AZE | RUS | ENG |

İstedada diqqət - Fotolar

İstedada diqqət - Fotolar
Və ya tələbə-memarların yaradıcılıq axtarışları haqqında

Tanrının hər kəsə verdiyi yaratmaq gücünün üzə çıxması və inkişaf etdirilməsi çox vaxt insanın ruhunda gəzdirdiyi missiyanı dərk etməsindən və yaxud da həmin adamın bacarıqlı müəllim qayğısı ilə əhatələnməsindən asılı olur. Bunun əyani təsdiqini Bakı Mühəndislik Universitetinin memarlıq və inşaat mühəndisliyi fakültəsi tələbələrinin elə həmin təhsil ocağında təşkil olunmuş hesabat-yaradıcılıq sərgisinin timsalında görmək mümkündür...
 
 
        Tanışlıq üçün qısaca deyək ki, Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Bakı Mühəndislik Universiteti (rektoru Əməkdar elm xadimi, professor Havar Məmmədovdur) aradan ötən çox qısa müddətdə əldə etdiyi uğurlara görə, ölkəmizin nüfuzlu təhsil ocaqlarından birinə çevrilmişdir. Müasir tələblərə cavab verən tələbə şəhərciyindən alınan xoş təəssürata, təkcə gələcək memarların təhsil aldığı tədris korpusunda təşkil olunan sərgidə gördüklərimizi əlavə etməklə,  buradakı yaradıcı mühitin, tələbələrin daşıdıqları istedadın daha da şölələndirilməsinə yönəldildiyini söyləməliyik. 
 
 
        Kifayət qədər zənginliyi ilə seçilən bu sərgidə yaradıcı təxəyyülün anındaca qanadlandırılmasının bədii ifadəsi kimi çıxış edən layihə və eskizlərdə davamlı və səmərəli müəllim-tələbə əməyinin nəticəsi ürəkaçan və ümidvericidir. Bütün gördüklərimizin tələbələrin memarlıq və inşaat sənətinin bədii-texnoloji  incəliklərilə cəmisi üç illik tanışlıqdan sonra  ərsəyə gətirildiyini də nəzərə alsaq, onda əminliklə, hər bir yaradıcılıq nümunəsində müəlliflərin estetik tutumu özünəməxsus olan bədii potensiala malik olduqlarının müşahidə olunduğunu söyləməliyik. Əgər bütün bunların, qəbul imtahanları zamanı digər ali təhsil ocaqlarında eyni fakültədə oxuyan tələbələrdən fərqi olaraq, heç bir yaradıcılıq sınağından keçməyənlər tərəfindən gerçəkləşdiyini də fakt olaraq qəbul etsək, onda bu fakültədə memarlıq və dizayn təhsili metodikası prinsiplərinin yüksək səviyyədə həyata keçirildiyini  etiraf etməliyik. Yeri gəlmişkən deyək ki, Azərbaycanın Respublikasının Əməkdar memarı, professor Sabir Orucovun rəhbərlik etdiyi  memarlıq və inşaat mühəndisliyi kafedrasında sənətin incəliklərini tələbələrə təcrübəli pedaqoq, dosent Vaqif Məmmədov (layihələndirmə, tərsimi həndəsə), Mukrus Forouzandeh (layihələndirmə) Nazim Mahmudov (şəhərsalma)), Arzu Məmmədova (dizayn) və Lalə Sadıqova (rəsm) öyrətməklə məşğuldurlar.
 
 
        Haqqında söz açdığımız hesabat-yaradıcılıq sərgisinin özəlliyi, mövcud-müasir bədii-texniki vasitələrlə hər bir tikilinin funksionallığını onun  səmərəliliyinin əldə olunmasına yönəldilməsidir. Bu yöndə gələcək memarların ənənə və müasirliyin qovşağına bələnmiş forma-biçimləri yerli şəraitə uyğunlaşdırmağa səy göstərmələri də diqqətçəkəndir. Bu layihələrin ümumi estetikasında bəşəri və milli memarlıq ənənələrindən yaradıcılıqla faydalanmanın uğurlu nəticələrini görmək mümkündür. Qənaətimizcə, onların hər birinin respublikamızın müstəqillik illərində duyulası dərəcədə yeniləşən və inkişaf edən yaşayış məkanlarında tətbiqinin həyata keçirilməsi, yəqin ki, yetişməkdə olan gənc memarların öz yaradıcı potensialının daha da genişləndirilməsinə inamlarını artırmış olardı.
 
 
        Haqqında söz açdığımız sərginin universitetin təhsil korpusunun geniş dəhlizini və divarlarını bəzəyən ekspozisiyasında I-III kurs tələbələrinin memarlıq və dizayn sahəsində verilən tapşırıqlara cavab olaraq ərsəyə gətirdikləri eskiz-layihələr göstərilir. Onlarda müşahidə olunan bədii təxəyyül zənginliyi ilə yanaşı, forma-biçim orijinallığını şərtləndirən çeşidli materiallardan məntiqlə istifadənin yaddaqalan nəticələrini görmək mümkündür. Tələbə-memarların elə təhsilin başlanğıcında eyni mövzuya bir-birindən fərqli və maraqlı bədii münasibət göstərməyi bacardıqlarını Azərbaycanın məşhur kristalloqraf alimi Xudu Məmmədovun xatirəsinə həsr olunmuş yaradıcılıq mərkəzinin model-layihəsində ifadə etmələri bunun təsdiqidir. Aytən Bağırova, Aytəkin Əlizadə və Tükəzban Məmmədlinin, eləcə də Almas Müseyibova və Mirəli Rəhimovun  Xudu Məmmədov ünvanlı müxtəlif biçimli modellərində gənc memarların məlum bədii-texniki  təcrübədən yaradıcılıqla faydalanmaqla, görkəmli alimin milli dəyərlərimizin öyrənilməsinə bəxş etdiyi yeni və orijinal fikirlərini özünəməxsus formada memarlıq tutumuna ifadə etmək potensialına malik olduqlarını sərgiləmişlər. 
I kurs tələbəsi Daşdəmir Bayramovun hazırladığı "Ticarət mərkəzi” modelində də funksionallığı, müasir tələblərə cavab verən memar düşüncəsinin nəticəsi ilə qarşılaşırıq.             
 
 
        Memarlığın həyatımıza indiki güclü nüfuzetmə dövründə hər bir yeni tikilinin məkandakı mövcud olanları nə dərəcədə əvəzləyə bildiyi, duyulası əhəmiyyət kəsb etməkdədir. Bu da yetişməkdə olan gənc memarların şəhərsalma problemlərinə kompleks şəklində yanaşmalarını bir yaradıcılıq vəzifəsi kimi onların qarşısında durmasını şərtləndirir. Odur ki, universitetin pedaqoq-memarları davamlı olaraq tələbələrə bu önəmli məsələnin bədii-texniki özəlliklərini aşılamağa çalışırlar. Bu səylərin ilk uğurlu nəticələrini artıq hesabat-yaradıcılıq sərgisində görmək mümkündür. I kurs tələbəsi Seymur Xəlilovun "Yaşayış məhəlləsi”,   II kurs tələbələri Cavidan Fərmanovun "Məhəllə”, Nərgiz Davudzadənin "Gül pavilyonu”, Səbirə Qurbanova və Mədinə Dibirovanın "İkimərtəbəli fərdi yaşayış evi”, İlahə Kərimlinin "Mikrorayonda məhəllə”, Mahmud İbrahimli, Giləxanım Süleymanlı, Gülnar Yolçuyeva, Gülpəri Cavadova, Rüstəm Rüstəmli  və Nigar Əsədovanın bir-birindən fərqli olan "Orta məktəb” layihələrini dediklərimizin əyani təsdiqi saymaq olar.
        Bu gün həyatımızın hər bir sahəsində dizaynın təsirinin və rolunun çox əhəmiyyətli olduğunu vurğulamaqla, universitetdə bu sahədə yeni kadrların hazırlanmasına da xüsusi diqqət yetirildiyini söyləməliyik. İndiki dövrdə hər kəsin yalnız gördüyü yaxşı formaya-görkəmə və rəngə, daha  rahat istifadəyə uyğun gələn müxtəlif funksiyalı mallara və əşyalara meyl göstərməsini təbii saymaq olar. Alıcı həm də aldıqlarının bütün mənalarda müasir olmasını arzulayır. Bakı Mühəndislik Universiteti tələbələrinin ilk yaradıcı təcrübələrinin nəticəsi olan müxtəlif əşya layihələri göstərir ki, buradakı təcrübəli rəssam-pedaqoqlar öz tələbələrini - gələcək dizaynerləri məhz bu ruhda yetişdirirlər. Bu mənada tələbələrdən Gülər Niyazova, Əlixan Səmədzadə, Rəhim Abdullayev, Aynur Nəsirova, Elvin Abdullayev, Bəylər Qurbanov, Jalə Səmədova, Əziz Həsənbəyli, Nərmin Talıbova, Səkinə İlyasova, Zemfira Hüseynli, Nəzrin Qurbanova və b. hazırladıqları müxtəlif funksiyalı əşyaların forma-biçiminin, daşıdığı estetikanın duyulası müasirliyinə bələndiyi adi gözlə belə görünəndir.  Hiss olunur ki, ərsəyə gətirilənlər gənc dizaynerlərin davamlı və gərgin axtarışlarının nəticələridir. Onların hər birində müəllifin özünəməxsusluğun ifadəsinə yönələn istedadı duyulmaqdadır. 
Sərgidə gördüklərimizi ümumiləşdirməli olsaq, deməliyik ki, yaradıcılıq sahəsində fəaliyyət göstərən hər bir tələbədə istedadı üzə çıxarmaq, bəlkə də azdır, bu istedad alovunu həm də şölələndirmək lazımdır. Bax,  elə Bakı Mühəndislik Universitetində olduğu kimi...
Ziyadxan Əliyev,
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor
 
 
 
                
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917