• cümə axşamı, 28 mart, 12:46
  • Baku Bakı 16°C

İstanbulda Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq

23.09.13 15:49 1268
İstanbulda Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində "Qarabağ Təbliğat Turu" çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, QAT təmsilçiləri və Azad Qarabağ Uğrunda Alyansın nümayəndələri İstanbulun Bəylikdüzü bələdiyyə başqanı Yusuf Uzun ilə görüşüblər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı durumu, Dağlıq-Qarabağ münaqişəsi barədə müzakirə aparılıb. Bələdiyyə başqanı Xocalı soyqırımına dair abidənin qoyulmasını, Türkiyənin müxtəlif şəhərlərində Qarabağ həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması baxımından silsilə tədbirlərin təşkil olunması, bu sahədə ölkələr arasında QHT-lərin birliyi məsələsini önə çəkib. O bildirib ki, Türkiyə və Azərbaycan arasında bir bağlılıq olmasına baxmayaraq, münasibətlər istənilən səviyyədə deyil: “Bir-birimizi daha çox anlamağa, sevincləri paylaşmağa ehtiyacımız var. Qarabağ münaqişəsi ilə yanaşı, bəzi problemlər var ki, onların həllində dövlətlərarası münasibətlər yetərli deyil. Bu sahədə xalqların yaxınlaşmasına, birliyinə ehtiyac var”.
Y. Uzun bələdiyyə Məclisində keçiriləcək müzakirələrdən sonra Bəylikdüzü ərazisində fevral ayınadək Xocalı soyqırımına aid abidənin ucaldılacağını vurğulayıb.
QAT sədri Akif Nağı isə qeyd edib ki, keçirilən görüşlərdə məqsəd Türkiyə ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində fəallığını artırmaq və bu istiqamətdə QHT-lər arasında müəyyən işlərin görülməsidir.
Sonra nümayəndə heyəti İstanbulun Küçükçəkməcə bələdiyyə başqanı Əziz Yeniay, Küçükçəkməcə kaymakamı (icra başçısı) Orhan Öztürk ilə görüşüb. Görüşün nəticəsi olaraq dekabr ayında Türkiyədə “Türk dünyası və Qarabağ münaqişəsi” mövzusunda konfransların təşkil olunması qərara alınıb.
Sonda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün İstanbulda yerləşən ev muzeyi ziyarət olunub.
banner

Oxşar Xəbərlər