• cümə axşamı, 25 aprel, 06:32
  • Baku Bakı 14°C

İstedad

09.01.14 09:55 2352
İstedad
Xalq artisti, görkəmli aktyor İlham Namiq Kamalın 65 yaşı tamam olur və onun 45 illik sənət yolu barədə bu yazını qələmə almamışdan öncə bir ad axtardım. Elə bir ad ki, 45 illik (bəlkə bir az da çox) yaradıcılıq yolu keçən, bu müddət ərzində öz parlaq sənətçi (aktyor, rejissor, pedaqoq, təşkilatçı) ömrü ilə müasir Azərbaycan teatrı tarixinə iz salan bir insanı layiqincə əks etdirə bilsin. Elə bir ad ki, İlham Namiq Kamalın özünəməxsus fərdi, bənzərsiz aktyor oyununun, onun teatral simasının incəliklərini əks etdirsin, bir sənətçi obrazı canlansın. Nəhayət, yazıya belə bir ad tapıldı: İSTEDAD. Bu ad İlhamın sənətə ilk addımlarını atan gündən səslənib. Əvvəllər bir az tərəddüdlə, necə deyərlər, titrək səslə, amma sonralar bu səs getdikcə gurlaşıb və indi inamla səslənir: İSTEDAD.
İlham Namiq Kamal (İlham Namiq Kamal oğlu Əhmədov) professional səhnədə ilk addımlarından (altmışıncı illərin sonları-yetmişinci illərin əvvəlləri) tamaşaçıların və ümumən teatr ictimaiyyətinin diqqət mərkəzində olub. Mən bir tamaşaçı kimi İlhamın oynadığı rolların əksəriyyətini görmüşəm. Deyim ki, 2008-ci ilə qədər biz tanış deyildik, onun əksər tamaşalarına baxmışdım. Sonra tanış olduq, onu təkcə bir aktyor kimi yox, bir gözəl insan kimi də kəşf elədim. İnsan kimi də o, istedadlıdır.
İlham Namiq Kamal Akademik teatra gələnə qədər «Tədris» teatrında bir çox rollar oynamışdı. Və «Tədris» teatrında İlham dünya dramaturgiyasının, həmçinin milli dramaturgiyamızın ən seçimli nümunələrində özünü sınamışdı və o zaman Azərbaycanın ən irəliçi rejissorlarından biri-Tofiq Kazımov da onun oyununu bəyənmişdi. Ona görə də İlhamın Akademik teatra gəlişi heç bir çətinlik yaratmadı.
Hər bir aktyorun öz siması, öz sifəti və səhnədə özünün yaratdığı portreti olur. Deyirik ki, bu, faciəvi rollar ustasıdır, deyirik ki, bu komik aktyordur, deyirik ki, bu elə bir aktyordur ki, onun üçün fərqi yox faciəviliyin, komikliyin. İlham Namiq Kamalda necə?
