• şənbə, 20 Aprel, 07:46
  • Baku Bakı 14°C

“İstedadı sevgi ilə rəndələmək lazımdır” - Gör-götür

05.06.15 11:47 2165
“İstedadı sevgi ilə rəndələmək lazımdır” - Gör-götür
Ürəyi sevgi ilə döyünür. Doğulub boya-başa çatdığı şəhəri o qədər sevir ki... Deyir, Bakının mazut, tikinti iyi gələn qoxusunu sevir. Onun fikrincə, Allah hamıya sevgi verib. Sadəcə, bu sevgini üzə çıxarmaq, rəndələmək lazımdır. Müsahibimiz “Bakılı oğlanlar” Şən və Hazırcavablar komandasından tanıyaraq sevdiyimiz Bəhram Bağırzadədir. O, həm də aktyor, naşir, yazıçı, rəssamdır.
- Aktyor, naşir, yazıçı, rəssam. Bunların hansı sizə daha yaxındır?
- Sadaladığınız adlardan öncə mən ilk növbədə Allahın bəndəsiyəm. İkincisi, Azərbaycan Respublikasının vətəndaşıyam, üçüncüsü isə ailə başçısıyam, atayam. Mənə ən yaxın olan bu adlardır. Sənətlərə, peşələrə gəlincə, hamısı mənə yaxındır. Çünki hamısına ürəyimi qoyuram. Buna görə aktyorluqdan da, naşirlikdən də, yazıçılıqdan da, rəssamlıqdan da zövq alıram. Bilirsiniz ki, Avropa oyunlarının ulduz səfiriyəm. Mən millətimi, onun hər bir üzvünü çox istəyirəm. Millətim üçün hər şeyi təmənnasız edirəm. İstəyirəm ki, qabağa gedək, bizi yaxşı tanısınlar. “Neftçi” futbol klubunda Müşahidə Şurasının üzvüyəm. Orada da canımı qoyuram ki, azarkeşlər gəlsin, yaxşı futbolçular alaq, “Neftçi”nin nüfuzu qalxsın.
- Nə vaxtsa “Neftçi”nin əvvəlki nüfuzunu qaytaracağına inanırsınız?
- İnsan inamsız yaşaya bilməz. Mən inanmasaydım, bəlkə də, heç vaxt ailə qurmaz, KVN oynamazadım. İnamı güclü olmalı, ümidlə yaşamalıdır. Ümidləri yoxa çıxanda insan ölür. İnsan arzuyla yaşamalı, həyatda özünə az da olsa məqsədlər qoymalı və bu məqsədlərə doğru səbrlə, təmkinlə getməlidir.
- Bəhram Bağırzadə deyəndə gözümüzün qarşısında bakılı oğlan canlanır. Əgər Bakıda deyil, regionlardan birində doğulsaydınız, həyatınızda nə dəyişərdi, indi harada olardınız?
- Allahıma şükür edirəm ki, Bakıda anadan olmuşam. Halbuki babalarım, nənələrim Bakıda anadan olmayıblar, hərəsi bir tərəfdən gəliblər. Mən köklü bakılı deyiləm. Amma burada doğulmuşamsa, atamın qəbri bu şəhərdədirsə, buranı sevməliyəm. Həyat yoldaşımı bu şəhərdə tapmışamsa, onunla ailə həyatı qurmuşamsa, övladlarım bu şəhərdə məktəbə gedirlərsə, bu şəhəri sevməyə bilmərəm. Əgər bu şəhərdə işləyib-çalışıramsa, Allah-təala ruzi-bərəkətimi bu şəhərdə verirsə, bu şəhəri sevməliyəm. Əgər Laçında, Mingəçevirdə, Şuşada, Ordubadda, Astarada, Lənkəranda və s. yaşasaydım, inanın, yenə o şəhərləri sevəcəkdim. Çünki Allah o sevgini mənə verib. Mənim qəlbimdə insan, məmləkət, şəhər, dünya sevgisi var. Əgər sabah Azərbaycanın başqa şəhərlərinə, köçsəm, orada da abadlaşdırma işlərinə başlayacaq, orada da jurnal çıxaracağam.
- Bəhram müəllim, heç hansısa vəzifəyə təklif almısınız?
- Əgər milyonçu, karyerist olmaq istəsəydim, çoxdan vəzifədə oturmuşdum. Buna savadım da, imkanlarım da çatır. Çox təklif olub, hamısından da imtina etmişəm. Elə adamlardan elə vəzifələrə təkliflər olub ki... Amma imtina etmişəm. Azadlığı sevən insanam, saatbasaat yaşaya bilmərəm, ürəyim istədiyi vaxt, ürəyim istədiyi məkanda müsahibə verə bilərəm. Əgər sabah məmur olsam, vəzifə başında olsam, istədiyimi edə bilməyəcəyəm. Bu gün istəyəndə kino çəkir, kitab buraxır, yaxud da təyyarəyə oturub başqa ölkəyə gedir, şəkillər çəkib Bakıda sərgi keçirirəm və s. Amma məmur olsam, bunların heç birini edə bilməyəcəm və ən azı, bədbəxt insan olacağam. Millətim üçün kitab, jurnal buraxmağı, kino çəkməyi, KVN-də oynamağı vəzifədən daha üstün tuturam.
