdığım sixemə baxmaq məsələni həll edir. Təbii ki, bu üsulu kompyuterdə proqramlaşdırmaq mümkündür. Onu reallaşdıran kimi, kompyuter özü təyin edəcək ki, qəzəl hansı bəhrdədir. Əruz vəznində ümumən nəzərə alsaq ki, şeir beş hecadan çox, 16 hecadan az olmalıdır, onda mümkün 65.000 növün olması real görünür. Klassik əruzda bunu bəhrlərin adı altında birləşdiriblər. Bəs 65.000 növü bir adam necə müəyyənləşdirsin? Mən göstərmişəm ki, rəqəmsal qəlib görünüşünə görə uzun və qısa hecaların yerini göstərir, digər isə onun sıra nömrəsini təyin edir, o da 65000-nin içində hansının hansı bəhrə aid olduğunu bildirir. Bu elə bil rəqəmsal kodlaşdırmadır ki, gələcəkdə yaradıla bilən əruz növlərini də ehtiva edəcək, yəni bütün mövcud imkanlardan istifadə deməkdir həm də. Bu ancaq kompyuterləşməyə uyğun gəlir, çünki o həcimdə kitab yazıb onu yadda saxlamaq vacib və mümkün deyil. Deməli, rəqəmsal qəlb daha asandır. əgər sən şeir yazanda bu ikilik say sistemi ilə kodlaşdırılmış qəlblər sənin gözünün qarşısında olsa, nota baxan kimi baxıb əruz vəznində düzgün yaza bilərsən. Qərara almışam ki, “Əruzun asan öyrənilmə qaydaları” adlı kitabça hazırlayım. Deyirlər ki, kimsə hansısa bəhri yaradıb. Artıq mən deyirəm ki, onu yadınızdan çıxardın. Daha heç kəs yeni heç bir qəlb, bəhr yarada bilməyəcək. Çünki mümkün bütün variantlar burda var, artıq gələcəkdə kimsə yeni bir bəhr, qəlb yaratsa baxıb görəcək ki, hamısı kodlaşdırılmış variantların içində var. Ta fikirləşməyin yeri yoxdu. Bütün bunlar proqramın axtarış sistemində olacaq.
– Sizdən əvvəl bu üsula əl atan olmuşdumu?
– Qəribədir ki, yox. Maraqlısı odur ki, riyaziyyatçı, astronom, həmçinin gözəl şair və yazıçı olan Nəsrəddin Tusi, Ömər Xəyyam nəyə görə bu sistemdən istifadə etməyiblər? Axı onlar ensikolpedik şəxsiyyətlər olublar.
Bir proqram yaratmaq haqda düşünürəm, belə ki, qəzəli yazacaqsan kompyuterə, proqram qəliblərə uyğun qəzəlin hansı hissəsinin düz və ya səhv olmasını aşkarlayacaq.
Rəqəmlərlə kodlaşdırma, həm də mümkan varianta beynəlmi xrakter qazandırır. Çünki ərəblərin dediyi kimi “məfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün” ancaq ərəbləri başa düşdüyü variantdır, ikilik say sistemi isə bütün xalqların başa düşəcəyi yoldur. Axı rəqəmlərin dili olmur. Bununla da əruz unversal janr ola bilər. Mən sizi əmin edirəm, bu sistemi biləndən sonra, əruz vəznində daha çox adam müraciət edəcək.
– Əruz vəzni barədə kifayət qədər danışdıq, qayıdaq müasir ədəbi prosesə. Sizcə, istedadlılar istedasızlara nə dərəcədə mane olur?
– Çox mane olur. Hamı yaza bilər, heç kəs heç kəsin əlindən qələmi ala bilməz. Amma məsələ ondadır ki, istedadsızlar bir az həya eləməlidir. Çünki hər kəs öz gücünü bilir. Örnəklər var, dünya nəsri, şeiri var, adam gərək bilə ki, mən hansı yerdə dayanıram. Özü də bu müəyyənləşdirmə özündənrazılıqla yox, gərək ədalətlə ola. İstedasızlar istedalıların yerini tutub. Ona görə də mənzərə korlanıb. Orxan Pamuka deyirlər ki, siz bu qədər roman yazırsız, nəyə görə şeir yazmırsız, o deyir ki, “şeir Allahın seçdiyi qulunun qulağına pıçıldadığı sözlərdir. Görünür, mənim qulağıma pıçıldamır”. Azərbaycan xalqı sevinməlidir ki, xoşbəxtdir, zaman-zaman o sözlər çox adamların qulağına pıçıldanıb. Lakin çox adama elə gəlir ki, o şeir yaza bilər. İndi elə bilirlər ki, danışdığını yazsan olacaq nəsr kitabı. Sürətlə romanlar yazırlar, amma nə yazıldığı məlum deyil. İndi yaranan ədəbiyyat çox vaxt ağrıdan doğulmur, rahatlıqdan yazılır, ona görə də insanların hisslərinə toxuna bilmir.
– Sizcə, cəmiyyətdə şairdən və yazıçıdan insanlar niyə çox şey gözləyirlər?
– Oxucu şair-yazıçıdan çox şey istəyir ki, yaxşı əsərlər yazsın, həm də hamıdan cəsarətli olmağını istəyir. İndiki zamanda bu mümkün deyil. Axı yazıçı da rahat yaşamaq istəyir. Yaxud hökumət adamı haqqında deyirik ki, sən əyilmə, lazım olsa öl və s. ta demirik ki, döyüşçü döyüş zamanı sürünməlidir də, lazım olsa, əyilməlidir də, gizlənməlidir də və s. Müasir aləm bu deyil, siyasət aləmidir. Futbolda kimin klass oynaması əsas deyil, nəticədir. 0-1 hesabı ilə də uduzmusansa məğlubsan və sənin gözəl oynamağın heç nəyi həll etmir.
– Əli müəllim bu qədər işlərin içində ədəbi mühiti izləməyə, yazmağa və araşdırma aparmağa necə vaxt tapırsız?
– Vaxtı verən Allahdır, bölənsə biz. Ona görə də gərək elə planlaşdırasan ki, hər şeyə vaxt tapasan, yoxsa heç bir iş qaydasında ola bilməz. Yazmağa gəldikdə isə 18-21 yaşlarıarasında şeir yazmışam, sonra təhsil almaq başımı elə qatdı ki, şeir-filan yaddan çıxdı. 55 yaşımdan sonra mənim şeirə yenidən marağım yarandı. Bir kitabım çap olunub. Doğrusu, istəmirdim kitab-filan çıxardım, dostların xahişi ilə çap etdirdim, elə yaxın adamlar oxudular. Şairliyə iddialı deyiləm.

Fərid Hüseyn