Onu aktyor səciyyəsinə görə komik adlandırmaq olar. Doğrudur, İlham sırf dramatik rollar da oynayıb, amma təbiəti etibarilə o, komediya adamıdır. Mən onun yetmişinci illərin əvvəllərindən bu çağa qədər ifa etdiyi bütün rollarını nəzərdən keçirdim, gördüm ki, əksəriyyəti komik plandadır. Baxın bu siyahıya: Qubuş (İlyas Əfəndiyev-«Bağlardan gələn səs»), Hacı Kərim və Hacı Mədinə (C.Məmmədquluzadə-«Ölülər» və «Dəli yığıncağı»), Müsyö Jordan və Dərviş Məstəli şah (M.F.Axundovun «Müsyö Cordan və «Dərviş Məstəli şah»), Tarik Tərlan (Anar-«Adamın adamı»), İran şahzadəsi (İ.Əfəndiyev- «Xurşidbanı Nviəvan»), Pedro (Mirzə İbrahimov («Bəşərin komediyası və yaxud Don Juan»), Camal (S.Rəhman-«Nişanlı qız»), Ziyad müəllim (V.Səmədoğlu-«Yayda qartopu oyunu»), Kişi (Elçin Əfəndiyev-«Mənim ərim dəlidir»), Feyzulla (Ə.Əylisli-«Quşu uçan budaqlar» və s. Bunlar İlhamın Akademik teatrda oynadığı çoxsaylı rolların yalnız kiçicik bir qismidir. Buraya onun Musiqili Komediya teatrında, Dövlət Gənclər teatrında, özünün yaratdığı «İlham» miniatür teatrında, həmçinin Azərbaycan televiziyasında, «Azərbaycanfilim» kinostudiyasının çəkdiyi filmlərdə, «Mozalan» süjetlərində canlandırdığı rolları da əlavə etsək, panorama getdikcə böyüyər, genişlənər. İlhamın oynadığı bir sıra rollar da var ki, onlar ya sırf ya da yarıbayarı mənfi plandadır, yaxud, əksinə, lirik, yumoristik səpgidə olanları da diqqəti cəlb edir. Amma o «komik panorama»da bunlar azlıq təşkil edir. İlham üçün komik situasiyalar yaratmaq, komik vəziyyətləri özünəməxsus şəkildə canlandırmaq elə tələbəlik illərində - «Tədris» teatrında oynadığı illərdə nəzərə çarpırdı. «Tədris» teatrında ən çox yaddaqalan oyunu «Müsyö Jordan və Dərviş Məstəli şah» pyesində dərviş Məstəli şah olmuşdu. Komediyada, obrazın dilində səslənən çətin və anlaşılmaz sözləri, ifadələri elə səlis, elə anlaşıqlı tərzdə (sanki bu sözlər və ifadələr heç uydurma deyilmiş) səsləndirirdi ki, müəllimləri və kurs yoldaşları lap mat qalmışdılar.
İlham Namiq Kamal ənənəyə, əvvəlki sənət məktəblərinə, ustadlara yaradıcı şəkildə yanaşan, onlardan öyrənən, amma təqlid yolunu tutmayan bir sənətçidir. Biz Cahangir Zeynalovu Azərbaycan komik aktyor məktəbinin banisi kimi yad edirik. Onun öz sevimli tələbəsi Mirzağa Əliyevə dediyi bu sözləri xatırlayaq: «Məbadə-məbadə tamaşaçıları güldürməyə çalışasan. Ancaq obrazı düzgün verməyə çalış. Tip və surət düzgün verilirsə, o vaxt öz-özünə gülüş əmələ gələcək». Böyük aktyorun bu fikirləri, əslində, komik teatrın ən zəruri elementlərindən birini ifadə edir: səhnədə varlığı, həqiqəti düzgün ifadə etmək, güldürməkdən daha çox düşündürməyə çalışmaq. Bu meyarla İlhamın yaratdığı komik səpgili obrazlara diqqət yetirsək, onun bu obrazları realist sənət prinsiplərinə və gerçəkliyə uyğun tərzdə canlandırdığının şahidi oluruq.
Əlbəttə, İlham Namiq Kamalın aktyor səciyyəsini sırf «komik» sözüylə məhdudlaşdırmaq da olmaz. Onun oynadığı rollar içərisində öncə qeyd etdiyim kimi, lirik-dramatik səpgidə olanlar da az deyil. KOMİK İLHAM «Unuda bilmirəm»də (İlyas Əfəndiyev) Cəmili oynayır, bu rolda o, ciddidir, tamaşaçıda obraza qarşı məqfi emosiya doğura bilir. Hüseyn Cavidin «Afət» pyesindəki Doktor Qaratay da İlhamın aktyor sərgiləməsində yenidir. Nəbi Xəzrinin «Mirzə Şəfi» əsərindəki Bodenştedt rolu isə o zaman İlhamı sırf komik aktyor kimi tanıyanları xeyli təəccübləndirdi.
Əslində, istedadlı aktyor üçün hər hansı səpgidə rolun heç bir əhəmiyyəti yoxdur. Burada istedad məsələsi başlıca rol oynayır.
İlhamda obrazı «əbədiləşdirmək», yəni onu tamaşaçıların beyninə həkk etmək cəhdləri bəzən uğurlu alınıb. Biz, üstündən illər keçməsinə baxmayaraq onun Xor Dirijoru kimi maraqlı, komik rolu unutmamışıq. Gənclər teatrında «Dadaşbala əməliyyatı» əsərində (Rəhman Əlizadə) Dadaşbala rolunu da İlhamın sənət taleyində bir uğur saymaq olar. Cəmiyyət öz inkişafında yeni bir mərhələ yaşayır, hər şey dəyişir, meyarlar təzələnir və bu dəyişikliyi ən çox Dadaşbala obrazında görmək olar. Gənclər teatrında bu tamaşanın uzun müddət oynanılması da elə İlhamın uğurlu oyununun hesabınaydı. Əgər bu tamaşaya qədər İlham Əntərzadə, Paşa Paşayev kimi «tanınırdısa», bu tamaşa onu «Dadaşbala» kimi də tanıtdı. Daha sonra «İlham» miniatür teatrındakı Don Juan Abşeronskini (Rəhman Əlizadə), «Kişilər» tamaşasındakı (Altay Məmmədov) Hüseynağa bacını da bu sıraya qatmaq olar.
Hər bir istedadlı aktyorun içində bir rejissor mürgüləyir. İlham Namiq Kamal da illər boyu içində o rejissoru yaşadıb. Və illər boyu arzulayıb ki, özünün yaratdığı bir teatr olsun.
Dünya teatr praktikasında ayrı-ayrı tanınmış rejissorların, hətta aktyorların öz teatrı olduğu məlumdur.
Azərbaycan teatr təcrübəsində bizim ən qüdrətli rejissorlarımızın belə öz teatrları olmamışdır. Yalnız müstəqillik qazanandan sonra ölkəmizdə belə teatrların yaranmasına zaman özü şərait yaratdı. Hüseynağa Atakişiyevin Gənclər teatrı, Afaq Bəşirqızının «Bəşir» teatrı və bir də İlham Namiq Kamalın «İlham» miniatür teatrı bu yolda ilk addımlar oldu.
«İlham» miniatür teatrı 1993-cü ildən fəaliyyət göstərirdi. Təxminən on üç il də yaşadı. Özünün repertuar siyasəti və aktyor ansamblı ilə fərqlənə bildi. Fəaliyyət göstərdiyi illərdə özünün tamaşaçı auditoriyasını da yarada bildi. Bu teatr haqqında danışmağa başladılar, orda gedən tamaşalar haqqında yazılar çap olundu. Təbii ki, bu teatrda əsas sima İlham Namiq Kamal idi. O, teatrda tamaşaya qoyulan əsərlərin əksəriyyətinə özü quruluş verirdi ( M.F.Axundzadə- «Müsyö Jordan və Məstəli şah», Anar-«Əl əli yuyar», R.Əlizadə-«Dünyanın axırı», «Don Kixot Abşeronski», «Bəxtimin kələyi», R.Səməndər- «İlhamın sərgüzəştləri», «Başsındıran məsələ», «Novruz», «Hoqqabaz Şaxta babalar» C.Aslanoğlu-«Karnaval yaxud şifonerdə eşq-məhəbbət» və s.). Əsas rolların da bir çoxunu özü oynayırdı . Tamaşalara musiqini əsasən tanınmış bəstəkar Cavanşir Quliyev yazır, rəqslərə Əli Əşari quruluş verirdi.
Orada oynanılan tamaşalar əsasən şən, yumoristik səciyyəli idi. Tamaşaçılar gülməkdən çox düşünürdülər. Axı, hər bir komik, karnaval tipli teatr təkcə güldürmək və əyləndirmək üçün yaranmır. O, həm də öncə zalda güldürə-güldürə düşündürmək missiyasını yerinə yetirir. Bu tamaşaların bir neçəsinə mən də baxmışam. Fikrimcə, Rəhman Əlizadənin «Don Kixot Abşeronski» əsərində İlham dünya ədəbiyyatının bu korifey obrazına «millilik statusu» bəxş edir, obrazı bütün temperamenti ilə əks etdirməyə çalışır və gözlərimiz qarşısında Azərbaycan Don Kixotu janlanırdı. Onun Rafiq Səməndərlə birgə yazdığı «Yorğanına baxıb ayağını uzadan teatr» pyesinin də uğurlu tamaşa həlli haqqında söz açmaq olar. Bu əsərdə klassik qəhrəmanlar - Otello, Leyli və Məcnun, Romeo və Cülyetta, Mehdi Hüseynzadə, Sevil klassik əsərlərdən qopub, bizim ənənəvi təsəvvürlərimizdən sıyrılıb müasir dövrə gəlib çıxırlar. Məqsəd budur, baxıb görsünlər ki, biz necə yaşayırıq, nə ilə nəfəs alırıq, hansı ideallar naminə çalışırıq, onları ucalıq zirvəsinə qaldıran məhəbbət, sədaqət, cəngavərlik, qəhrəmanlıq bu dövrdə də yaşayırmı?
İndi isə istəyirəm 65 yaşlı İlham Namiq Kamal özü danışsın. Ömründən, günündən, keçmişdən, bu gündən, gələcəkdən də.
«Mən İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu il yanvarın 9-da Bakıda anadan olmuşam. Əslimiz isə Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Atam sənətinə görə mühəndis-energetik idi, amma şeiri, musiqini, teatrı çox sevirdi. 31 nömrəli orta məktəbdə heç də pis oxumamışam, amma şuluxçu olmuşam, deyilənə görə gözüm oyur-oyur oynayırmış, əllərim dinc durmurmuş. 9-cu sinifdə oxuyanda tarix müəlliminə belə bir sual verdim: «müəllim, konfransla konqresin fərqi nədədir?» –«Heç dəxli vardı?» Müəllim cavab verə bilmədi, həmin rüb mənə «nizam –intizamı pozduğuma görə» əxlaqdan «2» yazdılar.
Teatr aliminə ilk addımımı Məmmədağa Dadaşovun Oktyabr rayon pionerlər evində apardığı dram dərnəyində atmışam. Məni ora qardaşım Cəfər aparıb (indi tanınmış aktyordur, Xalq artistidir).
Mənə bəlkə yüz dəfə belə bir sual veriblər: «Aktyor olmasaydınız, daha hansı sənəti seçərdiniz?» Mən də həmişə eyni cavabı vermişəm ki: «Aktyor olmasaydım, yenə aktyor olardım!». Mən 1962-ci ildə dram dərnəyinin hazırladığı «Anacan» (Yusif Əzimzadə) pyesindəki Rəcəb roluyla səhnəyə gəlmişəm.
Ailədə məni artist görmək istəmirdilər. Ya ADU, ya APİ deyirdilər. Ona görə də tez-tələsik sənədlərimi verdim Teatr institutuna və daxil oldum.
Mənim bir aktyor kimi-İlham Namiq Kamal kimi yetişməyimdə bir çox görkəmli sənətkarların rolu olub: Adil İsgəndərovun, Rza Təhmasibin, Tofiq Kazımovun və Akademik teatrdakı tərəf-müqabilim olmuş ustad aktyorların, televiziya tamaşalarında qayğısını məndən əsirgəməyən Mailə Muradxanlının, «Mozalan»da zəhmətimi çəkən Ziyafət Abbasovun, daha sonra Hüseynağa Atakişiyevin və bütün gözəl rejissorların…Əgər bu gün xalq məni sevirsə, bu sevgi əbəs deyil. O adlarını çəkdiyim və çəkmədiyim gözəl insanlar bu sevgi üçün mənə qanad veriblər. Mən də eyni məhəbbətlə öz xalqımı sevirəm-hər dəfə şənimə alqış səsi ucalanda, bu alqışları özümdən çox, Azərbaycan teatrına aid edirəm.
Xoşbəxtəm ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin imzası, dəst-xətti ilə Respublikanın Xalq artisti, möhtərəm prezidentimiz İlham Əliyevin fərmanı ilə «Şöhrət» ordeninə və prezident təqaüdünə layiq görülmüşəm».
Vaqif YUSİFLİ
banner

Oxşar Xəbərlər