- Sevgi dolu olmanızda yəqin ailənizin rolu az deyil. Böyüyüb boya-başa çatdığınız ailə barədə bir az məlumat verərdiniz.
- Rəhmətlik atamın da mənim kimi sevgi dolu qəlbi vardı, həyatı çox sevirdi. Atam polis polkovniki, anam dil-ədəbiyyat üzrə pedaqoq olub. İndiyə kimi atamın çörəyini yeyirəm. Bunu həmişə demişəm, deyəcəyəm də. Bu gün Allah-təala mənə ruzi göndərirsə, ancaq atamın sayəsindədir. Ömründə təsəvvür edə bilməzdim ki, nə vaxtsa nəsə əldə edə bilərəm. Demək, atam həyatda nəsə edibsə, onun əvəzini Allah-təala övladlarına verir. Həmçinin anam da gecə-gündüz yatmayıb, əziyyət çəkib, bizi tərbiyə edib. Özünün təmiz vicdanlılığını bizə öyrədib. Bu sevgi mənə həm atamdan, həm də anamdan keçib. Əslində Allah hamıya sevgi də, istedad da verib. Sadəcə, müəyyən insanlar var ki, tənbəllik edir, sevgilərini, istedadlarını üzə çıxarmaq, onları rəndələmək istəmir. Istedadı sevgi ilə rəndələmək lazımdır. Sevginin özü də işlənməlidir. Sevəndə ürəkdən sevməliyik.
- Həm də karikaturalar çəkirsiniz. Bəhram Bağırzadə ən çox nəyə gülür?
- Düzünü desəm, mən karikatura çəkəndə gülmürəm, ağlayıram. İnsanların savadsızlığına ağlayıram. Düşünürəm ki, millətimizdə savadsız, cahil, yarımkəm insanlar olmamalıdır. Yarımkəm insan lap qorxuludur. Mənəviyyatsızlıqdan, mədəniyyəti olmayan insanlardan qorxuram. Milləti, xalqı mədəni, savadlı görmək istəyirəm. Savadlı millətlə nə istəyirsən etmək, zirvələri fəth etmək olar.
- Jurnal da nəşr edirsiniz. Azərbaycanda çap məhsulları adətən öz mayasını çıxara bilmir. Jurnalın maliyyəsini haradan alırsınız?
- Jurnal çapı mənim üçün biznes, gəlir mənbəyi deyil, millətimə olan sevgimdən irəli gəlir. Öz millətimi, dövlətimi, ölkəmi tanıtdırmaq üçün bunu gerçəkləşdirirəm. Maliyyəsinə gəlincə, nəşri reklamdan gələn pullarla həyata keçirirəm.
- Bir ara Bəhram Bağırzadənin tikinti biznesinin olduğu deyilirdi...
- Tikinti biznesim 2003-2004-cü illərdə olub. Başa düşdüm ki, mənlik deyil, qırağa çəkildim. Amma bu illər ərzində 2-3 dənə villa tikmişəm, hovuz, landşaft dizaynı etmişəm. Düşünürəm ki, tikinti biznesində işləmək üçün bir az sərt, kobud insan olmalısan. Məndə də əfsuslar olsun ki, bu, yoxdur.
- Bəs başqa biznesiniz var?
- Əsas biznesim çəkilişlərdir. Gündə 2-3 çəkiliş olur; istər reklam, istər veriliş, istər KVN olsun. Əsas gəlir mənbəyim bunlardır. Restoranım, kafem, heç nəyim yoxdur. İnşallah, nə vaxtsa ola bilər, amma hələlik yoxdur.
- Bəhram müəllim son olaraq, gənclərimizə nə tövsiyə edərdiniz?
- İnamlı olsunlar, Allaha inansınlar, Allahın qoyduğu qanunlarla yaşasınlar, valideynlərini dinləsinlər, təhsil alsınlar, savadlı kadr olsunlar. Kişilər kişi, qadınlar qadın olsun. Son illər bizim milləti pis yola çəkib, başqa yol seçməsini istəyirlər. Başqa yolla getməsinlər. Bizə genetik gələn xüsusiyyətləri itirməsinlər, düzgün olsunlar, “maşennik” olmasınlar. Düz olandan sonra yaşamaq da rahatdır. Sözünü də rahat deyə bilirsən.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər