İstedada diqqət - Fotolar
Tanrının hər kəsə verdiyi yaratmaq
gücünün üzə çıxması və inkişaf etdirilməsi çox vaxt insanın ruhunda gəzdirdiyi
missiyanı dərk etməsindən və yaxud da həmin adamın bacarıqlı müəllim qayğısı ilə
əhatələnməsindən asılı olur. Bunun əyani təsdiqini Bakı Mühəndislik
Universitetinin memarlıq və inşaat mühəndisliyi fakültəsi tələbələrinin elə həmin
təhsil ocağında təşkil olunmuş hesabat-yaradıcılıq sərgisinin timsalında görmək
mümkündür...
Tanışlıq üçün qısaca deyək ki, Azərbaycan
Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşməsini və bu
sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Azərbaycan
Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan
Bakı Mühəndislik Universiteti (rektoru Əməkdar elm xadimi, professor Havar Məmmədovdur)
aradan ötən çox qısa müddətdə əldə etdiyi uğurlara görə, ölkəmizin nüfuzlu təhsil
ocaqlarından birinə çevrilmişdir. Müasir tələblərə cavab verən tələbə şəhərciyindən
alınan xoş təəssürata, təkcə gələcək memarların təhsil aldığı tədris korpusunda
təşkil olunan sərgidə gördüklərimizi əlavə etməklə, buradakı yaradıcı mühitin, tələbələrin
daşıdıqları istedadın daha da şölələndirilməsinə yönəldildiyini söyləməliyik.
Kifayət qədər zənginliyi ilə seçilən bu
sərgidə yaradıcı təxəyyülün anındaca qanadlandırılmasının bədii ifadəsi kimi
çıxış edən layihə və eskizlərdə davamlı və səmərəli müəllim-tələbə əməyinin nəticəsi
ürəkaçan və ümidvericidir. Bütün gördüklərimizin tələbələrin memarlıq və inşaat
sənətinin bədii-texnoloji incəliklərilə
cəmisi üç illik tanışlıqdan sonra ərsəyə
gətirildiyini də nəzərə alsaq, onda əminliklə, hər bir yaradıcılıq nümunəsində
müəlliflərin estetik tutumu özünəməxsus olan bədii potensiala malik
olduqlarının müşahidə olunduğunu söyləməliyik. Əgər bütün bunların, qəbul
imtahanları zamanı digər ali təhsil ocaqlarında eyni fakültədə oxuyan tələbələrdən
fərqi olaraq, heç bir yaradıcılıq sınağından keçməyənlər tərəfindən gerçəkləşdiyini
də fakt olaraq qəbul etsək, onda bu fakültədə memarlıq və dizayn təhsili
metodikası prinsiplərinin yüksək səviyyədə həyata keçirildiyini etiraf etməliyik. Yeri gəlmişkən deyək ki, Azərbaycanın
Respublikasının Əməkdar memarı, professor Sabir Orucovun rəhbərlik etdiyi memarlıq və inşaat mühəndisliyi kafedrasında sənətin
incəliklərini tələbələrə təcrübəli pedaqoq, dosent Vaqif Məmmədov (layihələndirmə,
tərsimi həndəsə), Mukrus Forouzandeh (layihələndirmə) Nazim Mahmudov (şəhərsalma)),
Arzu Məmmədova (dizayn) və Lalə Sadıqova (rəsm) öyrətməklə məşğuldurlar.
Haqqında söz açdığımız
hesabat-yaradıcılıq sərgisinin özəlliyi, mövcud-müasir bədii-texniki vasitələrlə
hər bir tikilinin funksionallığını onun
səmərəliliyinin əldə olunmasına yönəldilməsidir. Bu yöndə gələcək
memarların ənənə və müasirliyin qovşağına bələnmiş forma-biçimləri yerli şəraitə
uyğunlaşdırmağa səy göstərmələri də diqqətçəkəndir. Bu layihələrin ümumi
estetikasında bəşəri və milli memarlıq ənənələrindən yaradıcılıqla
faydalanmanın uğurlu nəticələrini görmək mümkündür. Qənaətimizcə, onların hər
birinin respublikamızın müstəqillik illərində duyulası dərəcədə yeniləşən və
inkişaf edən yaşayış məkanlarında tətbiqinin həyata keçirilməsi, yəqin ki,
yetişməkdə olan gənc memarların öz yaradıcı potensialının daha da genişləndirilməsinə
inamlarını artırmış olardı.
Haqqında
söz açdığımız sərginin universitetin təhsil korpusunun geniş dəhlizini və
divarlarını bəzəyən ekspozisiyasında I-III kurs tələbələrinin memarlıq və
dizayn sahəsində verilən tapşırıqlara cavab olaraq ərsəyə gətirdikləri
eskiz-layihələr göstərilir. Onlarda müşahidə olunan bədii təxəyyül zənginliyi
ilə yanaşı, forma-biçim orijinallığını şərtləndirən çeşidli materiallardan məntiqlə
istifadənin yaddaqalan nəticələrini görmək mümkündür. Tələbə-memarların elə təhsilin
başlanğıcında eyni mövzuya bir-birindən fərqli və maraqlı bədii münasibət göstərməyi
bacardıqlarını Azərbaycanın məşhur kristalloqraf alimi Xudu Məmmədovun xatirəsinə
həsr olunmuş yaradıcılıq mərkəzinin model-layihəsində ifadə etmələri bunun təsdiqidir.
Aytən Bağırova, Aytəkin Əlizadə və Tükəzban Məmmədlinin, eləcə də Almas
Müseyibova və Mirəli Rəhimovun Xudu Məmmədov
ünvanlı müxtəlif biçimli modellərində gənc memarların məlum bədii-texniki təcrübədən yaradıcılıqla faydalanmaqla, görkəmli
alimin milli dəyərlərimizin öyrənilməsinə bəxş etdiyi yeni və orijinal fikirlərini
özünəməxsus formada memarlıq tutumuna ifadə etmək potensialına malik
olduqlarını sərgiləmişlər.
I kurs tələbəsi
Daşdəmir Bayramovun hazırladığı "Ticarət mərkəzi” modelində də funksionallığı,
müasir tələblərə cavab verən memar düşüncəsinin nəticəsi ilə qarşılaşırıq.
Memarlığın həyatımıza indiki güclü
nüfuzetmə dövründə hər bir yeni tikilinin məkandakı mövcud olanları nə dərəcədə
əvəzləyə bildiyi, duyulası əhəmiyyət kəsb etməkdədir. Bu da yetişməkdə olan gənc
memarların şəhərsalma problemlərinə kompleks şəklində yanaşmalarını bir
yaradıcılıq vəzifəsi kimi onların qarşısında durmasını şərtləndirir. Odur ki,
universitetin pedaqoq-memarları davamlı olaraq tələbələrə bu önəmli məsələnin bədii-texniki
özəlliklərini aşılamağa çalışırlar. Bu səylərin ilk uğurlu nəticələrini artıq
hesabat-yaradıcılıq sərgisində görmək mümkündür. I kurs tələbəsi Seymur Xəlilovun
"Yaşayış məhəlləsi”, II kurs tələbələri
Cavidan Fərmanovun "Məhəllə”, Nərgiz Davudzadənin "Gül pavilyonu”, Səbirə
Qurbanova və Mədinə Dibirovanın "İkimərtəbəli fərdi yaşayış evi”, İlahə Kərimlinin
"Mikrorayonda məhəllə”, Mahmud İbrahimli, Giləxanım Süleymanlı, Gülnar
Yolçuyeva, Gülpəri Cavadova, Rüstəm Rüstəmli
və Nigar Əsədovanın bir-birindən fərqli olan "Orta məktəb” layihələrini
dediklərimizin əyani təsdiqi saymaq olar.
Bu gün həyatımızın hər bir sahəsində
dizaynın təsirinin və rolunun çox əhəmiyyətli olduğunu vurğulamaqla, universitetdə
bu sahədə yeni kadrların hazırlanmasına da xüsusi diqqət yetirildiyini söyləməliyik.
İndiki dövrdə hər kəsin yalnız gördüyü yaxşı formaya-görkəmə və rəngə,
daha rahat istifadəyə uyğun gələn müxtəlif
funksiyalı mallara və əşyalara meyl göstərməsini təbii saymaq olar. Alıcı həm də
aldıqlarının bütün mənalarda müasir olmasını arzulayır. Bakı Mühəndislik
Universiteti tələbələrinin ilk yaradıcı təcrübələrinin nəticəsi olan müxtəlif əşya
layihələri göstərir ki, buradakı təcrübəli rəssam-pedaqoqlar öz tələbələrini -
gələcək dizaynerləri məhz bu ruhda yetişdirirlər. Bu mənada tələbələrdən Gülər
Niyazova, Əlixan Səmədzadə, Rəhim Abdullayev, Aynur Nəsirova, Elvin Abdullayev,
Bəylər Qurbanov, Jalə Səmədova, Əziz Həsənbəyli, Nərmin Talıbova, Səkinə
İlyasova, Zemfira Hüseynli, Nəzrin Qurbanova və b. hazırladıqları müxtəlif
funksiyalı əşyaların forma-biçiminin, daşıdığı estetikanın duyulası müasirliyinə
bələndiyi adi gözlə belə görünəndir.
Hiss olunur ki, ərsəyə gətirilənlər gənc dizaynerlərin davamlı və gərgin
axtarışlarının nəticələridir. Onların hər birində müəllifin özünəməxsusluğun
ifadəsinə yönələn istedadı duyulmaqdadır.
Sərgidə
gördüklərimizi ümumiləşdirməli olsaq, deməliyik ki, yaradıcılıq sahəsində fəaliyyət
göstərən hər bir tələbədə istedadı üzə çıxarmaq, bəlkə də azdır, bu istedad
alovunu həm də şölələndirmək lazımdır. Bax,
elə Bakı Mühəndislik Universitetində olduğu kimi...
Ziyadxan
Əliyev,
Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi, professor